Gürcüstandakı parlament seçkisindən bizi çox ax vaxt ayırır. Ölkə işgəncə faktları zəminində böyük etirazlar yaşadı, yalnız bu son günlərdə sakitlikdir.
Doğrusu, Gürcüstanda etirazların belə davamlı və kütləvi xarakter alacağını gözləmirdim. Düşünürdüm ki, həbsxanalara nəzarəti həyata keçirən nazirin istefası ictimai ehtirasları səngidəcək. Amma belə olmadı. Etirazlar hələ də davam edir. Prinsipcə, burada neqativ bir hal görmürəm, əksinə insan hər hansı zorakılıq halına qarşı dözümsüz münasibət gəstərirsə bunun özü çox müsbət haldır. Lakin lap yaxınlarda, oktyabr ayında Gürcüstan özünün parlamentinə növbəti seçki keçirməlidir. Artıq məndə belə təəssürat yaranır ki, M.Saakaşvilinin başçılıq etdiyi blok üçün çox çətin olacaq. Bəlkə də indi gürcü siyasətində M.Saakaşvili dövrünün finalının başlanğıcını görürük. Bu sizə qeyri-adi görünməsin, gürcü cəmiyyəti çox inadkar cəmiyyətdir, əgər o kimisə yola salmaq fikrinə düşürsə, bunu mütləq başa çatdırır. Saakaşvili bir dəfə demişdi ki, biz nəyin bahasına olursa-olsun seçkidə qalib olacağıq. Indi mən bunun mümkünlüyünə o qədər də inanmıram. Çox güman, hakim partiya özünün inzibati resurslarından faydalana bilməyəcək. Etirazların bu çağında seçkini saxtalaşdırmaq daha böyük ictimai dalğaya səbəb ola bilər.
Biz Gürcüstan cəmiyyətini Z.Qamsaxurdianın, E.Şevardnadzenin vaxtında görmüşük, indi həmin cəmiyyəti M.Saakaşvilinin dövründə görürük. Prinsip etibarilə çox şey dəyişməyib, həmin mətin gürcü cəmiyyətidir. Şəxsən məni daha çox proseslərdə “Rusiya izi”nin olub-olmaması maraqlandırır. Qalan bütün məsələlər yoluna qoyula bilər. Bəs gürcü cəmiyyəti M.Saakaşvilidən niyə narazılıq edir? Bunun bir neçə səbəbi var. Bu səbəbləri müəyyən etmək üçün donuq, statik vətəndaş mövqeyindən azacıq kənara çıxmaq lazımdır…
Saakaşvili cəmiyyətdən güclü ola bilməzdi…
Bu, həqiqətən də belədir. Səbəb sadədir. Biz Şərq insanları kiçik bir iş üçün hakimiyyətə o qədər minnətdar olmağı öyrənmişik ki, xristian, əsas da Qərb cəmiyyətinin davranışını anlamağa çətinlik çəkirik. Harasa kiçik yol çəkilir və asfalt döşənir. Hakimiyyətə o qədər təriflər yağıdırırıq ki! Və düşünmürük ki, bu, hakimiyyətin işidir. Qərb cəmiyyətində insanlar daim hakimiyyətdən narazılıq tonunda köklənir. Onlar hər işə bir prizmadan baxırlar: daha yaxşı, gözəl ola bilərdi! Bu da əlavə stimul deməkdir – həm hakimiyyət üçün, həm də cəmiyyət üçün. Gürcü cəmiyyəti də tarixən özünü Avropaya yaxın hesab edib. Saakaşviliyə gəldikdə isə, onun müsbət işlərilə yanaşı mənfi cəhətləri də vardı. Bəlkə də bu cavanlıqdan irəli gəlir, onun xarakterində bir avtoritar lider xüsusiyyətləri var. Mən Gürcüstanda olan bir neçə əcnəbinin onunla bağlı fikirlərini oxumuşam. Bizdən fərqli olaraq onlar M.Saakaşvilini diktator hesab edirlər. Təbii, burada