«Ölkə başçısının parlamentlə razılaşdırmadan ayırdığı vəsaitlərin taleyi sonacan məlum olmur»
Eyni məktəb, fərqli məbləğ
Bu ayırmalarda başqa maraqlı məqam eyni məqsədlər üçün verilən vəsaitlərdəki fərqdir. Ehtiyat Fonddan ayrılan vəsaitlərdə belə “anlaşılmazlıqlar” çoxdur. Məsələn, Yasamal rayonunda 1 saylı Şuşa məktəbinin (360 şagird yerlik) tikintisi üçün (14 sentyabr 2011-ci il sərəncamı) 1,5 milyon manat ayrılıb. Başqa bir sərəncamla (20 aprel 2011) Badamdarda 800 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçasının tikintisinə 2 milyon manat ayrılıb. Bu fərqin izahı varmı?
Biləcəridə parkın abadlaşdırılmasına da 1 milyon manat, 640 yerlik məktəbin tikintisinə də 1 milyon manat ayrılır. Suraxanı (Bülbülə) və Nizami (Keşlə) rayonlarında 640 şagird yerlik məktəbin tikintisinə də 2 milyon, Qobustanda 800 şagird yerlik məktəbin (330 saylı) tikintisinə də 2 milyon manat vəsait ayrılır. Maraqlıdır ki, 800 şagird yerlik bu məktəbin açılışında bildirildi ki, burada 48 sinif otağı var. Bu da o anlama gəlir ki, məktəb 960 şagird yerlikdir. Görəsən hesablamalar necə aparılır?
Iqtisadçı Rövşən Ağayev hər şeydən əvvəl məktəb tikintisində layihələrlə bağlı problemlərin olduğunu, məktəblərin bəzilərinin görünüşcə muzeyi, bəzilərinin şadlıq evini, restoranı xatırlatdığını deyir. Onun fikrincə, məktəb elə ilk baxışda məktəbə bənzəməlidir.
– Azərbaycanda tipik model əsasında məktəb binalarının tikilməsi təcrübəsi yoxdur. Halbuki Nazirlər Kabinetinin müvafiq qərar əsasında mərtəbələrin, sinif otaqlarının və şagirdlərin sayından asılı olaraq məktəb binalarının unifikasiya olunmuş layihələri təsdiqlənməli, hətta onların fasadlarının, qapı və pəncərələrinin, damlarının vahid forması olmalıdır. Son illər üzəri alkapon adlanan tikinti materialı, ağ bahalı daşlarla bəzədilmiş məktəblərə rast gəlmək olur. Belə şəraitdə müqayisəli təhlil əsasında vəsaitlərin nə dərəcədə səmərəli istifadəsi, xərcləmələrin şişirdib-şişirdilməməsi faktlarını dəqiqləşdirmək istiqamətində ictimai monitorinqləri çətinləşdirir.
Dövlət investiya xərclərində məktəb tikintisi də nəzərdə tutulur və bu məqsədlə Təhsil Nazirliyinə büdcədən pul ayrılır. Nəyə görə Prezident Fondundan da bu sahəyə vəsait ayrılmalıdır? Təhsil Nazirliyinin sərəncam verdiyi investisiya xərclərinin bölgüsüÿbudget.azÿsaytında yerləşdirilib. Baxırıq ki, 2011-ci ildə Təhsil Nazirliyi Beyləqanda 3 saylı məktəb üçün bina (360 şagird yerlik) tikib. Bu məktəbin xərci 767,3 min manat olub. Yasamal rayonunda Şuşa məktəbinin (bu məktəb də Beyləqandakı kimi 360 şagird yerlikdir) tikintisinə Prezidentin Ehtiyat Fondundan 1,5 milyon manat ayrılıb. Şagird sayı eyni olsa da, Bakıda tikilən məktəbə Beyləqandakından iki dəfə çox vəsait ayrılıb. Bunun izahı varmı? Nəzərə alsaq ki, tikinti materiallarının çoxu Beyləqana Bakıdan göndərilib. 360 şagird yeri 18 sinif otağı deməkdir. Bu isə o deməkdir ki, hər sinif otağı 83,3 min manata başa gəlib.
Maraqlıdır ki, Nazirlik Qobustanın Təklə kəndində 220 şagird yerlik məktəbi 818,8 min manata tikib. Bu, 11 sinif otağı deməkdir. Kobud hesablama aparsaq, belə çıxır ki, hər sinif otağı 75,5 min manata başa gəlib. Aydındır ki, əlavə tikililər – idman zalı, qazanxana və s. də bu məbləğin içindədir. Ancaq istənilən halda məbləğ çox şişirdilib. Həm də nəzərə alaq ki, tikinti materiallarına Beyləqanda çəkilən xərclə Qobustanda çəkilən xərc arasında fərq müqayisəyə gəlməz. Başqa müqayisələr də var.
