11 aprel və aprelin 11 günü

Rövşən Hacıbəyli

“Prezident İlham Əliyevin son 15 illik fəaliyyəti tam Azərbaycanın maraqları üzərində qurulmuş praqmatik bir siyasətdir. İlham Əliyev üçün daimi olan Azərbaycan xalqının maraqlarıdır. Fikir verdinizsə, andiçmə mərasimində İlham Əliyev sistemli Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının bir səhnəsini nümayiş etdirdi. İlk növbədə nədən başladı? Azərbaycan xalqına dəstək göstərdiyi üçün təşəkkürünü bildirdi”.

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-yə müsahibəsinə deyib.

Azərbaycan xalqının maraqları bu 15 ildə nədə ifadə olunub? Təəssüf ki, Əli Həsənov buna aydınlıq gətirməyib. Ancaq əvəzində başqa bir söz deyib: “Prezident İlham Əliyevi niyə xarici aləmdən yönəldə, idarə edə bilmirlər? Onun yürütdüyü müstəqil siyasətə ciddi təsir göstərə bilmirlər? Ona görə ki, prezident İlham Əliyevin siyasətinin arxasında xalq dayanıb”. İlham Əliyevin yürütdüyü “müstəqil siyasət” nədən ibarətdir? 2016-cı ilin aprel döyüşləri yadınızdan çıxdımı? O qədər şəhid verdik, ancaq Rusiya prezidenti Putinin bir sözüylə əsgərlərimizi döyüş meydanında qoyub qaçdıq. Xaricdən yönəltmə, “müstəqil siyasətə” təsir başqa necə olur? Öz torpağını işğaldan qurtarmağa qalxan prezident, ali baş komandan bir zənglə niyə geri çəkilir?!.

“İlham Əliyev üçün daimi olan Azərbaycan xalqının maraqlarıdır”. Buna cavabı elə bu gün Avropa Şurası verib; həm də Əli Həsənovun AzTV-yə müsahibəsindən xəbərsiz. Bu gün AŞ AŞPA-da korrupsiya ittihamları ilə bağlı hesabatını yayıb. Həmin hesabat Azərbaycanın bu 15 ildə ölkənin imicini hansı hala gətirdiyinin göstəricisidir. Azərbaycanda insan haqlarını qorumaq, demokratiyanı gəlişdirmək əvəzinə bu hakimkiyyət AŞPA deputatlarına milyonlar xərcləyib, əxlaqsız yola gedərək deputatları qadınlarla ələ almaq istəyib, təki ölkəmizdə insan haqlarının pozulmasından danışmasınlar, yazdıqları hesabat yumşaq olsun. Azərbaycanın əleyhinə olan heç bir məsələyə səs verməsinlər. Budurmu Azərbaycan xalqının maraqları? 15 ildə ofşorlara daşınan milyardlarlamı qorunur Azərbaycan xalqının maraqları? Arxasında xalq dayanan siyasətdə bəs nədən seçki saxtakarlığına gedilir? Müəllimlər, həkimlər, büdcə təşkilatlarında çalışanlar nədən alçaldılır, karusel oyuncağı olur? Arxasında xalq dayanan prezident nədən seçkilərə oyuncaq, cəmiyyət arasında heç bir nüfuzu, çəkisi, sözünün dəyəri olmayan adamlarla gedir? , 25 ildir “AXC-Müsavat cütlüyü” haqda eyni sözləri deyirlər, 1 illik hakimiyyətin “uğursuzluqlarından” danışırlar. Əli Həsənov bütün bunlara aydınlıq gətirmir, 25 ildir dillərinin əzbəri olan, hər yığıcaqda, hər açıqlamada təkrarladıqlarını deyir: “Azərbaycan siyasətində siyasi mədəniyyət, etika çərçivəsində siyasi mübarizə aparmaq, hakimiyyət uğrunda mübarizənin sivil davranış normalarını bərqərar etmək, Azərbaycanda partiyalararası əməkdaşlıq mühiti formalaşdırmaq siyasətinin təməlini ümummili lider Heydər Əliyev qoyub. Yadınıza gəlirsə, 1992-ci ildə ümummilli lider siyasi partiya yaradarkən heç zaman xalqı Elçibəy hakimiyyətinə qarşı səsləmirdi.

Prezident İlham Əliyev rəqiblərini, opponentlərini heç zaman aşağılamayıb, təhqir etməyib”.

Bu sitatı Əli Həsənovun yaddaşsızlığına yazmaq mamkünsüz, adam neçə ildir bu hakimiyyətin sözçüsüdür, Heydər Əliyevin də, İlham Əliyevin də müxalifət haqqında dediklərini bizdən yaxşı xatırlayır, əzbər bilir, hələ bizdən fərqli olaraq mətbuata açıqlanmayan təhqirləri də eşidib onların dilindən.

İlham Əliyevin müxalifətlə bağlı dediyi bir neçə sitata baxaq:

“Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı”.

İlham Əliyevin sözlərinə görə, son prezident seçkiləri “müxalifətin sonu” və “rəzalətin zirvəsi” idi”. Fevral 2014

“Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı”

“Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin – beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək”. Noyabr 2017

“O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi.

18 aprel 2018. Prezidentin 4-cü andiçmə çıxışından.

“Ünsür”, “rəzil”, “kor”, “naftalin iyi verən”, “5-ci kolon” və sadalamadığımız neçə-neçə bu tipli sözləri YAP hakimiyyətinin başında dayananlar müxalifət haqda deyib. Sivil siyasi mübarizə budurmu?

***

Bu gün Ermənistanda 11 gündür davam edən etiraz aksiyasında xalq öz istəyinə qismən çatdı; Serj Sərkisyanın 3-cü yol hakimiyyəti ələ almasına imkan vermədi, onu istefaya məcbur etdi. Prosesin sonu necə olacaq, hansı güclər hansı addımı atıb Ermənistanı hara aparacaq. Bunlar hələlik açıq qalır, ancaq ortada bir gerçək var, hakimiyyət xalqla olduğunu, onun etirazına biganə qalmadığını, onunla hesablaşdığını göstərdi. 2003-cü ili xatırlayırsınızmı? Xalq saxta seçkiyə, səslərin saxtalaşdırılmasına etiraz edirdi, sizin bu etiraza münasibətiniz yadınızdadırmı? Xalqı eşitmək, müxalifətlə dialoqa getmək əvəzinə bütün resurslarınızı işə salıb onları əzdiz. 2005-ci il necə, onu da unutmamısız yəqin. Yenə saxtakarlığa etiraz edən xalqın üstünə sümükqıran itlərlə getdiniz. Xalqa arxadan zərbə vurdunuz. Xalqın arxasında buna görəmi dayanırsınız?

11 apreldə və aprelin 11 günündə baş verənlər üzərində düşünməyə dəyər…