“Çudo Peçka”nı çökdürdülər

Kəmaləddin Heydərov sahibi olduğu «Sirr» şirkətinə yol açır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Çudo Peçka” MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılan araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib.
Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən “Çudo peçka”ya məxsus istehsal sexlərində aşkar olunan nöqsanlar səbəbindən “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib.
Eyni zamanda aşkar edilən nöqsanlarla bağlı Inzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq edilib.
“Çudo Peçka” şirkəti də bu məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Xüsusi dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə şirkətin mağaza-kafeləri təmir olunaraq yeni görkəm qazanır, orada olan sexlərdə müasir sanitar standartlara cavab verən təmir işləri aparılır və yeni avadanlıqlarla təchiz olunur. Şirkət müştərilərə təqdim olunan məhsulun keyfiyyətli olmasına daim diqqət yetirib. Yenidənqurma ilə bərabər isə bu diqqət daha da artırılıb”.
Bildirilir ki, məhsulların hazırlanmasında istifadə olunan xammalın keyfiyyətinə əmin olmaq üçün həm xammalı təqdim edən tərəfdən bu məhsulla bağlı müvafiq sertifikatlar tələb olunur, həm də qəbul olunan bütün xammal şirkət tərəfindən də yoxlanılır: “Satılan məhsulların istifadə müddətinə nəzarət etmək üçün şirkətdə daxili komissiya fəaliyyət göstərir. Yararlılıq müddəti keçmiş məhsullar mərkəzdə toplanaraq bu məqsəd üçün nəzərdə tutulmuş ərazidə komissiyanın iştirakı ilə məhv edilir. Son zamanlar mediada yayılmış məlumatlarla bağlı şirkət tərəfindən araşdırmalar aparılıb. Nəticələr üzrə cavabdeh əməkdaşlar məsuliyyətə cəlb edilərək ciddi cəzalandırılıb”.
Qeyd olunur ki, bir müddətdir “Çudo Peçka”da bəzi məhsulların istehsalı müvəqqəti olaraq dayandırılıb: “Bunun səbəbi həmin məhsullar üçün müvafiq sənədlərin tam qaydasında olmamasıdır. Artıq həmin məhsulların da sənədləşdirilməsi işinə başlanılıb. Bu proseslər tam yekunlaşdıqdan sonra ”Çudo Peçka” həmin məhsulları da tezliklə yenidən satışa çıxarmağı planlaşdırır. Eləcə də dönər məhsulu ilə bağlı sənədlərdə bəzi çatışmazlıqlar var idi. Artıq həmin sənədləşmələr də tam qaydasına salınıb. Tezliklər dönərin satışı bərpa olunacaq”.
Bəzi məlumatlara görə, əslində bütün bunlar “Çudo-Peçka” şirkətinin sıradan çıxarmaq üçün atılan addımlardır. Iddia olunur ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu sahəni ələ keçirmək istəyir. Ona görə də inzibati üsullarla sahibi olduğu “Sirr” şirkətinin rəqibini zərərsizləşdirir.  
Məlumat üçün deyək ki, “Çudo Peçka” şirkəti 2001-ci ildə qurulub və mağaza-kafe tipli fəaliyyət göstərir. Bu, öz sahəsində Azərbaycanda ilk şəbəkə, hazırda isə ölkənin ən geniş mağaza-kafe şəbəkəsidir. Müxtəlif illərdə ABŞ, Ingiltərə, Fransa, Hollandiya, Isveçrə kimi ölkələrdə yüksək keyfiyyət və biznes prestiji kriteriyalarına görə mükafatlar alıb.