bir qədər şişirtmə də var. Lakin misal var, deyir ki, od yanmasa tüstü çıxmaz. Elə gürcü cəmiyyətinin özünün onunla bağlı mövqeyi birmənalı deyil. Həm də əvvəldə qeyd etdiyim kimi, cəmiyyətdə bir dinamizim var, o, olduğu yerdə dayanmaq istəmir. Bunun nəyi pisdir ki? Biz çox mühafizəkarıq. Azərbaycan cəmiyyəti həmişə dəyişikliklərdən qorxur, o həmişə mövcud qaydaların və münasibətlərin qalmasının tərəfdarı tək çıxış edir, yeniliyə meyl azdır. Istənilən azərbaycanlıdan hətta hipotetik dəyişiklik barədə soruşsanız bir cavab eşidəcəksiniz: “sonra gələnlər guya indikindən yaxşı olacaq?”. Amma gürcü cəmiyyəti belə deyil. Bu cəmiyyət hər bir anda özünün ən böyük oğlundan belə böyük və qüdrətli olduğunu sübut etməyə hazırdır. Siz adi bir detala diqqət yetirin. H.Əliyevi və E.Şevardnadzeni yada salın. Iki kommunist funksioner, iki prezident. Hətta eyni vaxtda siyasi büro üzvü olublar, üstəlik, Şevardnadze M.Qorbaçov dövründəki işlərinə görə bir neçə dəfə yüksək müsbət imic qazanmışdı, dünyada daha yaxşı qarşılanırdı. Amma gürcülər Şevardnadzeyə heykəl qoymadılar, onu bütləşdirmədilər. O da bundan incimir, hətta belə hesab edir ki, elə belə də olmalıdır. Cəmiyyət miqyasında götürəndə bu iki qonşu cəmiyyyətin fərqidir. Hətta indinin özü üçün Gürcüstanda olan bu etirazlar Azərbaycanda ola bilməzdi, onu dərhal yasaq edərdilər. Ona görə mən bir daha qeyd edirəm ki, Gürcüstan Avropa ölkəsi üçün xarakterik davranış tərzi nümayiş etdirir. O ki qaldı M.Saakaşvili cənablarına… Bu xüsusda da fikir söyləmək elə bir çətinlik t.örətmir.
Güclü hakimiyyətdənsə güclü cəmiyyət yaxşıdır…
Indi bilavasitə seçki ilə bağlı söz demək çətindir. Çox şey ola bilər. Lakin bu prosesdə önəm kəsb edən tamam başqa məsələdi, cəmiyyət güclü olmalıdı.
Mənə belə gəlir ki, M.Saakaşvilinin də daha çevik və daha güclü müxalifətə ehtiyacı var. Ən başlıcası isə Gürcüstanın buna ehtiyacı var. Ola bilsin, bu seçki Saakaşvili komandasının qürubunun başlanğıcı olacaq. Nə olsun ki? Bununla həyat və siyasət bitirmi? Yox. O, davam edir və davam da edəcək.
Irəli getmək üçün risk etməyi bacarmaq lazımdır. Siyasətdə elə vaxtlar olur ki, mühafizəkarlıq müsbət nəticələr verir. Amma o həddini aşanda tərəqqini əngəlləyir, inkişafı ləngidir. Gürcüstandan fərqli olaraq Azərbaycan indi bu dönəmi yaşayır. Sabahın mümkün dəyişiklikləri qarşısındakı qorxu onun öz ayaqlarında buxova çevrilir. Bəzən bunu elə yozurlar ki, guya cəmiyyətin öz gələcəyini müəyyən etmək üçün seçim imkanları, variantları məhduddur. Di gəl, hər şey çox sadədir: cəmiyyət seçim etməyə qorxur. Liberal Gürcüstan cəmiyyətisə sosial eksperimentdən çəkinmir, ona doğru gedir və əminliklə demək olar ki, bu yol bütün yolların ən doğrusudur, çünki o, qırılmır, davam edir…
Güclü hakimiyyət, yoxsa güclü cəmiyyət?
•