Söhbət zamanı İlham Əliyev və Kəmaləddin Heydərovun da adı çəkilib…
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev açıqlamalarından birində demişdi ki, yaydığı videogörüntü Gülər Əhmədova ilə 5 saatlıq söhbətin kiçik bir fraqmentidir. Görüşün tam videosu isə geniş ictimaiyyətə açıqlanmasa da, bir xeyli adam oradakı söhbətlərdən xəbərdardır.
Çünki videoyazı hələ bir neçə ay əvvəl həm Gülər Əhmədovanın özünə, həm də Baş Prokurorluğa və Prezident Administrasiyasına göndərilib. Bundan başqa, Elşad Abdullayevin vasitəsilə sözügedən kadrlara baxanlar da kifayət qədərdir. Onların arasında Avropada yaşayan siyasi fəallar da var.
“Azadlıq”a daxil olan məlumata görə, sözügedən söhbət əvvəlcə Elşad Abdullayevlə Gülər Əhmədova arasında olub. Yəni, Sevinc Babayeva sonradan gəlib. Onun gəlişinə qədər isə sabiq rektor xanım deputatla əvvəlcə qardaşı Mahir Abdullayevin itkin düşməsindən, onun tapılması üçün hüquq-mühafizə orqanlarında çalışan yüksək vəzifəli şəxslərə (onların adını da çəkib – red.) külli miqdarda rüşvət verməsindən danışıb. Deyib ki, həmin məbləğ notarial qaydada verilib. Notariat kontorunda təsdiqlənmiş sənəddə də açıq şəkildə yazılıb ki, bu pul Mahir Abdullayevin tapılıb geri qaytarılması üçün alınır. Bunu eşidən Gülər Əhmədova Elşad Abdullayevi qınayıb. Bunun başdan-ayağa cinayət olduğunu, onun özünün də rüşvət verməyə görə məsuliyyət daşıdığını sabiq rektorun nəzərinə çatdırıb. Abdullayevin cavabı isə belə olub: “Azərbaycan gerçəkliyində hər şey mümkündür!”
Sevinc Babayevin də iştirak etdiyi söhbətdə isə Gülər Əhmədova Elşad Abdullayevdən deputat olandan sonra hakimiyyətdəki digər qruplaşmaların tərəfinə keçməyəcəyinə dair zəmanət istəyib. Hətta Musa Musayev, Alqış Həsənoğlunu da misal çəkib, onların cəzalandırılmasının səbəbini açıqlayıb. Təxminən bu şəkildə: “Alqışı, Musanı deputat elədik, sonra biri getdi Əli Insanovla işlədi, o biri Hacıbalayla…”
Görüşdə həmçinin hələ seçkidən bir xeyli əvvəl konkret siyahı müəyyənləşdirildiyi, kimin hansı dairədən namizəd olacağına qərar verildiyi qeyd olunub. Ilham Əliyev, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və digərlərinin hər birinin deputatlarının ayrıca siyahısı olduğu vurğulanıb. Söhbət əsnasında, hətta sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də adı çəkilib. Qeyd olunub ki, Fərhad Əliyev özü həbs olunsa da, siyahıda onun da adamlarının adı var.
Xatırladaq ki, Fərhad Əliyev və Əli Insanov 2005-ci ilin oktyabrında – parlament seçkilərinə təxminən iyirmi gün qalmış həbs olunmuşdu. Gülər Əhmədova, Sevinc Babayeva və Elşad Abdullayev arasındakı söhbət də seçki ərəfəsində baş tutub. Hələ bir müddət əvvəl yayılmış videogörüntüdəki söhbətdən aydın olurdu ki, onlar seçkiyə bir həftə qalmış görüşüblər. Bu isə o deməkdir ki, həmin görüş Fərhad Əliyev və Əli Insanovun həbsindən az sonraya təsadüf edib.
İnformasiya şöbəsi