Rafiq Tağının işi “dalana dirənib”

Elçin Sadıqov: “Prokurorluq cinayətin açılmasında maraqlı deyil”

Baş prokuror Zakir Qaralovun son açıqlamasından da göründü ki, yazıçı Rafiq Tağının işində heç bir yenilik yoxdur. Z.Qaralov açıqlamasında R.Tağının qətli ilə bağlı istintaq hərəkətlərinin davam etdirildiyini, nəticələr barədə ictimaiyyətə məlumatlar veriləcəyini bildirmişdi.
Istintaqın gedişindən narazı qalan R.Tağının qardaşı Ilqar Tağıyev isə “Şərq”ə açıqlamasında deyib ki, onlara istintaqla bağlı heç nə deyilmir: “Soruşanda da deyirlər ki, istintaq davam edir, ortada fakt yoxdur. Bir ilə yaxındır qətl törədilib, ancaq hələ də saxlanılan olmayıb. Prokurorluq ancaq ”istintaq gedir”, “materiallar toplayırıq”, “ipucu var” kimi ümumi sözlərlə vaxtı uzadır, bu isə bizi qane etmir. Prezidentə müraciət hazırlamışıq. Müraciəti göndərəcəm və ölkə başçısından görüş istəyəcəm. Bilmirəm, bəlkə də prokurorluq doğrudan da işin üzərində işləyir. Amma hansısa nəticə yoxdursa, hesab edirəm ki, heç bir iş görülməyib. Cənab Qaralov sadəcə jurnalistlərə ümumi cavablar verir”.
Vəkil Elçin Sadıqov isə hesab edir ki, mərhum yazarın istintaq düzgün aparılmır: “Faktiki olaraq istintaq səmərəsiz aparılır. Düşünürük ki, istintaq zəruri məlumatları bizlə paylaşmadığı üçün deməli, nəyisə gizlədirlər. Prokurorluq məlum cinayətin açılmasında maraqlı görünmür. R.Tağının qətlinin istintaqını aparanlar artıq başqa istintaqlarda çalışırlar. Bu da o anlamı verir ki, mərhum yazıçının qətli tamamilə unudulmaqdadır. Biz də ancaq ”istintaq davam edir” cavabını alırıq. Heç bir fakta söykənmirlər və heç bir əməli iş getmir. Istintaqın səmərəli şəkildə aparılmasının təmin olunması üçün ölkə prezidentinə müraciət edəcəyik. Ümid edirik ki, bu ziddiyyətli qətlin istintaqı başa çatacaq və qatil layiqli cəzasını alacaq”.