Mərkəzi Bank həyəcan təbili çalır

«Azərbaycanda ödəniş kartları sahəsində fırıldaqçılıq halları mövcuddur»

Azərbaycan Banklar Assosiasiyasında (ABA) plastik kartlarla fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə ikinci iclas keçirilib. ABA-dan APA-ya verilən məlumata görə, iclasda çıxış edənlər ödəniş kartları sahəsində mövcud vəziyyət, Türkiyədə bu sahədə görülən işlər, bu sahədə meydana çıxan problemlərin aradan qaldırılması yolları və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş müzakirə aparıblar.
Iclasda Işçi Qrupunun sədr müavini Ramil Mahmudov (Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar Departamentinin milli ödəniş sisteminin inkişafı və nəzarəti şöbəsinin rəisi) Azərbaycanda ödəniş kartları sahəsində fırıldaqçılıq hallarının olduğunu və bununla mübarizədə ölkədə fəaliyyət göstərən bütün maliyyə qurumlarının səylərinin gücləndirilməsinin zəruriliyini bəyan edib.
Tədbirdə kartlarla fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə Işçi Qrupunun 2012-2013-cü illər üzrə Fəaliyyət Planı da təsdiq edilib. Qeyd edək ki, tədbirdə “MasterCard”ın Türkiyə nümayəndəliyinin təmsilçiləri Cem Kibaroğlu və Cənubi və Şərqi Avropa üzrə baş direktoru Mete Güney də iştirak ediblər.