“Bu o deməkdir ki, Gülər Əhmədova işi açılmayacaq”

mehriban vezir-yeni“Seçki korrupsiyasının müəllifi bu hakimiyyətin özüdür”

Mehriban Vəzir: “Kürü diplomatiyası”nın ifşası Azərbaycanda demokratiya uğrunda mübarizənin pozitiv perspektivindən xəbər verir”

Elşad Abdullayevlə Gülər Əhmədova arasındakı söhbətin daha bir hissəsinin videogörüntüsünün yayılması hakimiyyətin korrupsioner fəaliyyətini yenidən çılpaqlığı ilə ortaya qoydu. Əslində, yayılan materiallarda Azərbaycan cəmiyyəti üçün yeni olan, insanlarımızı təəccübləndirəcək heç nə yox idi. Çünki bu ölkədə uşaqdan böyüyə hamı seçkilərin necə keçdiyini yaxşı bilir. Bununla belə, həmin video-materiallar hakimiyyətin seçkiləri saxtalaşdırdığı, dövlət vəzifələrini pulun müqabilində satdığı barədə deyilənləri, yazınları təsdiqləmiş oldu. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzirlə söhbətimizə də elə bu mövzudan başladıq:

– Biz bilirdik ki, hakimiyyətdə müxtəlif qruplaşmalar və qruplaşmalararası pay bölgüsü var. Ölkəmizin sərvəti, mülkiyyəti, regionları, məsul vəzifələri, hətta parlamentin üzvləri belə, bu qruplaşmalar arasında pay-puş edilib. Bu rüsvayçılıq kulisarxası söhbətlərdə bütün detalları ilə danışılır. Uzun müddətdir ki, toplantılarda, mətbuatda  müzakirəyə çıxarılır, yazılır. Bir sözlə, ictimaiyyət məlumatlıdır və bu mənada yayılan görüntülərdə səslənən fikirlər “yeni xəbər” deyil.
Bununla belə, bu iki videonun ortaya çıxması ümumxalq  ehtimallarının təsdiqidir. Indiki mərhələdə yenilik bundan ibarətdir ki, ehtimallar, dedi-qodular, yəni, bütün bildiklərimiz, bəzən də eşidəndə kəskinliklə “Ola bilməz!”, – deyə düşündüyümüz bu videolarla təsdiqini tapdı.

– Gülər Əhmədova ilə bağlı yayılmış ikinci videoda açıq şəkildə bildirilir ki, 2005-ci il seçkilərində məmurların və prezident ailəsinin ayrıca deputat siyahısı olub. Hakim partiyanın Siyasi Şurasında təmsil olunan şəxsin bu cür etiraflarından sonra hansı addımlar atılmalı idi?
– Demokratik ölkələrdə bu kimi (hərçənd, demokratiyada beləsi mümkün deyil) gizlinlərin üstü açılırsa, dərhal istefalar olur. Bu istefaları zəruri edən isə güclü ictimai qınaqdır. Ictimai qınaq qasırğa kimi vurub yıxır və hakimiyyətlər cəmiyyətlə hesablaşmaq zorunda qalır. Amma Azərbaycandakı kimi zorakı idarəetmələrdə hakimiyyət xalqı saymır. Xalqın cibinə girir, sərvətini dağıdır, tərəqqisini, elmini, təhsilini məhv edir. Belə pis işlərlə məşğul olan hakimiyyətin təbii ki, ictimai qınaq-filan vecinə deyil.  Bu cür hakimiyyətlərin işi bu kimi əməllərin açıb ağardılmasının, ictimailəşdirilməsinin qarşısını almaqdır. Hakimiyyət nəzarət mexanizmidir. Əgər əyri işlərlə hakimiyyətin özü məşğul olursa, təbii ki, gərəkən və gözlədiyimiz addımlar atılmayacaq.

“Gülər Əhmədova işi açılmaya bilər”

