Vəfa Quluzadə: “Buna səbəb Xəzərdə Rusiya və Iranın güclü hərbi donanmalarının olmasıdır”
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerika Ticarət Palatasının tədbirdə ölkəsinin Xəzər dənizində təhlükəsizliklə bağlı Azərbaycanla sıx əməkdaşlıq etmək istədiyini açıqlayıb. Səfirin sözlərinə görə, Xəzərdəki infrasturkturun təhlükəsizlik baxımınan qorunmasında köməkliklərini və əməkdaşlığı həyata keçirmək üçün müxtəlif istiqamətlərdə danışıqlar aparılır. Morninqstar həmçinin ölkəsinin Azərbaycanla ümumi hava məkanı haqqında saziş imzalamaq üçün danışıqlara başlamağa hazırlaşdığını deyib. Bu sahədə danışıqlar hələ başlamasa da, proses təxminən bir-iki il davam edə bilər.
ABŞ rəsmilərinin Xəzərin təhlükəsizlik məsələsinə toxunması hallarının artması bu ölkənin regionda müəyyən narahatçılığı ilə izah oluna bilər. Bəs Vaşinqtonu narahat edən nədir?
Politoloq Vəfa Quluzadə ABŞ-nın narahatçılığı üçün əsas olduğunu deyir. Buna səbəb isə Xəzərdə bir tərəfdə Rusiyanın, digər tərəfdə isə Iranın güclü hərbi donanmalarının olmasıdır. Azərbaycanın isə bu imkanları mövcud deyil. Xəzərdə Azərbaycan üçün başqa bir təhlükə də Rusiyanın daima Azərbaycanla Türkmənistanın arasını vurmaq istəyidir. Türkmənistandan bəzən Azərbaycanın ünvanına aqressiv bəyanatlar da eşidilir. Bu baxımdan ABŞ Azərbaycanla bu sahədə əməkdaşlıq etsə, Azərbaycanın müdafiə sistemini yaratmağa köməklik göstərsə, bunun çox böyük əhəmiyyəti olar.
Ekspertin fikrincə, Xəzərdə təhlükəsizliyi qorumaq üçün Azərbaycanın bəzi adalarında radar-raket sistemləri yerləşdirilə bilər. Bu radar-raket sistemləri şimaldan və cənubdan yönələn təhlükəni dəf etməyə qadir olmalıdır. Eyni zamanda Amerika müəyyən yüngül hərbi gəmi, hərbi donanma, yaxud Azərbaycanın hərbi donanmasını inkişaf etdirmək üçün xüsusi mütəxəssislər göndərə bilər. Bu sahədə ABŞ-la Azərbaycanın əməkdaşlığı olduqca önəmlidir. Bu əməkdaşlıq nə qədər tez başlasa, bir o qədər də ölkəmizin xeyrinədir.
Fizzə