ABŞ nə istəyir?

Amerika Azərbaycana 29.4 milyon dollar pul ayırıb. Bunun 9.8 milyon dolları ölkədə demokratiya, insan hüquqları və idarəetmənin inkişafına yönəldiləcək.
Eyni proqram üzrə Ermənistana 45.4 milyon dollar (13.2 milyon dolları “demokratiya, insan hüquqları və idarəetmə”nin inkişafına), Gürcüstana 90.1 milyon dollar, Rusiyaya 68.7 milyon dollar həcmində vəsait ayrılıb.
Açığı anlaya bilmirəm – nəyə görə postsovet ölkələri içində ən az para Azərbaycan üçün nəzərdə tutulub.
Belə çıxır ki, demokratiyanın ən normal vəziyyətdə olduğu yer Azərbaycan, ən bərbad gündə olanı isə Gürcüstandı. Yəni ABŞ-da gerçəkdən elə düşünürlər ki, Azərbaycanda demokratiya öz inkişafına görə o biri qonşu ölkələri qabaqlayır? Axı verdikləri bəyanatlar, hazırladıqları hesabatlar bunu demir.
Bəlkə onlar bu ölkədə demokratiya üçün yardım ayrılmasının bir xeyri olmayacağını düşünürlər? Ola bilərmi ki, bu etimad söhbəti olsun? Yəni paranın necə xərclənəcəyinə şübhələr varmı?
Məni sıradan bir oxucu kimi maraqlandırır ki, yardımın ayrılmasını kim həyata keçirəcək və kim nəzarət eləyəcək. Vəsait kimlərə veriləcək? Qeyri-Hökumət Təşkilatlarınamı? Axı bu təşkilatların 99 faizi artıq hökumətdən qrantlar almağa başlayıblar və hakimiyyətlə münasibətləri “konstruktiv” məcrada qurmaqda davam eləyirlər. O tip QHT-lər və onların sədrləri demokratiyanın barmağına bir xeyir toxundura bilərlərmi? Onlar nə iş görə bilərlər ki, bu ölkədə demokratiya inkişaf eləyə bilsin?
Bəlkə yerdə qalan 1 faiz sağlam QHT-lərə ayrılacaq yardım? O 1 faizin kimliyi necə müəyyən ediləcək? Mən çox götür-qoy eləyirəm və elə nəticəyə gəlirəm ki, yenə də o sağlam 1 faiz qıraqda qalacaq, yenə də o 99 faiz süfrənin başında oturacaq.
Ayrılan vəsaitin məbləğindən elə bir yekun fikrə gəlmək olarmı ki, ABŞ Ermənistanda, Gürcüstanda, Rusiyada demokratiyanın inkişafını bizdəkindən çox istəmiş olsun? Bu mümkündümü? Belə baxanda, Rusiya nəhəng ölkədi və onun avtoritarizm caynağında qalması ABŞ-ı daha çox rahatsız eləyir, buna görə də orada demokratiyanın bərqərar olmasını daha çox istəyir. Həm də nəzərə alsaq ki, qalan respublikalarda demokratiyanın güclənməsinin qarşısını alan həm də elə Rusiya avtoritarizmidi, onda bu yardım fərqi məntiqli görünür. Elə isə nədən Gürcüstana Rusiyadan daha çox yardım ayrılır? Ərazi, əhali baxımından da Gürcüstan Rusiyadan çox kiçikdi. Həm də Gürcüstanda demokratiya onsuz da ayaqlarını yerə bərk-bərk basa bilib. Burda məntiqsizlik görürəm mən. Bəlkə də sadəlövh və yanlış yanaşmadı.
Məncə, ən avtoritar ölkə müəyyən olunmalı, yardım da ona nisbətdə ayrılmalıdı. Şükür allaha ki, bu məsələdə birinciyik və buna da tərs mütənasib olaraq ən çox məbləğ Azərbaycana ayrılmalıdı.
Bu, məsələnin bir tərəfidi.
Başqa bir yanı isə odur ki, zənnimcə, demokratiyaya ən böyük yardım para ilə edilməz. Əsil yardım avtoritarizmə yuvarlanmış hökumətlərlə pişim-pişim əlaqələri, yalançı marça-murçları yığışdırıb açıq-açığına demokratiyanın tərəfinə keçmək, xalqın demokratik əyləmlərinə dəstək verməkdi.
Məsələn, Azərbaycan xalqı əlini yerdən-göydən üzmüş, bütün ümidlərini itirmiş, sabaha inamsız baxan bir durumdadı. Demokratiya üçün ayrılan vəsaitin həcmi yüz bu qədər də olsa, xalqın demokratiyaya, azadlığa, işıqlı sabaha inamını bərpa eləyə bilməz. Bunun üçün sadəcə, mənən bu xalqın yanında olmaq, ona tək olmadığını sevgi və sayğıyla çatdırmaq gərəkdi. Yox, əgər bu yardımayıranların ağlına batmırsa, deməli, əslində onların burda demokratiya-filan istədikləri yox. Sadəcə pulları çoxdu və xərcləməyə yer tapmırlar.