Zaur Qurbanlıya psixoloji təzyiq var

Həbsdə olan gənc fəal Zaur Qurbanlının vəkili Aslan İsmayılov oktyabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə baş çəkib. Vəkil “Facebook” səhifəsində Zaur Qurbanlı ilə görüşü haqqında informasiya paylaşıb: “Gün ərzində bir neçə dəfə Zaur Qurbanlının işinə heç aidiyyəti olmayan, şəxsiyyətini bilmədiyim əməkdaş onu otağına çağıraraq cürbəcür, mahiyyəti kimlərinsə adını çəkmək məqsədi daşıyan suallar verib. Onun dediklərinə əməl etməyəcəyi təqdirdə Zauru 7-12 il həbs cəzası gözlədiyini bildirib”.

Vəkilin sözlərinə görə, bu davranış fəala gələcəkdə hansısa ittiham irəli sürmək üçün ifadə almaq məqsədi daşıyır: “Göstərilən psixoloji təzyiqlərə baxmayaraq Zaur özünü təmkinli aparır. Mənə bəlli oldu ki, həbs olunandan sonra hədə-qorxu və təzyiq nəticəsində onun guya polislə kobud davranması barədə ifadə alıblar. Baş verən qanunsuzluqlar barədə Baş Prokurorluğun “Qaynar xətt”inə məlumat verib Zaurun dərhal inzibati xəta törətmişlər üçün nəzərdə tutulan müəssisəyə yerləşdirilməsini tələb etmişəm”.