Demokratikləşən, gəncləşən Gürcüstan

İndi bütün pozitiv sözləri çox rahatlıqla “Gürcüstan” adına əlavə etmək olar. Məhz Saakaşvilinin xidmətləri sayəsində… “Biləcəridən o tərəfə” keçmədiyim üçün Gürcüstanın parkları, küçələri, heykəlləri, binalarının ağarmış divarları ilə əyani tanış deyiləm. 
Gürcüstan haqda oxuduqlarımdan, eşitdiklərimdən bilirəm ki, Saakaşvilinin xidmətləri böyükdür, misilsizdir. Bizim üçün “gediləsi uzun bir yol” olan demokratiya yoluna ölkəsini tez, asanlıqla çıxarması onun əvəzsiz xidmətidir. Saakaşvilinin ən böyük uğuru gənc idarəçilərdən ibarət qurduğu hökumət komandasıdır. Onun hökumətində nazirlərinin orta yaş həddi 44-dür. Bizim yaşıdlarımız orda nazirdir. Əliyevin nazirlərinin isə orta yaş həddi 60-70-dir. Bax, budur analoqu olmayan fərq, nümunə.
Saakaşvilinin bu xidmətlərini, qalibiyyətini daha da şiddətləndirən Ilham Əliyevin çirkin əməllərə, fırıldaqçılığa, dələduzluğa qurşanmış qoca avtoritar idarəçiliyidi.
Ölkəsinin gənclərini ali idarəçilik statusuna qaldıran Saakaşvilidən fərqli olan Ilham Əliyevsə həbsxanaları gəncləşdirib. 2009-cu ildən bu yana həbsə atılan gənclərə diqqət edin: Emin Milli, Adnan Hacızadə, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Tural Abbaslı, Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Nigar Yaqublu, Zaur Qurbanlı, Rəsul Mürsəlov. Bu siyahıda şərlənərək həbs olunmuş xeyli sayda inanclı gənclər var.
Müxtəlif zamanlarda sutkalıq həbs almış yüzlərlə gənc olub. Dövlətin şəxsi həyatına müdaxilə edib şantaj etdiyi gənclər olub. Bu siyahını daha da uzatmaq olar. Bu gənclər Saakaşvilinin ölkəsində təmələ çevirdiyi dəyərlər uğrunda mübarizə apardığı üçün repressiyalara məruz qalıb. Bu həbslərlə Azərbaycan həbsxanaları Ilham Əliyevin hər rayonda tikdirdiyi, ancaq gəncliyə faydasının nə olduğu bilinməyən Gənclər Mərkəzlərindən daha çox gəncliyin məkanına çevrilib. Şərlə, narkotiklə həbs olunmuş gənc fəalların haqqında sifarişlə hökm verən məhkəmələrin saxta qərarları Ilham Əliyevin hər beş ildən bir imzaladığı gənclər dövlət proqramı haqda qərarlardan daha çox gəncliyin həyatında iz buraxdı.
Saakaşvili gəncliyi inkişaf etdirəndə Ilham Əliyev bu ölkədə ölümün özünü gəncləşdirdi. Işsizliyi, yoxsulluğu, rüşvəti, hər cür pisliyi gəncləşdirdi.
Yaltaqlığı, qorxunu gəncləşdirdi.
Ali təhsili olmayanları, gələcəyə bədbin nəzərləri gəncləşdirdi.
Mühacirliyi gəncləşdirdi.
Saakaşvili gürcü universitetlərinin məzunu olan gəncləri normal təminatlarla dövlət sturkturlarına yerləşdirdi.
Ilham Əliyev isə iş yerlərindən danışa-danışa qul bazarlarını gəncləşdirdi. Saakaşvili iqtidar sahibi olanda sosial proqram açıqlayıb xaricdə təhsil alan gəncləri ölkəyə dəvət edib onların potensialını qiymətləndirəndə, Ilham Əliyev ölkəni bir parça çörək dalınca tərk edənlərin tərkibini gəncləşdirdi.
Avtoqəzalarda, tikintilərdə dünyasını dəyişənləri gəncləşdirdi. Saakaşvili gənclərin təmiz əli ilə gömrükdə, vergidə idarəetməni şəffaflaşdıranda Ilham Əliyev bu strukturda çalışanların hesabına “umummilli kassanı” – Heydər Əliyev Fondunu pullandırdı. Nazir, məmur atalarının hesabına qanunları pozaraq varlananları gəncləşdirdi. Milyonları ayı ətinə xərcləyən Anar Məmmədovun simasında Ziya Məmmədovu, dövlətin pulları ilə özünü tanıdan Tale Heydərovun simasında Kəmaləddin Heydərovu, 79 milyonluq mülkün sahibi olan övladlarının simasında özünü gəncləşdirdi.
Və uduzdu! Ilham Əliyev korrupsioner qoca nazirləri hesabına özü üçün rahat, dəbdəbəli həyat qurdu, ancaq uduzdu. O, tarixə, zamana uduzdu. Saakaşvilinin islahatlarına, azad, gənc idarəçiliyinə uduzdu. Onun “lazım gəlsə”, “analoqu olmayan inkişaf tempi” kimi yalan ifadələrlə dolu bərbad nitqi Saakaşvilinin iki cümləsinə – “Gürcüstan qalib gələcək”, “Biz müxalifətə keçdik” fikirlərinə uduzdu. Başqa nəticəni ancaq əbləh olub gözləmək olardı: Gəncliyə, işığa savaş açan heç kəsə qələbə nəsib olmayıb!