beyubov

Generalın bacısı oğlu ilə bağlı yeni təfərrüatlar

beyubovGəncə polisi Azər Şahverdiyevin qəsdən atəş açmadığını bildirir; Şikayətçi isə onun nişan mərasimini dağıtdığını deyir

Göygöl rayonun Yeni Zod kəndində silahlı insident baş verdiyi barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki,  Gəncə şəhər Baş Polis Idarəsinin baş əməliyyat müvəkkili, prezident şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Azər Şahverdiyev içkili vəziyyətdə xidməti silahı olan “Makarov” tipli tapançadan daldabal havaya atəş açıb.
Qorxuya düşən sakinlər dərhal mərasimi tərk ediblər və bu barədə “102″ xidmətinə məlumat veriblər. Göygöl rayon polis şöbəsinin Sarısu bölməsinin əməliyyatçısı Vəfadar Orucov hadisə yerinə gəlib. O, sərxoş vəziyyətdə olan, hələ də atəş açmaqda davam edən və bununla insanları qorxudan Azər Şahverdiyevi sakitləşdirmək istəyib. Lakin Azər Şahverdiyev Vəfadar Orucovu ölümcül döyüb. Bundan sonra sakinlər daha da qorxuya düşüblər. Bir qədərdən sonra Azər Şahverdiyev özü atəşə ara verib.
Gəncə Şəhər Baş Polis Idarəsi bu məlumata reaksiya verib. Qurumun mətbuat xidmətindən “Azadlıq”a daxil olan məktubda məlumatın həqiqətəuyğun olmadığı bildirilir. Məktubda daha sonra deyilir: “Həqiqət budur ki, polis nəfəri Azər Şahverdiyev Göygöl rayonu ərazisində yaşayır, o rəsmi icazə alaraq Yeni Zod kəndində yaşayan dostu Mehtinin toy məclisinə idarə etdiyi avtomaşını ilə gələrkən avtomaşını toy məclisi olan evin qarşısında saxlamış və düşərkən avtomaşının arxa oturacağında atası Seminar Şahverdiyevə məxsus, rəsmi icazə sənədi olan tək lülə ov tüfəngini görmüş və tüfəngi söküb avtomaşının yük yerinə qoymaq üçün götürmüş və təsadüfən tüfəngdən havaya bir dəfə atəş açılmışdır. O, qəsdən atəş açmamış, kiməsə xəsarət yetirməmiş, heç bir ictimai qayda pozuntusu qeydə alınmamışdır. Azər Şahverdiyev Gəncə şəhər Baş Polis Idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmir, onda hadisə zamanı tabel silahı olmamışdır. Sarısı bölməsinin əməliyyat müvəkkili Vəfadar Orucovla əlaqə saxlanılmış və o bildirmişdir ki, həmin hadisə zamanı o hadisə yerinə gəlməmiş, ona qarşı heç kim xəsarət yetirməmişdir, istənilən qəzet və sayt əməkdaşlarına şəxsən bu haqda müsahibə verə bilər”.
Bu arada Azər Şahverdiyevin törətdiyi əməlin şahidi olan Göygöl sakini Mikayıl Məmmədov baş verənlərin təfərrüatı  barədə “Azadlıq”a danışıb. Mikayıl Məmmədov bildirib ki, hadisə Yeni Zod kəndinin sakinin Hümbət Əşrəfovun qızının nişan mərasimində baş verib. Onun sözlərinə görə, Azər Şahverdiyev havaya atəş açmaqla qonaqları mağardan didərgin salıb. Mikayıl Məmmədovun sözlərinə görə, o, Azər Şahverdiyevin üzərinə yeriyərək onu zərərsizləşdirmək istəyib. Lakin əməliyyat müvəkkili silahı onun üüstünə tuşlayıb. Mikayıl Məmmədov iddia edir ki, Azər Şahverdiyev ona tərəf 5 güllə atıb. “Həmin güllələri maddi sübut kimi götürmüşəm və onlardan birini Göygöl rayon Sarısu polis bölməsin rəisinə təqdim etmişəm”.
Məlumat üçün deyək ki, Mikayıl Məmmədovun səs yazısı da “Azadlıq”da var. Yəni, qəzetimiz bu məlumatı məqsədli şəkildə, qərəzli olaraq yaymayıb. Məlumat konkret şikayət əsasında dərc edilib. “Azadlıq” heç bir polis əməkdaşına, o cümlədən Azər Şahverdiyevə hər hansı qərəzi yoxdur. Onun da mövqeyini qəzetimizdə işıqlandırmağa hazırıq.

Ərşad