“Gürcü Arzusu” prezidentin impiçment olunması üçün təxirəsalınmaz plan üzərində işləyir
Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 1-də keçirilmiş parlament seçkilərinin ilk nəticələrini açıqlayıb. Məntəqələrdən gətirilən bütün seçki qutularının açılmasından sonra müxalif “Gürcü Arzusu” koalisiyasının 54.85, hakim “Vahid Milli Hərakat” partiyasının isə 40.43 faiz səs topladığı müəyyənləşib. Yerdə qalan səs faizlərini isə digər blok və partiyalar toplayıb. Birmandatlı sistem üzrə seçkilərin ilkin nəticələri isə hələlik məlum deyil.
“İTAR-TASS” agentliyinin məlumatına görə, parlamentdə üstünlük əldə etmiş “Gürcü Arzusu” koalisiyası bazar ertəsi yeni hökumətin tərkibini açıqlaya bilər. Koalisiyanın lideri milyarder Bidzina İvanişvili yeni hökumətə Saakaşvili komandasından heç kimin daxil edilməyəcəyini növbəti dəfə vurğulayıb. Qeyd edək ki, hazırda qüvvədə olan konstitutsiyaya görə prezident geniş səlahiyyətlərə malikdir, nəinki parlament seçkilərində qələbə qazanmış müxalif koalisiya.
Dolaşan iddialara görə, Konstitutsiyada nəzərdə tutulmuş yeni dəyişiklikliklər qüvvəyə minənə qədər prezidentin geniş səlahiyyətləri əlində saxlaması gürcü müxalifətinin ciddi narahatlığına səbəb olub. Müxalifət Saakaşvilinin revanş edərək parlamenti buraxmaq səlahiyyətlərindən yararlana biləcəyindən narahatdır. Qərb mediasının yazdığına görə, Saakaşvilinin revanş addımından ehtiyatlanan müxalifət yeni formalaşmış parlamentdə prezidentin impiçmentini gündəmə gətirmək fikrindədir.
Xəbərdə bildirilir ki, seçkilərdə qalib gəlmiş müxalif koalisiya təzyiq və hədə yoluyla parlamentdəki deputat sayının 101-ə çatdırılmasına nail olmaq istəyir. Çünki prezidentin impiçment olunması üçün parlamentdə kvorm olmalıdır. Kvromun baş tutması üçün isə 150 deputatın 101-nin dəstəyini almaq gərəkdir. Müxalifətin yetərsayı təmin etmək üçün seçkinin nəticələrini belə gözləmədiyi bildirilir.
Fransanın “Le Figaro” qəzetinin yazdığına görə, müxalif “Gürcü Arzusu” koalisiyası birmandatlı sistem üzrə seçkilərdə də qələbə qazandıqlarını, bəzi dairələrdə isə kütləvi qanun pozuntularının olduğunu iddia edərək 101 deputat yerini ələ keçirməyə çalışır. Müxaliflər birmandatlı seçkinin nəticələri açıqlanmadan hökumətə və məntəqə üzvlərinə təzyiq göstərir. Qəzet iddia edir ki, müxalifət eyni ssenarini bütün dairələr üzrə işə salıb. Bəzi məntəqə üzvlərinə fiziki təzyiqlər göstərilib, bəziləri də təhdid olunub.