Polisdə ölənin anası: “Sona qədər gedəcəyəm”

 

Elvin Əsgərovun anası mətbuat konfransı keçirdi

“Polis törətdiyi cinayəti ört-basdır edir”

 

“Oğlum Elvin Əsgərovun ölümü ilə bağlı işin sonuna qədər gedəcəyəm”. Bu barədə ötən gün RATİ-də keçirilən mətbuat konfransında E.Əsgərovun anası Roza Rəfiyeva bildirib.

O, oğlunun məhkumluğu olması barədə bəzi mətbu orqanlarda yayılmış məlumatların yanlış olduğunu deyir. R.Rəfiyeva həmçinin yanvarın 12-dən 13-nə keçən gecə baş verənlər barədə DİN-in versiyasını da təkzib edib.

Onun sözlərinə görə, Elvin Moskvadan gəlmiş dostu Məhəmməd Cəfərov və onun qardaşı Anarla “Neon” restoranının həyətində görüşüb: “Onlar restorana daxil olmayıblar, sadəcə həyətdə görüşüblər, söhbət ediblər və bərkdən gülüblər. Həmin vaxt çevik polis alayından üç polis onlara yaxınlaşaraq səs-küylü davranışlarının səbəbini soruşub və daha sonra sənədlərini tələb edib. Polis Məmmədi saxlamağı qərara alıb, bu zaman Elvin və Anar müdaxilə ediblər. Onlar polisləri Məmmədi saxlamamaq üçün razılaşdırmağa çalışıblar. Bu vaxt polislərdən biri Elvini söyüb, o da eyni şəkildə cavab verib. Bundan sonra polislər onları dəyənəklə döyməyə başlayıblar və daha üç polis maşını onların köməyinə gəlib. Elvini 8 polis döyüb. Bütün bunlar iki şahidin – Cəfərov qardaşlarının gözü qarşısında baş verib”.

“Elvinin bıçağı olmayıb və o heç kimi vurmayıb. Bütün bunları polis törətdiyi cinayəti ört-basdır etmək üçün uydurub. 6 saylı təcili yardım şöbəsində də Elvini döyüblər, 24 saylı polis bölməsinə isə artıq onun meyitini gətiriblər. Oradan onu 3 saylı xəstəxanaya aparıblar”, – deyə Roza Rəfiyeva bildirib.

R.Rəfiyevanın sözlərinə görə, məhkəmə-tibbi ekspertiza keçirilib, lakin ekspertizanın rəyi hələlik ona təqdim edilməyib.

Mətbuat konfransında iştirak edən hüquq müdafiəsiçi Vidadi İsgəndərli bildirdi ki, çevik polis alayı əməkdaşları küçədə keşik çəkmək və sənədləri yoxlamaq, xüsusən də hüquqazidd hərəkəti olmayan vətəndaşları döymək səlahiyyətində deyillər: “Bu, post-patrul xidmətinin vəzifəsidir. Qətl göz önündədir və mərhumun anası oğlunun vəhşicəsinə öldürüldüyünü sübut etmək üçün onun cəsədinin ekskumasiyasına hazırdır”.

“Elvinin ölümündən dərhal sonra 315-ci maddə (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) maddəsi ilə cinayət işi açılıb. Bu, Cəfərov qardaşlarına qarşı təzyiqdir, onlar artıq ilkin ifadələrini dəyişiblər”, – deyə İsgəndərli bildirib.

“Mən iqtidar adamıyam və inanıram ki, yuxarıdakılar bu işi araşdıracaq və günahkarları cəzalandıracaq”, – deyə Roza Rəfiyeva bildirib və oğlunun da Yeni Azərbaycan Partiyasının üzvü olduğunu əlavə edib. O qeyd edib ki, ombudsmana, DİN rəhbərinə, baş prokurora, MTN rəhbərliyinə, birinci xanıma və dövlət başçısına müraciət göndərib.

***

“Azadlıq” radiosuna açıqlamasında hüquq müdafiəçisi Leyla Yunus hər il Azərbaycanda 10-a yaxın vətəndaşın polis işgəncəsindən öldüyünü deyib: “Hər il biz bunun monitorinqini aparırıq. 2006-cı ildə kitab da çap etdik”. Azərbaycan Avropa Şurasına qəbul olanda xüsusi öhdəlik götürdü ki, qanunu pozan, vətəndaşa işgəncə verən polis işçiləri məhkəmədə cavab verməlidirlər. Polisin vətəndaşları incitməsi və ya öldürməsi ilə bağlı çoxsaylı sübutlar var. Ancaq bu günə kimi bir polis işçisi də məhkəmədə cavab verməyib. Cəzasızlığın nəticəsidir ki, polis işgəncəsindən ölənlərin sayı artır. Polis döyür, sonra deyir ki, avtoritetdir, kriminaldır. Yəni polis adam döyməlidir? Jinayəti törədibsə, qazamata, məhkəməyə aparsınlar. Polisin adam öldürməsi adi haldır. Ona görə deyirəm, vətəndaşlar, polisi görəndə yolu keçin. Bunu Nigeriyada, Somalidə, Meksikada edirlər. Nəşəxordan, xuliqandan qorxma, polisdən qaç”.

V.İsgəndərli də Leyla Yunusla həmfikirdir. Onun qənaətincə, polis özbaşınalığının artmasına səbəb cəzasızlıqdır: “Məsuliyyətə cəlb olunmurlar deyə azğınlaşırlar. Sabah polis küçədə yox, evə də basqın etsə, təəccüblənmərəm. Normal baxacam. Daha da azğınlaşacaqlar. Elvin Əsgərovun öldürülməsi son deyil”.

Ramin DEKO