Qərbin təzyiqi ilə üzləşən hakimiyyət Rusiyanın yardımıyla vəziyyətdən çıxmağa çalışır
Rusiya əvvəlki icarə haqqı qalmaq şərti ilə Qəbələ RLS-in icarə müddətini üç il artıra bilər. Xatırladaq ki, RLS-in icarə müddəti bu ilin dekabrın 24-də bitir və Azərbaycan tərəfi müqavilənin müddətini uzatmaq üçün icarə haqqının indiki 7 mln. dollardan 300 mln. dollara qədər artırılmasını istəyib.
Rusiya mətbuatının yaydığı bu xəbər rəsmi Bakının güzəştə getməyə hazır olduğunu göstərir. Bu da səbəbsiz deyil. Qeyd edək ki, son dövrlər iki ölkə arasında bir sıra məsələlərdə narazılıqlar var idi. Rusiya Transxəzər qaz kəmərinə qarşı çıxır, Azərbaycanın Gürcüstanla münasibətləri, Suriya məsələsində tutduğu mövqe, Israildən silah alması bu ölkəni narahat edir. Həmçinin Azərbaycanın Rusiya istehsalı olan avtomobillərin idxalını dayandırması da münasibətlərin pisləşməsində rol oynadı. Belə bir dönəmdə Azərbaycanın Qəbələ RLS-lə bağlı güzəştinin arxasında müəyyən məsələlər dayanır. Bu da əsasən qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Hələ bir müddət əvvəl ekspertlər Azərbaycan hakimiyyətinin seçki ərəfəsində yenə də Rusiyanın köməyindən istifadə edəcəyini bildirirdi. Iranın ardınca Rusiya ilə də münasibətlərin normallaşmağa doğru getməsi bu ehtimalları doğruldur.
Siyasi ekspertlər Qərblə münasibətləri korlanan Azərbaycan hakimiyyətinin Rusiyanın köməyindən istifadə edəcəyini deyir. Belə ki, Qərbdən demokratiya ilə bağlı təzyiqlər səngimək bilmir. Qərbdə ən müxtəlif dairələrdə Azərbaycanda 2013-cü ildə keçiriləcək seçkilərlə bağlı müzakirələr başlayıb. Digər tərəfdən, Avropa strukturları Azərbaycana ciddi maraq göstərməyə başlayıb. May ayında hakimiyyətdə təmsil olunan vəzifəli şəxslərə sanksiyalarla bağlı qətnamə qəbul olunub. Bu da hakimiyyəti çətin vəziyyətə salıb. Ənənəvi olaraq Azərbaycan hakimiyyəti Rusiyanın köməyi ilə vəziyyətdən çıxmağa çalışır. Qəbələ RLS ilə bağlı uzun müddətdir güzəştə getmək istəməyən Azərbaycanın birdən-birə mövqeyini dəyişməsi də bunu deməyə əsas verir.
Ekspertlərin fikrincə, Azərbaycan iqtidarı yenə də seçki ərəfəsində Rusiya ilə münasibətləri yaxşılaşdırmağa və bu ölkədəki antidemokratik rejimin köməyi ilə öz hakimiyyətini qorumağa çalışır. Çox güman ki, elə bilavasitə Rusiya mətbuatında yayılmış bu məlumat həqiqi vəziyyəti əks etdirir.
Fizzə