Azərbaycan İslam Partiyası bəyanat yayıb. Bəyanatda Milli Məclisin üzvü Gülər Əhmədovanın rüşvət istədiyini əks etdirən videoya toxunulur: “Biz Gülər Əhmədovanın timsalında əksər millət vəkillərinin seçicilərin etimadını qazanmaq, maraqlarını yüksək tribunadan ifadə etmək əvəzinə şəxsi mənafeyə xidmət etdiklərinin, Milli Məclisə özlərinin gəlir mənbəyi kimi baxmalarının şahidi olmuşuq. Son hadisələr bu ehtimalı bir daha sübut etdi.
Uzun illər belə neqativ hallara qarşı mübarizə aparan pak insanları susdurmağa çalışıb, zindanlara atıblar. Belələrindən biri də məhz təhsildə rüşvət və korrupsiya hallarının olduğunu dilə gətirən, bu neqativliklərin diqqətdən yayınması üçün ortalığa süni problemlər atanları, bütövlikdə bunlara cavabdehlik daşıyan indiki hakimiyyəti kəskin tənqid edən AİP sədri Hacı Mövsüm Səmədovdur.
Mövcud acınacaqlı vəziyyətdən çıxış yolunu Azərbaycan İslam Partiyası Milli Məclisin buraxılması və prezident seçkisinə kimi qanunverici orqanın yenidən formalaşdırılması üçün seçki keçirilməsində görür. Yalnız obyektiv, demokratik və şəffaf seçkilər xalqımızı, dövlətimizi bu bəlalardan qurtara bilər”.