Sabiq deputat Əli Əhmədova sataşdı; Elşad Abdullayevə Avropa Birliyindən məktub gəldi; Sabiq rektorun Kiprə köçmək istədiyi iddia edildi
Prokurorluq ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı sonuncu video görüntüyə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, son günlər Elşad Abdullayev tərəfindən internet resurslarda yayılmış video görüntülər cinayət işinin materiallarına əlavə olunub və bununla bağlı zəruri prosessual hərəkətlər həyata keçirilir.
Bu açıqlama gülüş doğurur. Çünki Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı hissə-hissə yaydığı videonu tam olaraq hələ bir neçə ay əvvəl prokurorluğa təqdim edib. Prokurorluq heç bir tədbir görmədiyinə görə, Elşad Abdullayev videomaterialı Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova yollayıb. Onun da məsələyə laqeyd yanaşması Elşad Abdullayevi videonu ictimailəşdirməyə məcbur edib. Görünür, prokurorluq bu məsələ ilə bağlı araşdırma aparıldığı barədə rəy yaratmaq üçün belə gülməli açıqlamalar verir.
Gülər Əhmədova Əli Əhmədova sataşıb?
Bu arada sabiq deputat Gülər Əhmədova “facebook” profilində maraqlı status paylaşıb. Həmin statusu təqdim edirik:
“O gün, kefimin pis vaxtında yadıma bir Xoruz Ban Baba düşüb. Nə qədər gülmüşəm, Allah! Elə ağzını təzə açıb bir ağız banladı, nə təhər soxdularsa hinə, heç səsi zadı gəlmir Bizim məhlədə də nə işlər var, nə işlər… Dağlı məhəlləsi belədir də…
Ay pipiyi qan xoruz
Gözləri mərcan xoruz
Sən nə tezdən durursan
Cır səslə banlayırsan
Girməyirsən hininə
Ay üzü mestan xoruz)))”.
“Yeni Müsavat” qəzeti yazıb ki, Gülər Əhmədova bu şeiri YAP-ın icraçı katibi Əli Əhmədova həsr edib. Qəzetin yazdığına görə, hakimiyyət və YAP kuluarlarında Əli Əhmədovun ləqəbi “Xoruz baba”dır (uzun illər öncə bu sözü kimsə deyib və o vaxtdan dildə-ağızda dolaşır). Bu isə Əli Əhmədovun vaxtilə dövlət televiziyasında nağıl verilişləri aparan unudulmaz aktyorumuz Hüseynağa Sadıqovla həm səs tembrinə görə, həm də xarici görünüşcə bənzərliyidir.
Gülər Əhmədovanın Əli Əhmədova sataşmasına gəlincə, bu, YAP-ın icraçı katibinin sabiq deputatın rüşvət videosuna sərt münasibətilə bağlı ola bilər.
Elşad Abdullayev Kiprdən sığınacaq istəyib?
Elşad Abdullayevin isə Strasburqu tərk edərək, Şimali Kipr Türk Cumhuriyyətinə köçməyə hazırlaşdığı barədə məlumat yayılıb. “AzNews.az”ın yazdığına görə, Elşad Abdullayev bu məqsədlə Girnə şəhərinin ən görkəmli yerində villa alıb və onu təmir etdirib. Onun hələ 2011-ci ildən Şimali Kipr vətəndaşlığını almaq üçün bu ölkənin Daxili Işlər Nazirliyinə müraciət etdiyi də məlum olub.
Məlumatda deyilir ki, ŞKTC DIN Elşad Abdullayevin vətəndaşlıqla bağlı müraciətini dəyərləndirmək üçün Azərbaycandakı əlaqədar strukturlara sorğu göndərib. “Öyrəndik ki, bu şəxsin Azərbaycanda bir sıra hüquqi problemləri var. Bakı təmsilçiliyimiz vasitəsi ilə onun haqqında məlumat istədik. Lakin hələ də Azərbaycandan bu şəxslə bağlı hər hansı bir bilgi verilməyib. Azərbaycanda haqqında cinayət işi açılan şəxsə vətəndaşlıq verildikdə o eyni zamanda Türkiyə Cumhuriyyəti vətəndaşı da olacaq və Türkiyə pasportu alacaq. Ümid edirik ki, yaxın zamanda Azərbaycandan Elşad Abdullayevlə bağlı məlumat bizə veriləcək”, – deyə məlumatda Şimali Kipr DIN-nın adı açıqlanmayan nümayəndəsinə istinadən bildirilir.
Məlumata E.Abdullayevin ŞKTC-də aldığı villa adına bu foto da əlavə olunub.
Elşad Abdullayev Avropa Birliyindən məktub alıb
Dünən həmçinin məlumat yayılıb ki, Elşad Abdullayev Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası ərzində Avropa Şurasının rəsmiləriylə görüşlər keçirib.
Görüşlərdə qardaşı Mahir Abdullayevin 9 il əvvəl dövlət resurslarından istifadə edən mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığı və buna paralel olaraq qardaşının tapılmasıyla bağlı fəaliyyətə başladığında rəhbərlik etdiyi ABU-nun qapadıldığı və bənzər məsələlər müzakirə edib.
