Rusiyanın hərbi gəmiləri Azərbaycan sularında

Rusiya Xəzər Flotiliyasının “Tatarıstan” raketdaşıyıcı gəmisinin flaqmanlığı altında gəmilər dəstəsi bu gün Bakıya yola düşüb. Lent.az-ın Qazaxıstan saytlarına istinadən verdiyi məlumata görə, Aktauda Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri arasında komanda-qərargah təlimləri başa çatandan sonra, gəmilər Bakıya doğru istiqamət götürüblər.

Səfər Xəzəryanı limanlarla dostluq məqsədi daşıyır. Bakıda “Tatarıstan” gəmisi Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanlığı tərəfindən ziyarət olunacaq. Daha sonra Rusiya və Azərbaycan gəmiləri birlikdə Bakı limanından dənizə çıxacaqlar.

Xatırladaq ki, 11661 layihəli “Gepard” sinifli “Tatarıstan” gəmisi hazırda Xəzərdə ən güclü hərbi gəmi hesab olunur. Gəminin əsas silahı 130 kilometrə qədər atış uzaqlığına malik X-35E tipli gəmi əleyhinə qanadlı raketlərə malik “Uran” zərbə kompleksidir. Artilleriya silahlanmasına 76,2 mm-lik AK-176M və 30-mm-lik AK-630M avtomat topları daxildir. Gəminin hava hücumuna qarşı müdafiəsini “Osa-MA” raketləri təmin edir. Bununla yanaşı adıçəkilən gəmidə qayığa qarşı 533 mm-lik torpedalar quraşdırılıb.