Müxaliflər Əsədin hərbi bazasını tutdu

Bir polkovniki isə əsir götürülüb

Suriya diktatoru Bəşər Əsədi devirməyə çalışan müxaliflər paytaxt Dəməşqdə raketlərin saxlandığı hava hücumundan müdafiə bazasını tutublar. “Youtube” sosial şəbəkəsində yayımlanan videoda silahlı müxaliflərin bir-birini təbrik etdiyi göstərilir. Içəri hissəsindən qalın tüstü qatının qalxdığı göstərilən bazanın Dəməşq yaxınlığındakı Şərqi Qouta bölgəsində yerləşdiyi açıqlanıb.
“Reuters” agentliyinin xəbərinə görə, müxaliflər ələ keçirdikləri raket mərmilərindən istifadə edəcək texnikaya sahib olmasalar da, mərmilərdən müxtəlif partlayıcı maddələr düzəldə biləcəklər.
Yayılan videokadrlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Müxaliflər isə bazanı və oradakı mərmiləri ötən gün ələ keçirdiklərini bildiriblər. Üsyançılar həmçinin Dəməşqin şərqində özünü Əsəd ordusunun polkovniki Əhməd Reaydi kimi təqdim edən bir zabiti əsir götürdüklərini açıqlayıblar.