Nazir oğlu məlumatı təkzib edən statusunda xeyli səhvlər buraxıb
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıya konsert verməyə gələn dünya şöhrətli müğənni Rihannaya 4 milyon dollar qonorar müqabilində onunla şam yeməyi təklif etməsi barədə məlumatlara münasibət bildirib. Anar Məmmədov “facebook” səhifəsində bu məsələ ilə bağlı belə bir status yazıb: “Bu gün Rianna ilə əlaqəli uydurma xəbərlərdə adım sadalandı. Maraqlı fakt odur ki, xəbər ilk olaraq bu günə qədər heç kim tanımadığı xəbər saytında yayılmışdı və özlərini pəşəkar adlandıran başqa KİV-lər bir anda o naməlum saytın heç bir sübutu olmayan bir məlumatı yaymağa başladılar. Başa düşürəm ki, xəbər qıtlığı yaşanılır və mənim adımın belə kontekstə istifadəsi oxucuları xəbər saytlarına cəlb edəcək. Amma uydurandada hardasa reallığa yaxın olan bir fakt yaratmaq lazımdır.
P.S. Hadisəni mənə qoşanlar görəsən niyə JLo (Cenifer Lopezi nəzərdə tutur) qələndə hənçə yazmadılar?
P.P.S. Maraqlıdır hamilə olan Şakira Bakıya gələndə nə yazacaqlar?”.
***
Anar Məmmədov statusu ingilis əlifbası ilə yazıb. Buna görə də sözlərdəki ə, ö, ü, ş, ğ və ı kimi hərflər ingilis əlifbasına uyğun olaraq yazılıb. Bu baxımdan Anar Məmmədovun statusundakı sadaladığımız Azərbaycan hərflərini yerinə qaytardıq. Lakin nazir oğlunun səhvləri təkcə əlifbadan irəli gələn səhvlər deyil. Statusa nəzər yetirdikdə Anar Məmmədovun xeyli kobud səhvlər buraxdığını görürük. Amma bu statusun nazir oğluna məxsus olduğunu təsdiqləyən vəkili Ruslan Məmmədov onun bütün səhvlərini əlifbanın ayağına yazıb. O, bu barədə “Yeni Müsavat”a bildirib: “Bəli, o fikirlər Anar müəllimə məxsusdur. “İPhone” və “İPhad” istifadəçiləri telefonla hər hansı status yazarkən orada əlifba problemi ola bilər. Ona görə də o jür səhvlərin getməsi təbiidir”. Vəkil Anar Məmmədov haqqında bu cür yazan media orqanlarını qınayaraq bildirib ki, diqqəti statusdakı səhvlərə yönləndirmək qərəzdən xəbər verir. Ruslan Məmmədov həmçinin əlavə edib ki, məsələyə dair geniş açıqlama yayacaqlar.