Telekanallar siyasi cəhətdən bitkin olmadıqları üçün, asılı, gözükölgəli ikən, qərəzli, qüsurlu – bir sözlə yapistləri göstərdikləri üçü məcbur qalıb məlumatları portallardan izləyirəm. Mənim üçün mavi ekran da “youtube.com” sosial şəbəkəsidir. AzTv, ANS, Lider və o biri telekanallarda görmədiyim, ancaq görmək istədiyim hər şeyi olmasa da, çox şeyi tapmaq olur. Youtube.com idealı deyil, “aztvlər sinifi”nə hər yerdə rast gəlindiyi kimi burada da əllərindən qaçmaq mümkün deyil. Sadəcə bu sosial şəbəkənin bir üstün cəhəti var ki, “pultu” əlindədir. İstədiyin vaxtı “search”də ürəyindən keçən mövzunu “sifariş verə bilərsən. Yox əgər ürəyincə deyilsə, bu şəbəkə sənə bir “şans”da verir: BİZİ BƏYƏNMİRSƏNSƏ ÖZÜN ÇƏK, YERLƏŞDİR VƏ BAX!!!
Bu çox gözəl tendensiyadır. Yəni, heç cürə Tağı Əhmədovun sözü olmasın (söz də neft deyil ki, bir qrup adamın olsun – R.D)burcuda bilmirsən. Bir kərə, burcutma, klaviaturaya 10 hərfdən bir nöqtədən ibarət olan sözü yaz, hətta telekanallarda görə bilmədiyin Gülər Əhmədovanın “mandat bazar”lığına ağzısulu tamaşa elə…
Ümidlə ümidsizlik arasında…
Siyasi qəzetdə çalışmağıma baxmayaraq idmana diqqət ayırıram. Daha dəqiq ifadə etsəm, futbolun xəstəsiyəm. “Barselona”nın azərkeşiyəm, ancaq yaxşı “tamaşa”ları gözümdən yayındırmıram. Məşhur bir deyim var: Bizə çörək və tamaşa lazımdır. Çörəyimi siyasi qəzetdə görəvimə uyğun olaraq çıxardıram. Tamaşanı youtube.com vasitəsiylə. Burada ancaq videolar olduğu üçün, izləyə bilmədiyim, yaxud ötən əsrin oyunlarını seyr edirəm. Operativ məlumat almaq üçün isə idman portallarına göz gəzdirirəm. Ən çox baxdım saytlar isə bunlardır – qol.az, fanat.az, futbolpress.az və mundial.az. İnternetdə olanda hər birini nəzərdən keçirirəm.
Əgər ölkədə baş verən siyasi prosesləri onlarla saytadan izləyib məlumata malik olmaq lazımdırsa, idmanda – futbolda bu dörd sayt yetərlidir.
Keflənməyin dərəcəsi…
Bir neçə gün əvvəl futbolpress.az saytının “blok”landığını (You don’t have permission to access / on this server) gördüm. O biri saytlara diqqət yetirdim. Gördüm ki, heç kim bu barədə heç nə yazmayıb. “Yəqin serverində kiçik problem var” deyib “Poçt qutusu”ndakı Vəli Xan kimi “Novruzəli” üçün bir az bikef oldum. Ancaq məsələ bir “az bikef”likdə deyilmiş. Məsələ həddindən artıq ciddi imiş. Ancaq adlarını sadaladığım bu 3 portaldan (qeyd etdiyim kimi biri artıq sıradan çıxıb) yalnız birində problemin mahiyyətini anladım. Mundial.az portalından mənə məlum oldu ki, futbolpress.az saytını “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov dağıtdırıbmış. Xəbərdən belə anlaşılır ki, idman portalının baş redaktoru Elçin Cəlilov “Xəzər Lənkəran”ı bərbad oyuna görə tənqid etdiyi üçün əvvəlcə reklamdan məhrum olub, daha sonra isə hakker hücumuyla üzləşib. Nəticəsi də odur ki…
Əcaba, iki sayt – qol.az və fanat.az saytı bu xəbəri niyə yayımlanmayıblar? Burada nə məqsəd var? “Xəzər Lənkəran”ın futbolpress.az-ın başına gətirdiyi oyunları onlara da yaşatmaqmı? Əgər sonuncu sualın cavabı hədirsə, bəs onda niyə idman meydanına atılmısan. Futbolçuları yaxşı oynamadığına görə, 90 dəqiqə ayaqda duruş gətirə bilmədiyi üçün tənqid edirsənsə, sən özün niyə bir xəbəri verməmək cəsarətində bulunursan? Hansı məntiqə əsaslanır ki, sən “X” adlı futbolçunu tənqid edirsən, “oynaya bilmədin” deyib suçlayırsan ancaq özün bir reklama görə ayaqda qala bilmirsən? Bu, Aristotelin məntiqidir, yoxsa Lütfü Zadənin? Nə səlis, nə də qeyri-səlis məntiq bunu ehtiva etmir. Baxmayaraq ki, qeyri-səlis məntiqdə “hə” ilə “yox” arasında sonsuz sayda cavab var. Ancaq Sizlərin bu məntiqinizdə sonsuz sayın yalnız bir cavabı – YOXu var. Belə olmaz, ərənlər!
