ilhamaliyev-alihasanov

Dəstəksizlərin avtoritarizmə dəstəyi

ilhamaliyev-alihasanovYaxud, Rusiyaya yarınmaq Qarabağdan önəmlidir

Qəzaya uğramış 11 aprel seçkisindən sonra hökumət özünə gələ bilmir. ATƏT-in məlum hesabatı, ABŞ Dövlət Departamentinin qiymətləndirməsi, rüsvayçı sövdələşmələrin ifşa edilməsi, dünyanın nüfuzlu nəşrlərinin Azərbaycan həqiqətlərini çılpaq şəkildə tirajlaması, mühacirlərin YAP hakimiyyətini dünyaya tanıtması və digər hadisələr hökuməti imtahandan kəsir. Təbii ki, hakimiyyət baş verənlərin fərqindədir və cırılmış masqanı yapışdırmağın effektsiz olduğunu anlayır. Amma bütün bunlara baxmayaraq, yenə də düzgün addım atmaq, ziyanın yarısından qayıtmaq istəmirlər. Hətta Ermənistanda baş verənlərdən sonra da avtoritarizmə nəfəslik verməkdə həvəslidilər. Belə ki, hökumət başverənlərdən Azərbaycanın leyhinə yararlanmaq, adekvat siyasət yürütmək əvəzinə, Rusiyaya yarınmağın üsullarını axtarır.

“Azərbaycan Qərbin sanksiyalarına qoşulmayacaq və ərazisindən başqa ölkələrə qarşı əməliyyat meydanı kimi istifadə olunmasına imkan verməyəcək. Azərbaycan Rusiya, İran və Türkiyənin dost xalqlarına qarşı sanksiyalarda iştirak etmir”.

Bu sözlər  prezidentin köməkçisi Əli Həsənova məxsusdur. Əli Həsənov bu fikirləri tirahlamaqla iki məqsəd güdür.

Birincisi,  hakimiyyətə qarşı olan təzyiqləri sanksiyalarla əlaqələndirmək istəyir. Yəni, dünya  hökumətə “2” yazıb və bunun səbəbi də  seçki saxtakarlığı,  korrupsiya, repressiyalar, hüquqsuzluqdur. Amma Əli Həsənov diqqəti hədəfdən yayındıraraq,  imtahandan kəsilmələrini sülhpərvərlikləri, qonşulara sədaqətləri ilə izah etməyə çalışır.

İkincisi, Əli Həsənov  birbaşa Rusiyaya dəstəyi nəzərdə tutur. Sadəcə olaraq Türkiyə və İranın adını əlavə etməklə analoqsuz yarınmaq əməliyyatına rəng verir.

Halbuki, Rusiyanın zəifləməsi Ermənistanın da zəifləməsi deməkdir. Bu isə Qarabaq məsələsində Azərbaycanın əlinin güclənməsi amlamına gəlir. Ümumiyyətlə, hamı başa düşür ki, münaqişənin ədalətli həllinə Rusiya əngəl törədir. Deməli, dövlət maraqlarını üstün tutan, ərazibütövlüyü arzusunda olan hökumət Rusiyaya qarşı atılan addımları təqdir etməliydi. Amma hökumət Əli Həsənovun dili ilə bəyan edir ki, Qarabağın heç bir önəmi yoxdur, Ermənistanın  güclənməsinə qarşı deyil.

Beləliklə, bütün dünyada dəstəyini itirmiş hakimiyyət, Rusiyaya dəstək olmaq öhdəliyi götürür. Məsələ burasındadır ki, hökumətin kimisə dəstəkləməsinin heç bir beynəlxalq əhəmiyyəti yoxdur. Sadəcə olaraq növbəti dəfə Azərbaycanı xarici siyasətdə uduzdururlar. Şəxsi maraqlar naminə 9 milyonun taleyini də, dövlətin maraqlarını da qurban verməyə hazırdılar.

Eyni zamanda sanksiyalara qarşı çıxmaqla, özlərinin də avtoritarlığını  etiraf edirlər. Və bilirlər ki, o “əjdaha” nın  bunların da qarşısına çıxmaq  ehtimalı var

Samir