– Gülər Əhmədova olayının parlamentdə müzakirə olunmaması nəyi göstərir?
– Həm hazırkı, həm də ötən parlamentdə Gülər Əhmədova olayının ənənəvi olduğunu dəqiq bilən 124 nəfər var. Onlar bu işin içindədirlər, xalqdan da, ictimaiyyətdən də, müxalifətdən də daha çox məlumatlıdırlar. Hər biri  parlamentə necə düşdüyünü, başçısının və seçicisinin kim olduğunu, hansı qruplaşmanı təmsil etdiyini daha yaxşı bilir. Deməli xalqın, dövlətin başına açılmış bu bəlada onların hər biri iştirakçıdırlar.
Əlbəttə, orada milyonsuz oturanlar da var. Amma onların da seçicisi xalq deyil, həmin videolarda adları çəkilənlərdir. Bu baxımdan, təbii ki, mövzu parlamentdə heç kəs üçün ürəkaçan deyil.
Digər tərəfdən, onların birincisindən tutmuş, 124-cüsünə qədər heç birinin Güləri ittiham etməyə haqqı çatmır. Onlar nə üzlə Güləri ittiham edə bilərlər? Xalq deməzmi ki, hamınız eyni bezin qırağısınız…
Amma bir məsələ də var ki, “daş-qalaq komandası” olmadı. Belə bir təhrik olsaydı, xalqdan abır etmədən danışanlar çox olardı. Məncə, deputatları bu olayda xilas edən də belə bir əmrin olmamasıdır. Həm də bu olay Gülər olayı deyil axı… Bu sistemin, rejimin simptomudur. Görünür, yuxarılarda bunu başa düşənlər və başa salanlar oldu ki, parlament bu dəfə də sifarişlə susdu.

– Baş prokurorluq bu işin dövlət başçısının nəzarətində olduğunu bildirir. Bundan əvvəl də qalmaqallı cinayət işlərinin prezidentin nəzarətində olduğu bəyan edilsə də, onların açılması istiqamətində elə bir irəliləyiş olmayıb. Sizcə, bu dəfə fərqli nəticə ola bilərmi?
– Bu kimi bəyanatların bizə verdiyi təcrübəni və bilikləri  nəzərə alsaq, o deməkdir ki, Gülər Əhmədova işi açılmayacaq. Yəni, gözünüzü çəkin.

“Bu hakimiyyətin siyasi idarəetmə mədəniyyəti yoxdur”

– Hakimiyyət müxalifətçilərə qarşı qanunun sərtliyindən həmişə istifadə edib. Məsələn, zərərçəkmiş tərəf şikayətçi olmadığı halda, gənc müxalifətçi fəal Nigar Yaqublu yol qəzasına görə həbsdədir. Amma Gülər Əhmədovaya qarşı nədənsə, qanun bu sərtliklə tətbiq olunmur?
– Nigarın təqsiri var. Amma Nigar bu işi bilməyərəkdən törədib. Bu, bir qəzadır. Hazırda Nigarın vəkilləri analoji faktların yığılması ilə məşğuldur. Məlum olur ki, bu işlərin 85-90 faizində, hətta şikayət olduqda belə, bu halda həbs-qətimkan tədbiri seçilməyib. Nigara qarşı bu ayrı-seçkilik  onu göstərir ki, vətəndaşlara qarşı diskriminasiya var.
Dövlət böyük bir ailədir. O ailənin başında dayananların övladlarına münasibəti bərabər olmalıdır. Bu bərabərliyi təmin etmək üçün ölkəni siyasi cəhətdən yetkin, ədalətli insanlar idarə etməlidir. Bu qəzanın acısı məhz Nigarın və onun ailəsinindir. Çünki onların yaxın qohumları həyatını itirib. Amma Gülər olayının gətirdiyi daha böyük faciə ilə bağlı tədbir görülmür. Çünki Gülər olayı hakimiyyətin olayıdır. Bu iki hadisəyə belə yanaşma idarəetmədə siyasi mədəniyyətin olmaması və seçki korrupsiyasının müəllifinin bu hakimiyyətin özü olması ilə bağlıdır.

“Aksiyaları yalnız biz deyil, ictimaiyyət də istəyir”

– Ictimai Palata oktyabrın 13-nə aksiya təyin edib. Aksiya ilə bağlı hansı addımlar atılır?
– Ictimai Palatanın bu qərarı verməsinin bir neçə səbəbi var. Yazda Ictimai Palatanın aksiyaları dayandırılmışdı. Qərar verilmişdi ki, bir də aksiyalar payızda başlanacaq.
Amma parlament olayının gündəmi zəbt etməsi “Parlament buraxılsın!” tələbilə aksiyanın keçirilməsini zəruri edirdi. Eyni zamanda, belə bir aksiyanın keçirilməsi istiqamətində bir sosial tələb də var idi. Koordinasiya Şurası tez-tez sosial şəbəkələrdə gedən müzakirələri təhlil edir. Budəfəki təhlil zamanı belə bir qənaətə gəldik ki, aksiyaları yalnız biz deyil, ictimaiyyət də istəyir. Ona görə də oktyabrın 13-nə yürüş təyin etdik.
Aksiyaya tam hazırlıq gedir. Təşkilat Komitəsi var, proses nəzarətdədir. Bu işdə əsas güc Ictimai Palataya daxil olan partiyaların üzərinə düşür. Onlar da hər zamankı kimi çox fədakardırlar.