Sabah Elçin Cəlilovun başına gətirilənlər, sizdən vaz keçməyəcək. O bir gün rəhbəri olduğunuz sayta da yaşanacaq. Odur ki, durmaq olmaz, yola davamı da tamam kimi yox, elə dava(m) kimi etmək lazımdır.
Yaşadılan örnək
Bəli, anlayıram ki, indiki şərtlər altında işləmək çətindir. Reklam bazarı ölü vəziyyətdədir, sifariş edənin diktəsi ilə oturmaq lazımdır. Ancaq siyasi personanı elə qurmaq, elə formalaşdırmaq lazımdır ki, diktə edən tərəf siz olasınız. Bu gün “Xəzər Lənkəran”ı tənqid etdiyi üçün Elçin Cəlilovun başına gətirilənlər, sabah da sizdən yan ötməyəcək. Deməli, sabah siz də “Xəzər Lənkəran”ı bərbad oyuna görə tənqid edə bilməyəcəksiniz. Axı, o sizə reklam verir!
“Xəzər Lənkəran” başqa klublara bir örnək yaşadır. Halbuki örnəyi məhz siz futbol klublarımıza yaşatmalısınız. Biri gün “Neftçi”, o biri gün “Qarabağ”, daha sonra “Azal”sizə bu aqibəti yaşayatmayacaqmı? Adını sadaladığım və sadalamadığım klubların baş bilənləri deməyəcəklərmi ki, bizi tənqid etdiyiniz üçün rekalam əlvida? Üstəlik, saytınız hakker hücumuna məruz qalmayacaq? Əfsuslar olsun ki, cavab müsbətdir.
Hə, bir də bu yanaşmanızdan belə çıxır ki, 12 klubun hər biri sizə bu hədəylə qorxutsa, geri çəkiləcəksiniz? Belə olan halda oxucular sizin idman portallarınızdan nə oxusun?
Nə etməli?
Ərənlər, çalışın diqtə edən tərəf siz olun. Əks halda məhv olacaqsınız. Korrupsiyalaşımış futbolumuzun bir vintciyində olmayın. Reklamı alın, ancaq müstəqil də olun. Reklamı verib müstəqil olmağa imkan vermirlərsə, onda yeni yollar düşünün. Nə etməli? Bu suala cavab verməyə çalışacam.
Reklam bir marketinq işidir və marketinqə xərclədiyin pulu gəlirlə birgə geri almalısan. Əgər media qurumu reklamın olmamasından şikayətlənirsə reklamçı üçün buna şərait və maraq da yaratmalıdır. Reklam verən bilməlidir ki, yerləşdirdiyi reklam onun məhsulunun satışına təsir edəcək. Bu formada olan strategiya qurulduqdan sonra sizin portalın peşəkar satış menecerləri ilə işləməsi məqsədə uyğun olar.
