Azərbaycanda fəallarının təqibi güclənib

“Sərhədsiz reportyorlar”:”2013-cü il prezident seçkiləri ərəfəsində fərqli düşünənlərə təzyiqlərə başlayıb”

“Sərhədsiz reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycanda bloger və vətəndaş cəmiyyəti fəalı Zaur Qurbanlının 15 gün müddətinə həbs edilməsini kəskin pisləyib və onun dərhal azad edilməsini tələb edib.
“Şübhə yoxdur ki, Qurbanlı bloggerlik və siyasi fəaliyyətinə görə həbs edilib”, deyə bəyanatda bildirilir.
“”Eurovision” müsabiqəsi başa çatdıqdan sonra beynəlxalq təşkilatlar ölkəni tərk etdikdən sonra Azərbaycanda KIV-in və vətəndaş cəmiyyəti fəallarının təqibi güclənib və göründüyü kimi, hakimiyyət 2013-cü il prezident seçkiləri ərəfəsində fərqli düşünənlərə təzyiqlərə başlayıb”, deyə sənəddə bildirib. “Hazırda Strasburqda keçirilən AŞPA sessiyasının iştirakçılarını Azərbaycan hakimiyyətinin diqqətini bunun yolverilməz olduğuna çəkməyə və bütün siyasi məhbusları dərhal azad etmək çağırışı ilə qətnamə qəbul etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.
Bəyanatda Qurbanlının həbsinin təfsilatından və Azərbaycanda vətəndaş cəmiyyəti və fəallarının və jurnalistlərin digər təqibi faktlarından bəhs edilir.