“Hicaba azadlıq” istəyən mömün qardaşıma…

Dünən orta məktəb şagirdinin hicab geyməsinə tərəfdar olan bir qrup valideyn Təhsil Nazirliyi qarşısında aksiya keçirdi, “Hicaba azadlıq!” tələbini irəli sürdü…
Artıq neçənci dəfədir ki, bu tip aksiyaların şahidi oluruq. Mənə maraqlı olan bu aksiyalarda valideynlərin cəsarəti, mərdliyi, heç nədən çəkinməməsi və tələblərini mərd-mərdanə irəli sürməsidir.
Cəsarət təqdir olunasıdır, amma bu cəsarətin nəyə sərf olunduğunu görəndə təəssüflənməyə bilmirsən. Əvvəla, orta məktəb şagirdləri olan gül balalarına hicab geydirməkdə israr edən valideynlər övladlarının bu örtüyə səmimi münasibətini bilirlərmi? O uşağın, yeniyetmənin nə yaşı var ki, dünyanı, Allahı, yaranışı, varlığı dərk etsin, seçim aparsın və qərarını versin? Orta məktəb şagirdinin bu seçimi aparmaq təfəkkürü hələ formalaşmayıbsa və hicaba doğru-dürüst münasibəti yaranmayıbsa, sən kimin haqqını müdafiə etməyə getmisən?
Ikincisi, övladını halal-hümmət böyütmək, Islam qaydalarına uyğun tərbiyə etmək istəyən valideyn “mömün balasını” hicaba bürüdüb, haramın baş alıb getdiyi bir yerə göndərdiyinin fərqində deyilmi? Orta məktəblərdə rüşvət tüğyan edir, dərsliklər bərbad, təhsil sistemi iflic vəziyyətdədir. Tamamilə “haram yuvasına” çevrilən orta məktəblərə göndərdiyiniz gül balalarınızın hicablı olub-olmamasının bir anlamı varmı?
Hicabdan əvvəl halallıq tələb etməlidir müsəlman! Halbuki, “hicab davası” aparan valideynlər də daxil olmaqla, balalarımızı, hətta birinci sinfə qəbul etdirmək üçün bizdən istənilən, 200-1000 manat arasında dəyişən rüşvəti böyük məmnuniyyətlə vermişik, veririk, verəcəyik!
Üçüncüsü, “Hicaba azadlıq!” istəyən əzizim, canım-gözüm, soydaşım, vətəndaşım… niyə millətə, xalqa “azadlıq”, “firavanlıq”, “ədalət”, “haqq” istəniləndə, meydanlara çıxıb bu cəsarəti göstərmirsən? Niyə “qonşunun”, “müsəlman qardaşının” evi başına uçurulanda onun haqqını qorumaq üçün başını dəyənək altına qoymursan?
Ölkədə haram baş alıb gedir, halal yaşamaq faktiki olaraq get-gedə mümkünsüz bir işə çevrilir – susursan; seçkidə səsini oğurlayırlar – susursan; haqqını əlindən alırlar – susursan; vətənini bir qrup mafioz çalıb-çapır – susursan; yalan, riya, allahsızlıq meydan sulayır – susursan… amma “Hicaba azadlıq!” tələb edirsən? Azadlığın olmadığı, insan haqlarının əski parçası kimi ayaqlar altına atıldığı bir dönəmdə sən hicaba necə azadlıq ala bilərsən?
Övladının gələcəyini düşünürsənsə, onunçün ədalətli bir dövlətin, idarəetmənin, şəraitin yaranmasına çalışmalısan. Əgər sənin heç bir mal və can güvənliyin yoxdursa, istənilən vaxt cibinə narkotik atıb, səni həbs edə, var-dövlətini əlindən ala bilirlərsə, övladının sabahkı taleyi sual altında deyilmi? Evin başına uçurulanda övladın küçənin ortasında, soyuqda-qarda hicabamı bürünüb yatacaq?
Bu ölkəyə adi kibrit çöpü gətirməyinə imkan vermirlərsə, halal yolla qazanmaq imkanlarını məhdudlaşdırıblarsa, səni bir xoruza yük edib, əlindən çörəyini basıb alırlarsa, övladın sabah hicabmı yeyəcək ki, sən onun davasını aparırsan?
Əxlaqlı cəmiyyət yarat, sivil toplum qur, mayası halaldan yoğrulan idarəetmə formalaşdır və arxayın ol ki, övladının dinini də, imanını da, ləyaqətini də, gələcəyini də təmin etmisən. Bütün bunlar olmadığı halda özünü hicaba qurban vermək və dünyanın gözündə “fanatik müsəlman” kimi tanınıb, Azərbaycan hakimiyyətinin səni daş-qalaq etməsinə haqq qazandırmaqla kimə və nəyə xidmət edirsən, canım qardaşım?
Xaricdə polislər nümayişçiləri… öldürür
Bax, müsəlman qardaşım, bu sözləri əlahəzrət prezidentimiz bir neçə gün öncə dilinə aldı, bəzi ölkələrdə nümayişçilərin döyülüb-öldürülməsindən bəhs etdi, “Azərbaycanda bu hal yoxdur” dedi, bu halın mümkünlüyünə “xaricdən” misal gətirdi… Anladınmı?
Anlamadın!.. Təhsil Nazirliyi qarşısında keçirdiyin aksiyadan şəkillərinə baxıram: yerdə sürüdülürsən, polis qardaşımızın rejimin tapşırığına qul sadəqəti ilə vurduğu dəyənəyin zərbindən başından tökülən qan “Avropa standartına uyğun” adıyla böyük hissəsi mənimsənilmiş asfalt örtüyün üstünə damcılayır; köynəyin cırılıb; səni zorla maşınlara doldurub həbsə aparırlar…
Nəyin naminə: dininmi, Islamınmı, əqidəninmi, etiqadınmı, haqqınmı, ədalətinmi?