Səbəb «Eurovision» biabırçılığıdır, yoxsa, Gürcüstandakı son seçki?
Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin 2013-cü il prezident seçkiləri ərəfəsində beynəlxalq və xarici telekanallar üçün normativlər tətbiq ediləcəyi ilə bağlı açıqlaması kifayət qədər diqqətçəkəndir. Şura sədrinin izahatı belə olmuşdu ki, bu addım siyasi sabitlik tələblərindən irəli gəlir, üstəlik ayrı-seçkilikdən söhbət gedə bilməz. N.Məhərrəmli xatırlatmışdı ki, “Eurovision-2012″, həmçinin dünya idman turnirləri zamanı istənilən telekanal onlardan yayım icazəsi alıb.
Göründüyü kimi, hakimiyyət etiraf etmək və bunu ayrıseçkilik kimi qiymətləndirmək istəməsə də, seçki öncəsi xarici telekanalların fəaliyyətini məhdudlaşdıracaq. Görünür, “Eurovision”dan sonra Azərbaycanla bağlı dünya mətbuatında çıxan tənqidi məqalələr, Gürcüstandakı son seçki, həmçinin Qərbin ölkəmizdə demokratikləşmə ilə bağlı prinsipial mövqeyi hökuməti əməlli-başlı qorxuya salıb və profilaktik addımlar atmaq məcburiyyətində qoyub.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir edir ki, hakimiyyət seçki ərəfəsi Azərbaycana beynəlxalq diqqətinin artacağından ehtiyatlanaraq bu addımı atır: “Qarşıdan prezident seçkiləri gəlir və heç şübhəsiz ki, xarici telekanallar üçün belə bir əhəmiyyətli seçkini işıqlandırmaq çox vacibdir. Yerli telekanallar onsuz da, nəzarət altındadır və müxalifətin üzünə bağlıdır. Belə olan halda ölkədəki alternativ düşüncəni dünyaya xarici telekanallar çatdıra bilər. Ona görə də seçki ərəfəsi belə bir plan qurublar. Informasiya blokadası yaradaraq seçkini əvvəlki illərdə olduğu kimi, öz istədikləri şəkildə keçirmək istəyirlər. Hiss etsələr ki, xarici telekanalların Azərbaycandakı seçki prosesinə marağı yüksəkdir, belə bir kvota tətbiq etməyə çalışacaqlar. Sonra da deyəcəklər ki, bu, seçki ilə bağlı deyil, bizim əvvəlcədən belə bir planımız var idi”.
F.Qəhrəmanlının sözlərinə görə, Gürcüstandakı son seçkilərdən sonra müxalifətin imkanlarının artmasında xarici telekanalların da müstəsna rolu olub. Azərbaycan hakimiyyətinin qorxuya salan məqamlardan biri də budur.