Adı ürəklərdə olan adam

Yalçın İmanovun 45 yaşına sözardı

Onun ad günüydü, hamı xoş sözlər yazırdı, ürəyindən keçəni sözə çevirməyi bacarmayanlar belə. Anlaşılandır. Hamı söz sərrafı deyil axı. Hamı ürəyindən keçəni deyə bilməkdə, yazmaqda usta, ustad deyil; onun kimi.

Onu nə vaxtdan tanıdığımı xatırlamıram. Bu sahədə yaddaş problemim var. Ancaq bunun 100 il olduğunu da deyə bilərəm. Şübhəylə yanaşanlar yaddaşsızlığıma bağışlayıb üstündən keçərlər…

Mənə elə gəlir ki, tariximiz ötən əsrin sonlarından – xalq hərəkatından, özümüzü dərk edəndən sonra başlayır. Ondan qabaq quldarlıq dövrü olub. 1970-1980-ci illər, o əzablı illər, xatırlamaq istəmədiyim günlər yaddaşımda belə qalıb.

80-lərin sonlarından, xalq hərəkatı başlayandan bəri çoxları ilə yaxın, bir yerdə olmuşam. Birgə mübarizə aparmışıq. İndi çoxlarına adi görünə bilər, ancaq o zaman biz özümüzü mübariz sayırdıq, çarpışırdıq, vuruşurduq, gücümüz yetən qədər vətənin müdafiəsində dayanırdıq, şərə qarşı mübarizə aparırdıq. Bəzən sədəlövhcəsinə. Hər odlu-alovlu çıxışa aldanırdıq. Bu çıxışçıların kimlərinsə adamı olmağı, nəyinsə qarşılığında özünü “oda-közə atması” ağlımızın ucundan belə keçmirdi. Hamıya bir gözlə baxırdıq. Biz 20 Yanvardan keçmişdik. Xalqın bir olduğu, birgə mübarizə apardığı, birinin dərdini elin dərdi bildiyi çağlardan keçmişdik. Onda nə yalaqlıq, nə yaltaqlıq, nə də təmənnalı sevgi görürdük; bəlkə də vardı, ancaq biz saf, işıqlı gənclər idik, elə şeyləri görmür, görə bilməzdik. İdeallarımız başqaydı…

Aradan illər keçdi. Zaman nehrə kimi çalxalandı, yağ yağ üstə çıxdı… ayranlıqlardan indinin özündə belə danışmaq istəmirəm. Onların mayası haramla yoğrulduğuna görə çoxlarının ironiya ilə xatırladığı qatıq belə ola bilmədilər…

Sonra tale bizim yolumuzu “Azadlıq”dan saldı. Demokratiyanın ilk qaranquşlarından olan “Azadlıq” qəzetindən. Orada da neçə il bir yerdə çalışdığımızı bilmirəm, yenə yaddaş zəhrimar xatırlatmağa yer qoymur. Ancaq qarşılıqlı sayğımız həmişə olub, harada işləməyimizdən asılı olmayaraq. Mən elə yerimdə qalmışam, onun iş yerləri dəyişkən olub; yazar, yaradıcı adam, şair, yazıçı, publisist kimi. Bir şeyi bilirəm ki, heç vaxt ürəyinin pıçıldadığının əleyhinə getməyib, ürəkdən gəlməyən heç nə yazmayıb; özü haqsızlıqlarla üzləşsə belə… İnsan, onun haqqı, ədalət əsas prinsiplərindən olub. Bəlkə elə bu ilahi ədalətlərə inam onu jurnalist peşəsini dəyişməyə məcbur edib.

Artıq uzun illərdir vəkilliklə məşğuldur, haqqı, hüququ pozulanların yanındadır. Təmənna güdmədən, qarşılıq gözləmədən. Elə bu təmənnasız xidmətin, müdafiəsində durduğu günahsız adamların dərdini öz dərdi bildiyindən, vəkillik peşəsinin şərəfini hər şeydən uca tutduğundan bu gün arzuolunmaz şəxsə çevrilib. Onun müdafiəsinə ehtiyacı olan adamların hüquqlarını qorumaqdan uzaqlaşdırılıb; qanunların qanunsuz olaraq qanun adına sırındığı ölkədə…

Adı ürəklərdə olan adamı hardansa, nədənsə uzaqlaşdırmaq düşüncəsində olanların halına acımaqdan başqa əlimizdən heç nə gəlmir.

Doğum günün, yubiley yaşın mübarək, sayğılı vəkilimiz!

Haqq nazilər, üzülməz – deyib atalarımız. Bizi çox üzdülər, naziltdilər, ancaq qıra bilmədilər. Tellərimiz möhkəmdir!

Rövşən Hacıbəyli