“Siz sifariş almısınız, ona görə də…”

 

Eynulla Fətullayevin daha bir məhkəməsi yekunlaşdı

Baş redaktor hökmün qüvvədə qalmasına çəpiklə etiraz etdi

 

“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin daha bir məhkəməsi dünən yekunlaşdı. Əvvəlkilər kimi, yenə də nəticə jurnalistin əleyhinə oldu – Fətullayevin apellyasiya şikayəti təmin olunmadı. Hərçənd hakim Mirpaşa Hüseynov dünənki məhkəmə iclasının əvvəlində ümidverici danışırdı…

Daha doğrusu, hakimlər zala daxil olarkən məhkəmə prosesinə sədrlik edən Mirpaşa Hüseynov az qala, yıxılacaqdı. Bu an zalda qəribə bir ab-hava yarandı ki, deyəsən, Hüseynov onu aradan qaldırmaq üçün Fətullayevlə belə bir dialoqa başladı:

– Niyə gec gəldiz?

– Yollar “probkadı”. Əgər siz barəmdə həbs-qətimkan tədbirini dəyişsəydiniz, bu gün mən evimdən vaxtında gələrdim.

– Bir şey qalmayıb…

Jurnalistlər məhkəmə prosesində çəkiliş aparmaq istəsələr də, hakim icazə vermədi. Eynulla Fətullayevin vəkili Anar Qasımovun jurnalistin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti də təmin olunmadı.

Fətullayev ondan kiprik və dırnaq nümunələrinin götürülməsi və alternativ, paritet əsaslarla formalaşdırılmış ekspert komissiyası tərəfindən müayinə olunması, həmçinin onun üzərindən aşkarlandığı iddia olunan bükümlərin ekspertizadan keçirilməsi barədə vəsatət qaldırdı:

– Ekspertiza nəticəsində sübut olunsa ki, mənim hansısa bir günahım var, 3 il həbs cəzasına və ictimaiyyət qarşısında üzr istəməyə hazıram.

Bu vəsatətlər də təmin olunmadı.

Baş redaktorun üzərindən tapıldığı iddia olunan narkotikin mənbəyilə bağlı başlanmış cinayət işinin aqibətinə dair məlumat almaq üçün Qaradağ Rayon Polis Idarəsinə sorğu göndərilməsi barədə vəsatət də təmin edilmədi.

Məhkəmənin bu cür mövqe nümayiş etdirməsi baş redaktoru əsəbiləşdirdi:

– Müşavirə otağına getmədən qərar qəbul etmək qanunlara ziddir.

Daha donra hakim jurnalistin vəkili Anar Qasımova müdafiə nitqilə çıxış etməyi təklif etdi. Vəkil bildirdi ki, Fətullayevin müdafiəsinə yenicə qoşulduğundan çıxışa hazırlaşmağa imkanı olmayıb. Buna görə də məhkəmədən vaxt istədi. Amma hakim vəkilə vaxt verməkdən imtina edərək, sözü baş redaktora verdi. Eynulla Fətullayev isə məhkəmənin iş vaxtının bitdiyini, vəkilinin onu ancaq saat 18:00-a qədər müdafiə etmək öhdəliyinin olduğunu hakimin nəzərinə çatdırdı:

– Siz Əmək Məcəlləsini kobud şəkildə pozursunuz. Artıq 10 dəqiqədir ki, iş vaxtı bitib. Siz isə məndən danışmağımı tələb edirsiniz. Bu, sadəcə biabırçılıqdır.

Hakim katibinə göstəriş verərək, protokola Fətullayevin guya, çıxış etmək istəmədiyini yazdırmaq istəyəndə jurnalist buna etiraz etdi:

– Kim deyir ki, mən danışmaq istəmirəm? Mən danışmaq istəyirəm, siz mənə ləyaqətli şərait yaratmırsınız. Mənim istirahət hüququmu pozursunuz. 3 saatdır danışıram, yorulmuşam. Icazə verin əlimi-üzümü yuyum.

– Olmaz, mən də səninlə birlikdə burda idim. Əl-üzümü də yumamışam. Danış!

– Heç olmasa, 5 dəqiqəlik fasilə verin ki, əl-üzümü yuyum.

– Yox, olmaz.

– Gərək hər şeyi açıq deyim?

– Yaxşı, amma tez…

3-5 dəqiqəlik fasilədən sonra Eynulla Fətullayev çıxışa başladı:

– Azərbaycanda böyük bir fokus idarəsi var. Adına Baş Prokurorluq deyilir. Ona görə də bu cür biabırçı məsələlər çıxır ortaya…

Baş redaktorun çıxışı zamanı Mirpaşa Hüseynov onun sözünü kəsməyə cəhd göstərdi. Eynulla Fətullayev ona etirazını bildirdi:

– Bu qədər kobud, biabırçı qanunsuzluq etmək olmaz. Siz sifariş almısınız. Ona görə də mənə danışmağa imkan vermirsiniz. Tələsik bu gün işi yekunlaşdırmaq istəyirsiniz.

– Mən sifariş almamışam. 3 dəqiqəyə yekunlaşdırın.

– Niyə? Bu hansı qanunda yazılıb?

– Hakim özü bilər.

Etirazlara baxmayaraq, hakim nə Fətullayevin, nə də vəkilinin çıxışlarına imkan verdi.

Prokuror da gözlənildiyi kimi, apellyasiya şikayətinin təmin olunmamasını istədi. Məhkəmənin qərarı yenə prokurorun istəyinə uyğun oldu.

“Davam edir 37…” deyən Fətullayev bu qərara münasibətini əl çalmaqla bildirdi. Zaldakılar da ona qoşuldular…

Aytən Məmmədova