amea

Azərbaycan dili “sözlüyü”nün plagiat davası

ameaXatırlayarsınız, keçən ilin sonlarında Azərbaycan Tərcümə Mərkəzinin rəhbərliyi ilə nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” həm sosial şəbəkələrdə, həm də elmi dairələrdə böyük müzakirələrə səbəb olmuşdu. Sözlüklə bağlı sosial şəbəkələrdə gülüş doğuran müzakirələri bir kənara qoyuram. Bəs nəşrlə bağlı elm adamlarının, bu sahənin bilicilərinin iradları, narazılıqları nədən ibarətdir? Məsələnin mübahisə doğuran əsas məqamı odur ki, niyə görə bu işi birbaşa aid olduğu instituta, yaradıcı heyətə deyil, başqa bir quruma veriblər? İşi niyə bu işin bilicisi olan, illərdir bu sahədə çalışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna tapşırmayıblar ki? Bunun hansı dairələrin tapşırığı əsasında, kimin təklifi və ya himayədarlığı olaraq Tərcümə mərkəzinə həvalə olunduğunu deyə bilmərik. Amma təkcə adi insanların deyil, təcrübəli alimlərin tənqidi rəylərinə də əsaslanaraq deyə bilərik ki, sözlükdə xeyli qüsurlu məqamlar var. Bundan başqa, həmin Dilçilik institutunun alimləri artıq “Sözlüy”ü plagiat olaraq dəyərləndiriblər. Hətta Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla da bu fikirlə tam həmrəy olduğunu bildirib. O, Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” adlandıraraq deyib: “Sözlük əməlli-başlı, yumşaq desək (bircə Afaq Məsud faktoru olmasaydı tam kəskinliyi ilə hələ nələri ortaya qoymaq olardı) plagiatdır”. Bu ittihamlara cavab olaraq deputat, Dövlət Dil Komissiyasının üzvü Nizami Cəfərov xüsusi məqalə ilə çıxış edib. O deyib ki, “kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv eləyir”.

N. Cəfərovun nədən alimlərin tənqidi fikirləri qarşısında belə təlaşlandığını da başa düşmək olmur. Ağla gələn ilk fikir odur ki, bu nəşrin Tərcümə mərkəzinə həvalə olunması, bəlkə də, elə Cəfərovun ideyasıdır. Olsun. Amma bizi kimin kimlə hansı üstüörtülü səbəblərə görə çəkişməsi çox da maraqlandırmır. Bizi maraqlandıran illərdən sonra ortalığa dilimizlə bağlı normal bir məhsul çıxarılması məsələsidir. İş ondadır ki, ortaya çıxan həmin məhsulu çoxluq tənqid edir. Bir yandan, çox sayda dil biliciləri nəşrdə ciddi qüsurlar olduğunu bildirir. Başqa bir yandan da, Dilçilik İnstitutu sözlüyü birmənalı olaraq plagiat hesab edir. Dilçi alimlərin rəyinə görə, “Sözlük” hansı səbəbdənsə tələm-tələsik, üzərində ciddi şəkildə işlənmədən hazırlanıb nəşr edilib. N.Cəfərov nəşrin rəhbəri yazıçı Afaq Məsudun dil sözlüyünə novator, yaradıcı yanaşdığını iddia etsə də, tənqidçilər bir çox məqamlarda novatorluq, yenilik adına hoqqabazlıq edildiyini bildirirlər. Xülasə, belə görünür ki, dilimizlə bağlı çoxdan gözlənən bu sözlük də insanların ümidini doğrulda bilən bir məhsul deyil. Əgər çoxluq birmənalı olaraq nəşrin uğursuz olduğu fikrindədirsə, deməli, qüsurlar haqqında ciddi şəkildə düşünməyə əsas var. Çünki dili çəkişmələrin və ya intriqalarının hədəfinə çevirib, onun başına oyun açmaq kimsənin haqqı deyil.

Səadət