“Əl-Cəzirə” İsrailin Türkiyə əleyhinə yaratdığı cəbhədə Azərbaycanın da yer aldığını bildirir
“Yaxın Şərqin CNN-i” adlandırılan Qətərin “Əl-Cəzirə” kanalı Türkiyə-İsrail münasibətləri, bir zamanlar yaxın müttəfiqlər olan bu dövlətlər arasındakı gərginliyin regional proseslərə təsiri, Rəsmi Təl- Əvivin Ankara əleyhinə addımları və s. məsələlərdən bəhs edən reportaj yayımlayıb. Reportajda israilli, türk, amerikan və fars siyasi analitiklərin şərhlərinə də yer verilib. O cümlədən İsrailin Türkiyəyə qarşı açıq və gizli həmlələrindən söhbət açılıb.
Reportajda bildirilir ki, Türkiyə müsəlman ölkə kimi əvvəllər İsrailin ən yaxın müttəfiqi olub. Hərbi strateji və diplomatik münasibətlər Türkiyə və İsrailin əsas prioritetlərinə çevrilmişdi. İsrailin 1949-cu ildə elan olunmuş müstəqilliyini də ilk müsəlman ölkə olaraq Türkiyə tanıyıb. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilib, sonradan hərbi və ticari əlaqələr yüksək həddə çatdırılmışdı.
Lakin sonradan Türkiyənin geopolitik maraqlarında baş verən dəyişikliklər Ankara-Təl-Əviv münasibətlərindən də yan ötməyib. Türkiyənin ərəb dünyası ilə tarixi əlaqələrini bərpa etmə planları da İsraillə münasibətlərə öz mənfi təsirini göstərib. “Əl-Cəzirə”nin reportajında Ankara və Təl-Əviv arasındakı münasibətlərinin pozulmasının əsas səbəbləri kimi 2008-09-cu illərdə Qəzza sektorunda alovlanan müharibə və bundan bir il sonra bölgəyə göndərilən türk yardım gəmilərinə İsrail xüsusi təyinatlılarının hücumu göstərilir:“Türkiyənin ərəb dünyasına yönəlik iqtisadi-siyasi maraqlarının önə çıxması və Fələstinə dəstək verməsi iki müttəfiq ölkənin münasibətlərini gərginləşdirdi”.
“Əl-Cəzirə” kanalının reportajında iki ölkə arasındakı münasibətlərin hazırki durumundan geniş söhbət açılır.
Qeyd olunur ki, Yaxın Şərqdə əvvəllər söz sahibi olan İsrail Türkiyənin bu statusa sahiblənməsiylə razılaşa bilmir. Son illər Türkiyənin Yaxın Şərqdə və ərəb dünyasında əsas gücə çevrilməsi İsrailin maraqlarına ciddi zərər vurub. İsrail də münasibətlərinin gərgin olmasından istifadə edərək Türkiyəyə qarşı açıq və gizli müharibə aparır.
Reportajın maraqlı məqamlarından biri də ondan ibarətdir ki, İsrailin Türkiyəyə qarşı açdığı cəbhədə yəhudi dövlətinin əsas müttəfiqlərindən birinin Azərbaycan olmasıdır. Türkiyəli siyasi şərhçi Mustafa Akyol “Əl-Cəzirə”yə açıqlamasında bildirib ki, Təl-Əviv-Ankara gərginliyində Azərbaycan “qardaş ölkə” adlandırdığı Türkiyəyə qarşı mövqedə dayanıb. Reportajda o da vurğulanır ki, İsrail Türkiyə ətrafında özünə yaxın ölkələrdən həlqə yaradıb. Yəhudi dövləti Türkiyə ilə qonşu olan ölkələri öz tərəfinə çəkərək onlardan Türkiyəyə qarşı cəbhə formalaşdırıb. Bu ölkələr arasında Bolqarıstan, Rumıniya, Cənubi Kipr və nə qədər gözlənilməz olsa da Azərbaycan da var.
“Əl-Cəzirə” qeyd edib ki, Türkiyə Azərbaycanın İsraillə yaxınlaşmasından ciddi narahatlıq keçirir. Reportajda daha sonra Azərbaycanla İsrail münasibətlərinin qısa xronologiyasına yer ayrılıb. Bildirilir ki, Azərbaycan təkcə bu il ərzində İsraildən 1.6 milyard dollarlıq silah alıb. İki ölkə arasında hərbi-strateji əməkdaşlıq möhkəmləndirilib. Reportajda İsrailin Azərbaycandan İrana yönəlik açıq və gizli savaşda bufer kimi istifadə etdiyi deyilir. İsrail Azərbaycan ərazisindən istifadə etməklə İranın şimalında bəzi işlər görür.
Siyasət şöbəsi