Ramiz Mehdiyev böyük güclərin hədəfində

ramiz mehdiyev«Gülər Əhmədova olayı» PA rəhbərinin hakimiyyətdə təklənməsinə səbəb olub

Qərbi Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların rəhbərləri, həmçinin bu regiondan olan sabiq məmurlar, ziyalılar ölkə başçısı Ilham Əliyevə müraciət edəcək. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, müraciətdə ölkə başçısından “Gülər Əhmədova olayı”nda təqsiri olanların hamısının məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.
Məlumatda iddia edilir ki, bu müraciət əsasən Gülər Əhmədovanın himayədarı kimi tanınan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı yönəlib. Bildirilir ki, hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşması belə bir kampaniya təşkil etməklə ən yaxşı halda Ramiz Mehdiyevin küncə sıxışdırılmasına, iqtidara nəzarət imkanlarının minimuma endirilməsinə çalışır. Çünki Qərbi Azərbaycan qruplaşması hesab edir ki, onların hakimiyyətdə daha geniş tərkibdə təmsil olunmaması məhz Ramiz Mehdiyev faktoru ilə bağlıdır. Qərbi Azərbaycan qruplaşmasının bu cür düşünməsi əsassız deyil. Çünki 2005-ci ildə sabiq səhiyyə naziri Əli Insanovun həbsilə Qərbi Azərbaycan qruplaşmasının zəiflədilməsi prosesinin müəllifi Ramiz Mehdiyev olub. Bunu PA rəhbərinin komandasına daxil olan deputat Zahid Oruc da bu günlərdə verdiyi açıqlamada etiraf edib. “Ramiz Mehdiyevin əleyhinə bir platsdarm formalaşdırmaq istəyən qüvvələr 2005-də uduzublar və indiki prosesdə də məğlub olacaqlar”, – deyə deputat bildirib.
Indi “Gülər Əhmədova olayı” ilə Ramiz Mehdiyevi vurmaq üçün zəmin yaranıb. Qərbi Azərbaycan qruplaşması da bu fürsəti əldən vermək istəmir. Lakin Ramiz Mehdiyev təkcə bu qruplaşmasının hədəfində deyil. “Gülər Əhmədova olayı”nın gündəmi zəbt etdiyi bir vaxtda fövqəladə hallar naziri Kəmaləddin Heydərova simpatiyası ilə tanınan politoloq Cümşüd Nuriyev icra strukturlarında ermənilərlə qohumluğu olan məmurların çalışması barədə açıqlama verib. Ekspertlər hesab edir ki, bu açıqlamanın “Gülər Əhmədova olayı” ilə üst-üstə düşməsi təsadüfi deyil. Onların fikrincə, Cümşüd Nuriyevin hədəfə aldığı məmurlardan biri də elə Ramiz Mehdiyevdir. Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin münasibətlərinin o qədər də ürəkaçan olmadığını, üstəgəl   “fövqəlnazir”in Naxçıvan qruplaşmasını təmsil etməsinə baxmayaraq artıq Paşayevlərin çətiri altına keçməsi barədə deyilənləri nəzərə alsaq, bu mülahizə inandırıcı görünür və düşünmək olar ki, PA rəhbərinə həm də daxildən – Naxçıvan qruplaşmasından zərbə gəlir.
Sırada hələ Paşayevlər də var. Bu qruplaşma çoxdandır ki, hakimiyyəti bir əldə cəmləməyə çalışır. Ramiz Mehdiyev isə bu yolda Paşayevlər üçün böyük maneəyə çevrilib. PA rəhbərilə Paşayevlər arasında ziddiyyətlərin dərinləşməsi  2008-ci il prezident seçkisindən sonraya təsadüf edir. Məhz Ilham Əliyevin ikinci dəfə prezident seçilməsindən sonra Paşayevlər öz namizədlərinin təbliğatına başladılar. Hətta 2013-cü illə bağlı plana uyğun olaraq Demokratik Azərbaycan Dünyası Partiyasının bazasında ikinci iqtidar partiyası formalaşdırmağa başladılar. Lakin Ramiz Mehdiyev Paşayevlərin planını elə beşikdəcə boğdu. PA rəhbəri 2009-cu ildə referendum keçirilməsinə və bir şəxsin iki dəfədən artıq prezident olması barədə müddəanın götürülməsinə nail oldu. Indi “Ramiz Mehdiyev problemi”ni çözmək üçün gözəl məqamdır. Ona görə də Paşayevlərin də Mehdiyevin digər əleyhdarları ilə birgə hərəkət edəcəyi şübhəsizdir.

Analitik şöbə