Qadın siyasətçiyə məğlub olan idarəçilər

Nəsimi Məmmədli

Ölkəmizdə elə insanlar var, onları təkcə doğum günlərində, bayramlarda deyil, hər gün, hər saat xatırlamalı və diqqətdə saxlamalıyıq. Təəssüf ki çox zaman subyektiv və obyektiv səbəblərdən bunu edə bilmirik. Mənəvi borcumuza çevirməyi bacarmırıq.
Belə insanların bir əsas qrupu da məhz mübarizə meydanlarına atıldıqları üçün qondarma ittihamlarla həbs edilən şəxslərdir. Bu insanlara daim diqqət göstərmək mənəvi borcumuz olmalıdır.

İlk baxışda bəlkə də kiçik görünə bilən bu yanaşma, əslində cəmiyyətimizə böyük mübarizə əzmi, yüksək vətəndaşlıq dəyərləri qazandırmış olar.
Vicdanlı və ləyaqətli insanların daha çox əzildiyi, sınağa çəkildiyi, xəcalət çəkdiyi bir məmləkətə çevrildikcə, dəyərli insanların daha çox vəhdətə, qayğıya, bir-birinə dəstəyə ehtiyacı yaranır.
Onsuz da hazırkı hüquqsuzluq mühitindən təngə gələn bütün dəyərli insanlar bu ləyaqətsiz yükü daşımaqdan usanıb. Odur ki bir-birimizə sahib çıxmağı, mənəvi və maddi dayaq olmağı bacarmalıyıq.

Bu gün belə dəyərli insanlardan biri, qondarma ittihamlarla həbs edilən tanınmış qadın siyasətçi, AXCP sədrinin müavini Gozel Bayramlinın doğum günüdür. Onu səmimi qəlbdən təbrik edir, sağlamlıq, dözüm, iradə, səbr və azadlıq arzulayıram. Gözəl xanımın həbsdə qaldığı hər gün cəmiyyətin bütün vicdanlı insanlarında hiddət və narahatlıq doğurur. Əllərindəki hüdudsuz səlahiyyətlərə baxmayaraq, köməksiz duruma saldıqları bu qadın siyasətçiyə məğlub olan idarəçilər tarixin qınağından da qurtula bilməyəcəklər.
Gözəl Bayramlıya azadlıq!