Məsələn, bir neçə il qabaq ABŞ səfirliyi Əzizbəyov rayonunun Yeni Qala qəsəbəsində 400 şagird yerlik məktəbi 300 min dollara tikmişdi. 2009-cu ildə ABŞ səfirliyi Ağcabədidə 13 sinif otağı (260 şagird yerlik) olan məktəbi 500 min manata tikib. Yaponiya səfirliyinin ayırdığı qrant vəsaiti ilə tikilən məktəblər də beləcə dəfələrlə ucuz başa gəlib…
Ehtiyat Fonddan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də az da olsa vəsait ayrılır. Bu, əhalinin içməli su ilə təmin olunması üçün modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına xərclənir. Bir çox rayonlarda həmin işlər görülsə və sutəmizləyici qurğular quraşdırılsa da, belə mənzərələrlə də tez-tez qarşılaşmaq olur.
2010-dan iki yarpaq
Məsələn, ehtiyat fonddan Təhsil Nazirliyinə 4 milyon manat vəsaitin ayrılmasına baxaq: “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” və “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə…”. Dövlət Proqramı var, onun icrası üçün vəsaiti ayrıldığı şübhəsizdir. Bəs icranın sürətləndirilməsi nə deməkdir? Iqtisadçı-ekspert Rövşən Ağayevdən bunu izah etməsini istədik.
– Əslində istənilən dövlət proqramının, o cümlədən, regionların inkişafına dair hökumət proqramının maliyyə ehtiyacları, xərc çərçivələri bu sənədlərdə dəqiq müəyyən olunmalıdır. Ola bilər ki, inflyasiyaya uyğun olaraq hər il müəyyən korreksiyalar aparılsın, amma baza məbləğlər dəqiq əsaslandırılmaqla müəyyən edilməli, həmin xərcləmələrin mənbəyi də proqramda dəqiq əks etdirilməlidir. Başqa tərəfdən, hətta Prezident Fondundan regionların inkişafına vəsaitin ayrılması qaçılmaz zərurət olsa da, həmin xərclərin dəqiq təyinatı müvafiq sərəncamlarda dəqiq əks etdirilməlidir. Bizim təcrübəmizdə isə adətən ümumi şəkildə göstərilir ki, hansısa rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə filan məbləğdə vəsait ayrılsın.
Problem ondadır ki, büdcənin icrasına dair parlamentə təqdim olunan illik hesabatlarda Prezident Fondundan xərcləmələrə dair əlavə bölmə olmur. Belədə ölkə başçısının parlamentlə razılaşdırmadan ayırdığı vəsaitlərin taleyi sonacan məlum olmur. Bu cür qeyri-şəffaf xərcləmə mexanizmlərinin nəticəsidir ki, bir çox hallarda həmin vəsaitlər hesabına həyata keçirilən layihələr keyfiyyətsiz icra olunur və ictimai fayda gətirmir. Məsələn, medianın və QHT-lərin apardığı araşdırmalar göstərir ki, 2006-2011-ci illər ərzində milyonlarla manat vəsaitin xərcləndiyi 2 mühüm regioanl layihə iflasa uğrayıb. Belə ki, Beyləqan rayonunun Milabad qəsəbəsində şoranlaşmanın qarşısını almaq üçün dren kanalın qazılması, həmçinin Ağcabədinin Aran və Qaradolaq kəndlərinin içməli su təminatının yenidən qurulması ilə bağlı layihələr keyfiyyətsiz həyata keçirildiyindən əhali onların xeyrini görə bilməyib.
ÿBaşqa bir Sərəncama diqqət yetirək: “Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında başa çatdırılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhər Icra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın”.
“Başa çatdırılan işin tamamlanması…” nə deməkdir? Ola bilər kimsə bunun üstündə saatlarla, günlərlə, aylarla baş sındırsın. O məntiqlə ki, iş başa çatıbsa, deməli, tamamlanıb. Ancaq bunun açması Xədicə Ismayılovanın jurnalist araşdırmasından sonra bəlli oldu; Bayraq Meydanını Ailənin şirkətinin tikdiyi ortaya çıxanda…
Rövşən Hacıbəyli
azadmekan.org