Bilirsiniz ki, bunlar təzəlikcə Heydər Əliyev haqqında 3 hissəli film çəkməyə başlamışdılar, amma dünən məlum oldu ki, birdən-birə filmin ilk hissəsinin çəkilişləri dondurulub. Onun bundan sonra çəkilib-çəkilməyəcəyi də bilinmir.
Filmin yaradıcı kollektivinin dediklərindən belə çıxır ki, çəkilməmək ehtimalı daha böyükdür. Düzdür, Mədəniyyət və Turizm Nazirliyində filmin hazır kadrlarına baxıblar, üstəlik, bəyəniblər. Amma növbəti çəkilişləri də dondurublar. Deməli, səbəb yaradıcı məsələlərlə bağlı deyil.
Filmdə dahi rəhbərin cavanlığını oynayan rus aktyoru Aleksandr Nikitinin sözlərindən də belə anlamaq mümkündür. Dünən onun “Azadlıq” radiosuna müsahibəsini oxudum, deyir ki, bu, ya siyasi oyundur, ya da maliyyə fırıldağı.
“Siyasi oyun” deyərkən Nikitin seçkiöncəsi Ilham Əliyevin ayağının altının qazılmasını nəzərdə tutub, maliyyə fırıldağı deyərkən də nəyi nəzərdə tutduğunu söyləmək artıqdır, kimlərsə filmə ayrılan büdcəni basıb yeyiblər. Tıpkı Heydər Əliyevin qoyub getdiyi adamlar indi dövlətin büdcəsini dağıdıb yedikləri kimi!
Əgər filmin çəkilişlərinin dondurulması həqiqətən də maliyyə fırıldağı ilə bağlıdırsa, onu çəkənlərin, orada çəkilənlərin heç birinin şikayətlənməyə haqqı yoxdur. “Büdcəni basıb yemək” məhz onların ekranlaşdırıqları filmin qəhrəmanının bu ölkəyə qoyub getdiyi mirasdır.
“Siyasi oyun”a gəlincə, Ilham Əliyevin ayağının altını qazmaq üçün atası haqqında filmin çəkilişini dayandırmaq nə qədər uğurlu variantdır? Guya, belə bir film çəkilməsə, dahi rəhbərin oğlu taxtdanmı endiriləcək? Azərbaycanda Heydər Əliyevin adına olmayan az qala heç nə yoxdur, addımbaşı onun portretləri, heykəlləri, aforizmləri, mərkəzləri, muzeyləri. Hətta onun dünyaya gəlişindən 5 il əvvəllə bağlı olan tarixi gündə belə, onun şəklini yapışdırırlar ekranın yuxarı küncünə. Bir film olmasa, nə olacaq? “Şəxsiyyətə pərəstiş”mi sarsılacaq?
Elə ən ağlabatanı maliyyə fırıldağıdır. Korrupsiyadır, yeyintidir. Hansı ki, bundan bu ölkədə qaçış yoxdur.
Üstəlik, Heydər Əliyev haqqında film çəkməyin özü də elə korrupsiyanın bir növüdür. Korrupsiya o deyil ki, rüşvətlə iş görəsən, ya da hansısa pulu basıb yeyəsən. Korrupsiya geniş anlayışdır və hətta “şəxsiyyətə pərəstiş”in özü də bura daxildir.
Elə Aleksandr Nikitinin özü heç düşünürmü ki, bu gün hakimiyyətdə dahi rəhbərin oğlu taxtda oturmasa, onu kimsə Azərbaycanda belə bir filmdə baş rola dəvət edərdimi? Ümumiyyətlə, belə bir film çəkilərdimi? Nikitin indiyədək o filmdə çəkilmək üçün nə qədər pul alıbsa, heç həmin pul da təmiz deyil. Bunu ona izah etmək lazımdır, qoy başa düşsün ki, günahkarı hansısa nazirlikdə-zadda axtarmasın, o indi məhz obrazını canlandırdığı şəxsin qurduğu, memarı olduğu sistemin qurbanıdır. Biz onillərdir bu sistemdən nələr çəkmişik, nələr?! Indi bir dəfə də yoldaş Nikitin çəksə, dünya dağılmaz.
Qoy görsün ki, el basa-basa kabab iyinə gəlməklə deyil.
Burda eşşək dağlamasalar, bizim 2 milyonumuz onun ölkəsinin çöllərində əsir-yesir olmazdı ki!..
Bir xatırlatma da Ramiz Fətəliyevə
Məlum filmin rejissoru Ramiz Fətəliyevdir.
Dünən götürüb “facebook”da əsəbi status yazıb ki, mahiyyət, arqument və məntiq baxımından çəkdiyi filmin dondurulması ilə bağlı qərarla qarşılaşmayıb. Sonra da deyib ki, bu işin arxasında duranları tapacaq və hər şeyi o zaman danışacaq.
Bu işin arxasında duranlar kimdir, maraqlı deyil.
Heç yoldaş Fətəliyev nə danışacaq, o da maraqlı deyil.
Maraqlı o olardı ki, Ramiz Fətəliyev məsələn, Ayaz Salayevin “Ehram TV” filminin it-bata düşməsinin arxasında duran adamlardan və səbəblərdən danışsın.

Film olacaqdı, gerçək oldu
•
•