Mənim prezidentim niyə bu səviyyədə olmalıdır?

Artıq üç gündür Gürcüstandakı seçkilərin təsiri altındayam: sarsılmışam, ayı yekəlikdə olan Mişanın siyasi gedişlərindən qanım qaralır…
Kimdir gürcü? Tariximi tariximdən böyükdür, dövlətçilik ənənəsimi məndən qədimdir, milli kimliyimi ucadır, özümü böyük millətdir? Vur-tut iki milyon civarında sayları var; hətta, ümumiyyətlə, “gürcü” adlı millətin mövcud olmadığı, bu ad altında azsaylı xalqların cəmləşdiyi barədə ehtimallar irəli sürən araşdırmaçıların yazıları yüzlərlədir. Amma mən… tarixdə 150 dövlət, 18 imperiya quran bir xalqın övladıyam; Şərqin dünyaya bəxş elədiyi ən yekə kişilərinin yurdundanam, Islam dininin qılıncının dalı da, qabağı da kəsdiyi məqamda fərqli sosial-ideoloci düşüncə yaradan mürşidlərin 80 faizə qədərinin məskunlaşdığı torpağın yetirməsiyəm…
Dünyaya tolerantlığı da, Şərqə ilk demokratik cümhuriyyəti də mən gətirmişəm. Indi isə Saakaşvili və gürcü xalqının haqq, ədalət və ləyaqət nümunəsini 10 ildir müşahidə etməklə kifayətlənirəm…
Səkkiz il əvvəl hakimiyyətə narıncı inqilabla gələn Saakaşvilinin qısa müddətdə Gürcüstanı Avropa dövlətinə çevirdiyi barədə illüziyalara qapılmıram. Ancaq adam ciddi islahatlar həyata keçirməyi bacardı: həm siyasi, həm iqtisadi, həm də milli zəmində.
Saakaşvili sələfindən korrupsiya və milli münaqişələr içində boğulan bir ölkə miras almışdı; rüşvətxorluğun kökünə balta çala, 3 milli münaqişədən birini həll edə bildi – xələfinə Avropa Birliyi və NATO-nun astanasında, dünyanın diqqət mərkəzində olan Gürcüstanı miras qoymaqdadır.
Saakaşvili – postsovet məkanında demokratik seçki ilə müxalifətin qəbələ çaldığını əxlaqlı şəkildə etiraf edib şəxsiyyətini ucaldan, iqtidardan getməsi ilə demokratiyanı bir addım da qabağa aparan siyasətçi kimi Gürcüstanda növbəti bir ənənənin – hakimiyyətin ləyaqətlə təhvil verilməsi ənənəsinin – əsasını qoyur…
Gözümün qarşısında balaca gürcü xalqının bu yekəlikdə prezidentini görəndən sonra 2003-cü ildə müxalifətin halal haqqını qan içində boğub, hakimiyyəti mənimsəyən və “ata mirasını” qorumaq üçün on ilə yaxındır rəqiblərinə qarşı repressiya aparan böyük xalqın balaca siyasətçisi Ilham Əliyevə necə münasibət bəsləməliyəm? Gürcüstanın idarəetməsini gürcülərin ixtiyarına buraxan Saakaşvili ilə Azərbaycanı şəxsi obyekti kimi çalıb-çapan Ilham Əliyevi necə müqayisə etməliyəm?
Önümüzdə yaşları, boy-buxunları arasında ciddi fərq olmayan iki siyasətçi var: biri – xırdaca, iqtisadi resursları və təbii sərvətləri olmayan, maraqlar toqquşmasında xüsusi əhəmiyyət kəsb etməyən Gürcüstanı dünyanın əsas dövlətlərinin sırasına qaldırır, digəri – güclü potensialı, misilsiz təbii sərvətləri, əhəmiyyətli coğrafi ərazisi olan Azərbaycanı Qərbin və demokratik dünyanın gözündə rəzil günə qoyur; biri – kiçik bir millətin “demokratiyaya hazır olduğunu” dünyaya nümayiş etdirib öz xalqını göylərin yeddinci qatına yüksəldir, digəri – böyük söz, fikir, düşüncə ənənəsi olan millətin “demokratiyaya hazır olmadığını” beynəlxalq aləmə sübut etmək üçün dəridən-qabıqdan çıxmaqla xalqını rüsvay edir…
Biri – dünyanın aparıcı media orqanlarında ciddi analitik yazılarla “fikir və ideya” adamı kimi tanınır, digəri – həmən media orqanlarında “Dubayda oğlunun adına villalar alan korrupsioner prezident” kimi yerdən-yerə vurulur…
Hələ Saakaşvili gedişinin daha incə bir nüansını ehtimal etməyə də əsasım var: Ivanaşvilinin həmişə dəstəklədiyi Saakaşvilidən niyə və nə vaxt ayrıldığını unutmayın – Rusiya Gürcüstana qoşun yeridəndə.
Saakaşvili Rusiyanın müdaxiləsi nəticəsində bacarmadığı bir işi – Cənubi Osetiya və Abxaziya məsələsini – Ivanaşvilinin öhdəsinə buraxa bilərmi? Hakimiyyət dəyişikliyinin razılaşdırılmış startı 2008-dəmi verilib?
Inanıram ki, belədir: Saakaşvili milli maraqlar naminə hakimiyyəti “qatı əleyhdarına” ötürməkdədir – seçkidə qələbə qazanan kimi “hədəfimiz AB, NATO və Rusiya ilə yaxınlaşmaqdır” açıqlamasını verən Ivanaşvilinin növbəti addımlarından da bunu müşahidə edəcəyik!
Niyə bizdə belə olmamalıdır? Mənim nəyim əskikdir gürcüdən ki, orda siyasilər supergüclərin bölgə iddialarından xalqın mənafeyi naminə istifadə edirlər, Gürcüstanı sivil dövlətə çevirirlər, burda isə milli maraqlar hakimiyyətə qurban verilir; niyə “xalqın iradəsini qəbul edib müxalifətə adlayan” Saakaşvilinin ləyaqəti qarşısında Ilham Əliyev idarəetməsinin şanlı ideoloqları “müxalifət ancaq xalqın qanının üstündən hakimiyyətə gələ bilər” deyir?
Mənim prezidentim niyə Saakaşvili yox, Bəşər Əsəd olmaq uğrunda çalışmalı, ölkəni Gürcüstana deyil, Suriyaya çevirmək düşüncəsini daşımalı və xalqını qana sürükləməlidir?