NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü, bloqçu Zaur Qurbanlının həbsi haqda rəsmi məlumatda deyilir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib, buna görə də 15 sutka həbs cəzasına məhkum edilib. Daha sonra Z. Qurbanlının iş yerində axtarış aparılıb və bu zaman “qanunsuz sənədlər və digər əşyalar aşkar edilərək götürülüb”.
Rəsmi məlumatdakı “narkotik” və “polisə müqavimət” şablonları Z.Qurbanlının tamam başqa motivlə həbs olunduğunu göstərir. Əslində Z.Qurbanlı saxlandığı ilk gündən onun ictimai fəallığına görə həbs edildiyi şübhə doğurmurdu.
Aldığımız məlumata görə, Z.Qurbanlı təqdim etdiyimiz bu çağırış vərəqəsinə görə həbs olunub, rəsmi məlumatda deyilən “qanunsuz sənədlər” də həmin vərəqələrdir. Bu çağırışı NİDA 8000 nüsxədə çap etdirib. Vərəqədə ölkə başçısı İlham Əliyevə bənzəyən bir silueti üzərində “Mən 2013-də gedərəm, əgər…” yazılıb. Vərəqənin axırında isə NİDA-nın sayt ünvanı – www.nidavh.org – göstərillib. Sayt açılanda həmin çağırış bir az fərqli silutein fonunda ön plana çıxır. Orada mətn belə tamamlanır: “… sən NİDA-çı olsan”.