Vətəndaşı Iranda sağalan ölkənin “Həkimlər” serialı

Iyun, 2011. “Gülşən Hüseynova körpəsini ötən ilin yayında A.Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində dünyaya gətirib. Lakin körpənin sinəsində xışıltı olduğundan uşaq müalicə üçün Q.Qarayev adına Uşaq Xəstəxanasına göndərilib. Ana 5 gündən sonra həkimlərin təqsiri ucbatından uşağını itirib. Onun sözlərinə görə, doğuşdan əvvəl və sonra da körpənin ürəyində heç bir problemi olmasa da, həkimlər onun ürək dayanmasından öldüyünü deyiblər” (qafqazinfo).
Iyul, 2011. Şəmkir rayonunda Mərkəzi Xəstəxananın cərrahı sünnət elədiyi 2 yaşlı körpənin cinsi orqanını tamam kəsib.
Noyabr, 2011. Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat edilən Zöhrə Hüseynova həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişir. Xəstənin yaxınları əməliyyat üçün ödədikləri pulun yalnız bir hissəsini geri ala bilir, pulun yerdə qalanını da tələb etdikdə “pul yoxdur, gedin hara istəyirsiniz şikayət edin” cavabı ilə üzləşir, borc almaq məqsədi ilə girov qoyduqları evi itirmək həddinə çatırlar.
Dekabr, 2011. Əliyeva Elnarə Xıdır qızı Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığının qurbanı olur, onun həyat yoldaşı Mehriban Əliyevaya ünvanladığı məktubda elə beləcə də yazır: “Yoldaşım həkim Sevda Məmmədovanın işə vicdansız və laqeyd yanaşmasının nəticəsində vəfat etdi”.
Avqust, 2011. “Xaçmaz Rayon Mərkəzi xəstəxanasının uşaq şöbəsində 2 aylıq uşaq həkimin məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişib. Xəstəxananın baş həkimi Bəhram Şahverdiyev bu işdə həkimlərin səhlənkarlıq etməsini təsdiqləyib” (gün.az).
Sentyabr, 2012. Bakı sakini Vəliyev Nazim Ruslan oğlu özünə qəsd edib. 23 yaşlı Nazimin intiharına səbəb özünəqəsddən bir neçə gün əvvəl həyat yoldaşı və yeni doğulmuş körpəsinin həyatını itirməsi olub. Belə ki, şəhər xəstəxanalarının birində həkimlərin məsuliyyətsizliyi ucbatından doğuş zamanı nə ananı, nə də körpəni xilas etmək mümkün olub (aznews.az).
Sentyabr 2012. Naxçıvan sakini Oruc Salahovun “Azadlıq” radiosuna dediklərindən: “Mənim üç yaşındakı uşağım həm həkim səriştəsizliyinin, həm də iməciliklərin qurbanı oldu. Səsimi də çıxarıram, deyirlər basarıq içəriyə… May ayının 3-də və 4-də uşağı Şərur rayon Uşaq Xəstəxanasına apardıq, həkim tapılmadı xəstəxanada, qayıtdıq evə. Həkimləri də, tibb bacılarını da iməciliyə aparmışdılar. Bir gün sonra uşağın vəziyyəti ağırlaşdığından ”skoru” çağırdıq. Xəstəxanadan dedilər ki, “skoru”nun sürücüsü iməcilikdədir, özünüz gətirin uşağı. Həmin gün aparmağa imkan olmadı. Növbəti gün həkimləri yerində tapa bildim. Amma bu dəfə də həkimlər uşağa səhv diaqnoz qoydular. Həkim Kəmalə Ibrahimova uşağı yoxlamadan resept yazdı. Göndərdi evə. Üç gün sonra uşağın ayağı şişdi. Həkimə zəng vurdum dedi ki, ayağını duzlu suya qoyun, keçəcək. Dedim, xəstəxanaya gətirim, dedi ki, olmaz mənim iş vaxtım qurtarıb. Uşağın vəziyyəti daha da ağırlaşdığından məcbur olub onu yenidən xəstəxanaya apardım. Bu dəfə isə həkimlər iməciliyə yox, 9 may Qələbə Bayramına tələsirdilər. Xəstəxananın baş həkimi dedi ki, biz 9 may qələbə bayramına tələsirik, gedin, sonra gələrsiniz. Növbəti gün getdik, uşağa diaqnoz qoydular ki, guya böyrək çatışmazlığı var. Vəziyyəti ağır olduğundan göndərdilər Naxçıvan Mərkəzi Xəstəxanasına. Dedilər, biz bu uşağı sağalda bilmərik…”.
***
Artıq Azərbaycan üçün xeyli adiləşmiş bu qorxunc, ürəkparçalayan, bir o qədər də utancverici faktların siyahısını istədiyimiz qədər uzada bilərik.
Təhsili bilgiləndirmək yerinə savadsızlaşdıran “analoqsuz ölkə”nin səhiyyəsini də sağaltmaq yerinə, necə öldürdüyünü hamımız bilirik.
Indi belə bir ölkənin telekanallarından biri “Həkimlər” adlı serial çəkir. Bu adda seriallar Qərbdə geniş yayılıb. Başa düşüləndir: orada səhiyyə həqiqətən sağaldır və çəkilən seriallarda da doktorların insan həyatını qurtarmaq üçün çabalarından bəhs olunur.
Bəs bizimkilər nə çəkəcəklər?
Sənin vətəndaşların sağalmaq üçün Irana getsin, sağlamlığını el-aləmin klinikalarına etibar etsin, sən də otur “Həkimlər” serialı çək. Adama gülməzlərmi?
Belə baxanda, bunlardan hər şey gözləmək olar. Utanmaq yox, arlanmaq yox. Bir də gördün, “Kosmonavtlar” serialı da çəkdilər.