Tikintisinə 15 milyon manat ayrılan Tibb Universitetinin Cərrahiyə korpusu yararsız hala düşdü
Tibb Universitetinin yeni tikilən Cərrahiyə korpusunda ötən gün güclü yanğın baş verib. Yanğın axşama yaxın söndürülüb. Yanğın başlayan vaxt içəridə fəhlələr olsa da, onlar binanı tərk edə biliblər.
Kəmaləddin Heydərov gəldi, jurnalistlər uzaqlaşdırıldı
Ötən gün sözügedən ünvanda olanda korpusun yarıdan çoxunun yandığının şahidi olduq. Həmin vaxt fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerində idi.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirdi ki, hadisə barədə xidmətə ilkin məlumat səhər saat 9 radələrində daxil olub: “Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxananın ərazisində Səhiyyə Nazirliyi tərəfindən yeni inşa olunan 13 mərtəbəli binanın yuxarı mərtəbələrində başlayıb. Yanğın zamanı hadisə yerində olan 10-dan çox fəhlə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə olunub. Binanın 200 kvadrat metr ərazisi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi barədə araşdırmalar aparılır”.
Məlumata görə, hadisə yerinə fövqalədə hallar naziri Kəmaləddin Heydərov da gəlib. Bu zaman çəkiliş aparan jurnalistlər ərazidən uzaqlaşdırılıb.
“Azadlıq”a daxil olan xəbərə görə, yeni korpusun tikilməsi üçün dövlət büdcəsindən 15 milyon manat pul ayrılıb.
Neft emalı zavodundan partlayış xəbəri
Dünən günün ikinci yarısında Heydər Əliyev adına Neft emalı zavodunda güclü partlayış baş verdiyi, ölən və yaralananların olduğu barədə məlumat yayıldı.
Olay yerinə gələn jurnalistlərin çəkiliş aparmasına maneə yaradılıb. Zavoddan təxliyə edilən fəhlələr yaxınlıqdakı parkda saxlanılıb.
Ərazidə FHN-nin xilasediciləri və yanğınsöndürənlər olub.
Dünən axşam saatlarında Dövlət Neft Şirkəti Bakı Neft Emalı Zavodunda (BNEZ) partlayış baş verməsi barədə məlumatları təkzib etdi. Qurumun məlumatında bildirilirdi ki, zavodda partlayış baş verməsi, ölən və yaralananların olması barədə yayılan məlumatlar doğru deyil. Şirkətin rəsmi açıqlamasına görə, zavodun 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılıb: “Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir”, – deyə məlumatda bildirilir.
Bununla yanaşı bildirilir ki, oktyabrın 1-də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınıb: “Buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməyib, yanğın baş verməyib. Qurğuda təmir işləri davam etdirilir”.
Ramin DEKO