“Artıq AŞ PA-da ədalətsiz qərar çıxarmaqdan çəkinəcəklər”

– Ictimai Palatanın yaradılmasının bir səbəbi də 2010-cu ildə keçirilmiş parlament seçkilərinin saxtalaşdırılması olmuşdu. Gülər Əhmədova olayı 2005-ci il seçkisinə aid olsa da, ümumilikdə ölkədə seçkiyə yanaşmanı ortaya qoyur. Bu baxımdan qalmaqallı videonun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində hər hansı iş görülürmü?
– Həqiqətən də Ictimai Palatanın yaradılmasının səbəbi parlamentin saxta olması idi. Bu videolarla bağlı artıq nüfuzlu beynəlxalq təşkilatlar məlumatlıdırlar. Jurnalistlər müraciət edir. Çünki həmin videoda ATƏT və Avropa Şurasının da adları hallanır. Əlbəttə, biz əlimiz yetən hər yerə ölkədə baş verənlər barədə məlumat veririk. Eyni zamanda, müşahidə olunur ki, dünyanın Azərbaycanda gedən demokratik proseslərə çox ciddi marağı var. Rejimin “kürü siyasətinə” təpki də bunu ortaya qoydu. Mənə elə gəlir ki, AŞ PA-da yüksək postda oturan adamlar artıq ədalətsiz qərar çıxarmaqdan çəkinəcəklər. Artıq ictimai rəy ondan ibarətdir ki, bu repressiv və anti-demokratik rejimin xeyrinə kimsə hər hansı bir addım atsa, deməli, bu rejimin kürüsünü yeyir.  Bunun özü artıq Azərbaycanda demokratiya uğrunda mübarizənin xeyrinə işləyən amildir. Prosesin bu nöqtəyə gəlib çatmasında müxalifətin, xüsusilə Ictimai Palatanın, gənclərin, hüquq müdafiəçilərinin böyük rolu var. Bu əmək bəzən gözə görünmür və qiymətləndirilmir. Bu əmək bir insanın böyüyüb boya-başa çatmasında valideynin göstərdiyi səssiz fədakarlığa bənzəyir.

“Xətir-hörmətdən keçib artıq…”

– Saakaşviliyə qədər Gürcüstanda kriminal durum Azərbaycandan da acınacaqlı idi. Gürcüstanda demokratiyanın təntənəsinə nail olunduğu halda, Azərbaycan cəmiyyətinin demokratiyaya hazır olmadığı barədə səslənən fikirlər Sizcə nə dərəcədə əsaslıdır?
– Azərbaycanda xalq yox, hazırkı rejim demokratiyaya hazır deyil. Azərbaycan hakimiyyəti zorakı, təqibçi, eyni zamanda, korrupsionerdir. Xalqın cibinə girir, sərvətləri oğurlayır. Bu göstəricilərlə isə demokratiya bir araya sığmır. Xalq necə demokratiyaya hazır olmaya bilər? Vətəndaş iş yeri, rifah, sosial təminat, hüquqlarının qorunmasını istəyir. Vətəndaş bunu istəyirsə, deməli, o həm də demokratiya istəyir və demokratiyaya hazırdır. Amma idarəedən bunu vətəndaşa verə bilmir. Iradəsi və hərisliyi buna yol vermir. Deməli, idarə edənin özü demokratiyaya hazır deyil. Hazırkı hakimiyyətə kifayət qədər vaxt verildi ki, islahat aparsın.  Bu vaxtı iqtidar bir qədər də kürü və rüşvət vasitəsilə uzatdı. Nəticə göz qabağındadır: idarə edə bilmirlər, savadsız, səriştəsiz, qəddar və hərisdirlər.
Azərbaycan iqtidarından Saakaşvili çıxmadı, demokratiyaya keçid edə bilmədi. Gözəl gəlib, gözəl gedə bilmədi. Hələ ki… Amma biz çox istərdik ki, bizdə də keçidlər yumşaq olsun. Bu isə idarəedənlərin şüuruna, mədəni səviyyəsinə bağlıdır.

– Azərbaycan xalqının demokratiyaya hazır olmadığını bəyan etmək Şərqdə ilk demokratik dövlətin banisi olan bir millətə təhqir deyilmi?
–  Bu hakimiyyət xalqı sayır ki, onu təhqir etməkdən də çəkinsin? Xalqın anasını ağladanlar onun xətrinə dəyməkdən çəkinəcək? Xətir-hörmətdən keçib artıq…

Xəyal