Brüsseldə Avropa parlamenti və Avropa Komissiyasında da görüşlərdə iştirak edən keçmiş rektor qardaşının oğurlanması məsələsini geniş müzakirə edib və Avropa Parlamentindən müstəqil tərkibdə istintaq qrupunun yaradılmasını xahiş edib.
Habelə Elşad Abdullayevin qısa müddət öncə Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eştona etdiyi müraciətə rəsmi cavab məktubu gəlib.
Məktubda Mahir Abdullayevin oğurlanması məsələsinə toxunulur, bununla bağlı təəssüf hissləri qeyd olunur, Avropa Birliyinin Azərbaycanla bağlı növbəti hesabatlarında bu məsələyə diqqət ediləcəyi bildirilir.
Xatırladaq ki, Elşad Abdullayev qısa müddət öncə qardaşı Mahir Abdullayevin oğurlanmasıyla bağlı Fransa prezidenti Fransua Ollanda da müraciət məktubu göndərib.
Elşad Abdullayev hüquq müdafiəçilərinin səsini yazıb?
“Yeni Müsavat” qəzeti isə məlumat yayıb ki, Elşad Abdullayev hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə, Eldar Zeynalov, Talihə Zalihova görüş aparılan danışıqları da lentə aldırıb. Novella Cəfəroğlu bildirib ki, onlar qalmaqallı videogörüntü ilə bağlı cinayət işi açıldığını, bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını Elşad Abdullayevin nəzərinə çatdırıblar: “Dedik ki, bu, cinayət əməlidir, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır”. Səidə Qocamanlı isə qeyd edib ki, rüşvət videosu ilə bağlı AŞPA-da rəsmi mövqe olmayıb: “Ancaq bizimlə söhbətlərində bu hadisənin biabırçı fakt olduğunu söylədilər”.
Çingiz Qənizadə Elşad Abdullayevlə hansı məsələləri müzakirə edib?
Çingiz Qənizadə Elşad Abdullayevlə Strasburqda görüşü barədə açıqlama yayıb. Açıqlamada bildirilir: “Oktyabrın 3-də saat 22:00 radələrində Fransada mühacirətdə olan Elnur Məcidli qaldığım otelə gələrək məni tapmış və Elşad Abdullayevin mənimlə görüşmək istədiyini bildirmişdir. Görüşdə mənim təşəbbüsümlə Strasburqda olan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı da iştirak etmişlər.
Görüş təxminən bir saata qədər çəkmişdir. Ilkin olaraq mənim məlum yazımda qaldırdığım məsələləri mən bir daha konkret faktlarla onun özünə bildirdim. Elşad Abdullayev heç bir ciddi əks arqument gətirə biməyərək söhbəti əsasən onun qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı məsələyə yönəltdi.
Görüş zamanı yeni bir fikir söyləməyən E.Abdullayev mətbuatda işıqlandırılmış fikirlərini dəfələrlə təkrarladı.
Biz, ona Mahir Abdullayevin itkin düşməsi ilə bağlı fakta təəssüf etdiyimizi bildirdik. Səhərisi gün isə E.Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı müraciətini yazılı formada hüquq müdafiəçilərinin qaldığı otelə göndərmişdir.
Qeyd edim ki, biz hüquq müdafiəçiləri də Mahir Abdullayevin itkin düşməsi faktının obyektiv araşdırılmasını arzu edirik. Biz Strasburqdan qayıdarkən artıq bəlli oldu ki, hüquq mühafizə orqanları tərəfindən Mahir Abdullayevin itkin düşməsi ilə əlaqədar birgə əməlliyyat istintaq qrupu yaradılmış və işin aparılması başqa müstəntiqə həvalə edilmişdir. Biz hüquq mühafizə orqanlarının bu addımını alqışlayırıq. Elşad Abdullayevin bizə etdiyi rəsmi müraciətini isə baxılıb araşdırılması üçün bu günlərdə hüquq mühafizə orqanlarına göndərəcəyik”(modern.az).
Əli Insanov Gülər Əhmədovanın videoqalmaqalına münasibət bildirəcək
Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli Insanov Gülər Əhmədova ilə bağlı yayılan videoqalmaqalda adının çəkilməsindən xəbərsizdir. Bunu isə Modern.az saytına keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, o, ötən həftə Əli Insanovla görüşsə də, bununla əlaqədar hər hansı məsələ müzakirə olunmayıb. “Mən ötən həftə Əli Insanovla görüşdüm, amma onunla bu haqda danışmadıq. O, görüş zamanı sözügedən video ilə bağlı hər hansı fikir bildirməyib. Yəqin ki, yaxın zamanlarda mən yenidən Əli müəllimlə görüşüb bu haqda onun fikirlərini öyrənib ətraflı məlumat verəcəm”, – deyə vəkil vurğulayıb.
Gülər Əhmədovanın deputat mandatının əlindən alınması ilə nəticələnən məlum videoskandalda sabiq səhiyyə naziri Əli Insanovun da adı çəkilir. Sabiq deputat gizli çəkiliş zamanı vurğulayıb ki, parlamentin formalaşmasında həbsdə olan nazirlər Əli Insanov və Fərhad Əliyevin dəstəklədiyi deputatların siyahısı mövcuddur.