Gündəlik həyatımızdan adi misal gətirim. Hər birimiz bazarlıq edəndə görürük ki, bir neçə adam eyni məhsulu satır, ancaq hər biri üstünlüklərini sayaraq müştərini cəlb etməyə çalışır. Satış menecerinin də işi bunun daha inkişaf etmiş formasıdır. O, səliqəli geyinir, işi ilə bağlı tam məlumatlanır və müxtəlif istiqamətdə olan bölmələr üçün reklam verənlərlə görüşməyə başlayır. Bu halda o, gedib hansısa bir “X” adlı şirkətə demir ki, biz idmandan yazırıq gəlin reklam verin. O, təklif edir: “Hörmətli “X” adlı şirkət, bizim portalın hədəf qurupu var. Düşünürük ki, bizə reklam vermək sizin üçün üsünlük ola bilər. Çünki bu sizin hədəf qrupunuzdur. Və yaxud Dünya praktikasında, o cümlədən qonşu Türkiyədə bu sistem belə çalışır. Satış menecerləri müxtəif istiqamətlərə dair olan bölmələr üçün reklamçılarla görüşməli, onların diqqətini cəlb etməlidir. Bu tipli reklamlar təbii ki, bir müddət sonra ümumi hədəfə ünvanlanan reklamlar da gətirə bilir. Azərbaycanda reklam bazarında monopoliya olmasını qəbul edirəm, ancaq düzgün reklam siyasəti aparıldığı halda reklamın cəlb olunması mümkündür. Çünki, idman sahəsində korrupsiyanın bir ünvanı var. Siyasi arenada hər tərəf çirkaba bulaşdığı üçün reklam almaq çətindir. Siyasi qəzet ölkə başçısını tənqid etdiyi üçün reklamlardan əlini üzə bilər. Çünki istənilən şirkət İlham Əliyev tənqid olunduğu mediaya reklam verməkdən boyun qaçırır. Ancaq sizin portala hər hansı paltar mağazası reklamı məmuniyyətlə verəcək. Axı, sizin tənqid etidyiniz hədəf bir neçə məmur və klublardır. Burada hakimiyyətdə təmsil olunan şəxslər yoxdur.
İkinci bir variantda var. Bu ianələr hesabına fəaliyyətdir. Öz portalınızın web səhifəsində “İanə” bölməsi yaradaraq bu bölmənin vacibliyini oxucular üçün izah edin və hər məqalənin sonunda da bu bölməyə keçid yaradın. İki-üç aydan bir ictimai kampaniya apararaq insanları bu ianələri verməkdə maraqlandırın. Bu halda daimi oxucular, fəaliyyətini daim izlədikləri idman portalının davamiyyəti üçün ianələr verməyə başalayacaq. Bu da dünya mətbuatının sınaqdan uğurla çıxartdığı nümunələrdəndir. Misallar çoxdur. Yetər ki, istək olsun. İstək olmayan yerdə hər şey sadəliyə, daha rahat və kamforta can atmağa üstünlük verir. Daha çox kamfort arzulamaq isə sonda ya qula, ya da manqurta gətirib çıxarır.
Gerçəklik üçün
Elçin Cəlilovla o qədər yaxınlığım yoxdur. Yayılan bu məlumatın düz olduğunu iddia etmirəm. Ancaq o iddia edir ki, “bu belədir”! Sizin başlıca görəviniz bu iddanı işıqlandırmaq, sonra qarşı tərəfdən mövqe öyrənməkdir. Sizdə nə birinci var, nə də ikinci. Üçüncünü isə axtarmayın – o sizlik deyil!
Sabah, futbolpress.az saytı hakker hücumlarından yaxasını qurtara bilməsə qeyd etdiyi şok faktları – 2007-ci ildə “Xəzər Lənkəran”ın ölkə çempionu olmağında kimlərin rolu olub; Tuyqun Nadirovun hakimlər və yuxarı dairələrin dəstəyini alması üçün klubdan nə qədər pul qoparıb və oradan özünə nə qədər götürüb; klubun saxta, pulla çempion edilməsi; “Birlik kuboku”nun qazanılmasında xərclənən pullar; hakim, oyun al-verinə qoyulan əl; Nadirovun yaxın keçmişdə klubu hansı AFFA məmurlarına satdığı, daxildəki çaxnaşmaların ssenarilərini kimlərdən aldığı haqda məlumatları nə edəcəksiniz? Yaymayacaqsınız? Nə var, nə var “Xəzər Lənkəran” sizə reklam verir?
Çalışın bir az da gerçək olun, gerçəklik naminə…
Oxuduqlarıma və eşidiklərimə görə, Elçin Cəlilov idman mediasında cəsarətli atdığı addımların sayı çoxdur. Tez-tez futbolun “boz kardinal”ı Rövnəq Abdullayevi tənqid etməsi, Berti Foqtsa aftafa qoşması ciddi rezonans doğurub. Həm də bu saytda analitik yazılara çox yer verilir.
Nəsə, hələlik bu qədər!.
Ramin Deko