Qırıcının pilotlarının Rusiyanın əmriylə öldürüldüyü və dənizə atıldığına dair xəbərlər yayılıb
Türkiyə Hərbi Hava Qüvvələrinin “RF-4E” təyyarəsinin pilotlarının öldürülməsini sübut edən Suriya xüsusi xidmət orqanlarının məxfi materialları mətbuata sızıb. Həmin sənədlərdə Türkiyəyə məxsus təyyarənin pilotlarının qəza nəticəsində deyil, Moskvanın tələbi ilə Bəşər Əsədin adamları tərəfindən öldürüldüyü iddia edilir. Bu gizli sənədləri “Əl-Ərəbiyyə” kanalı yayımlayıb.
Mətbuata sızan məxfi sənədlərdə “Rusiya rəhbərliyindən verilən məlumat və əmrə əsaslanaraq xüsusi xidmət orqanları tərəfindən (Suriya) saxlanılan 2 türk pilotunu təbii yolla kənarlaşdırmaq lazım gəldi, onların meyitlərini isə beynəlxalq sulardakı qəza yerinə (təyyarə) qaytarmaq lazımdır” deyilir.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 22-də Aralıq dənizi üzərindəki beynəlxalq hava məkanında Suriya tərəfindən vurulan “RF-4E” tipli təyyarənin pilotları – kapitan Gökhan Ertan və leytenant Həsən Hüseyn Aksoyun meyitlərinin dənizin dibində aşkarlandığını açıqlamışdı.