«BP-Azerbaijan» şirkətindən ölkə başçısı İlham Əliyevin ittihamlarına cavab verilib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib. «APA-ECONOMICS»ə bildirib:
«Biz Azərbaycana tam sadiqik və «Azəri-Çıraq-Günəşli» hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik».
***
Oktyabrın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
APA-nın AzTV-yə istinadən yaydığı məlumata görə, ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən prezident bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb. 9 ayda ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 70 faizi daxili investisiyalardır. İlin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard dollar artıb və hazırda 45 milyard dollardır. Dövlət başçısı 9 ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1,5 faiz, orta aylıq əməkhaqqının 500 dollar, orta pensiyanın 190 dollar olduğunu deyib. İndiyədək ölkədə 1 milyon 100 min yeni iş yerinin açıldığı, ildə 188 məktəbin tikildiyi, 103 məktəbin əsaslı təmir edildiyi vurğulanıb.
Ölkədə ümumi sənaye istehsalının son illərdə azaldığını deyən prezident İ.Əliyev bu prosesin ilin 9 ayında da müşahidə olunduğunu bildirib və bunun səbəbləri barədə danışıb. Daha sonra dövlət başçısı bp neft şirkətini kəskin tənqid edib. O, neft hasilatının azalmasına görə bp-ni sərt tənqidlərə məruz qoyub. Deyib ki, neft hasilatı sahəsində müşahidə olunan bu vəziyyət bp-nin yanlış proqnozları üzündən yaranıb. bp-nin və onun başçılıq etdiyi konsorsiumun Azərbaycanda neft-qaz hasilatından və satışından indiyədək 72 milyard dollar gəlir götürdüyünü nəzərə çatdıran prezident şirkətin bir neçə ay qabaq verdiyi vədi yerinə yetirmədiyini də vurğulayıb.