Yeraltı talanın yerüstü fəlakətləri

Çınqıl biznesində yüksək çnli məmurların adları keçir

İmişlidə məhsuldar torpaqlar azalıb, meşə zolaqları, əkin, otlaq sahələri zəbt edilib, əhali daşqın, epidemiya təhlükəsi ilə üz-üzə qalıb

əvvəli 28 sentyabr sayımızda

Qum-çınqıl məhsullarının istehsalı ilə bağlı fəaliyyət “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Təbiəti mühafizəÿvəÿtəbiətdən istifadəÿhaqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və başqa qanunların, torpaq, su məcəllələrinin, Nazirlər Kabinetinin çoxsaylı qərarlarının təsiri altına düşür.
Mineral-xammal ehtiyatları vəziyyətinin qiymətləndirilməsi və ondan səmərəli istifadənin uçotunun təşkili, yer təkinin planauyğun və kompleks şəkildə geoloji cəhətdən öyrənilməsinə dair informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və istifadəsi məqsədi ilə Dövlət Geoloji Informasiya Fondu yaradılıb. Qeyri-filiz materiallarının istehsalı, emalı və satışı ilə bağlı işlərə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Iqtisadi Inkişaf, Sənaye və Energetika, Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu, Sənayedə Işlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, yerli icra və bələdiyyə orqanları öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməlidir. Bu fəaliyyətlə məşğul olmağa xüsusi razılıq (lisenziyaya) alınmalıdır. Lisenziya müvafiq ixtisaslı mütəxəssisləri və işçi heyəti, maşın-mexanizmləri, qazma dəzgahları olan, yatağın işlənməsi ilə bağlı “Dağ-mədən işlərinin inkişafı planı”nı təqdim edən hüquqi və fiziki şəxslərə verilir. “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Prezidentin 23 oktyabr 2003-cü il tarixli fərmanı ilə lisenziyalaşdırma obyektləri kimi maraq doğuran yer təki sahələri istifadəçilərə müsabiqə (tender) yolu ilə verilməlidir.
Iş adamları bildirir ki, qanuni əsaslarla fəaliyyət göstərmək üçün tələb olunan bütün sənədləri (icazə, razılaşdırma, akt, ekspertiza, rəy və s.) əldə etməyə 500 min manat xərc çıxır. Fəaliyyət dövründə isə vaxtaşırı qeyri-rəsmi tələblər ödənilməlidir. Yoxsa müəssisə istənilən vaxt çökdürülə, böyük məbləğdə cərimələnə, istismar etdiyi yataq və istehsal etdiyi məhsul əlindən alına, onun rəhbəri barəsində cinayət işi açıla bilər. Ona görə də qum-çınqıl biznesi ilə də sıradan bir sahibkar məşğul ola bilməz. Imişlidəki çınqıl biznesi ilə bağlı indiyədək mətbuatda dərc edilmiş yazılarda Prezidentin Icra Aparatının rəhbəri Ramiz Mehdiyevin, baş prokuror Zakir Qaralovun, Dövlət Reyestr Xidmətinin keçmiş rəhbəri Arif Qaraşovun, Azərbaycan Beynəlxaq Bankının direktoru Cahangir Hacıyevin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin və başqalarının adları keçib. Çınqıl bumu Bəhrəmtəpə Hidroqovşağının Istismarı Idarəsinin rəisi Mirqoca Mirişovu rayonun ən varlı adamlarından birinə çevirib. Ortada qərarların qəbuluna təsir etmək imkanı olan şəxslərin olmağıdır ki, çoxsaylı dövlət orqanlarının ayrılıqda və birgə təşkil etdikləri monitorinq və reydləri səmərəsiz olur.

YAP-a ödənilən “vergi”

Bəzi iş adamları rüşvəti “sivil” formada ödəyir. Məsələn, rayonun ən “bərkgedən” iş adamı, “Messanat Holding”in sahibi olan Tofiq Isayev bu yaxınlarda YAP-ın rayon təşkilatının qərargahını təmir etdirib, hazırda Imişlidə “Heydər Əliyev Mərkəzi” tikdirir. Internet səhifəsində (http://messenat.az/default.html) “Tamahkar qənaətcilin ruzisidir” (?!) şüarı səsləndirən, “15 iyun”u özünün işgüzar fəlsəfəsi elan edən və bütün ilboyu həmin gün münasibətilə ziyarətçilərini təbrikləyən şirkətlər qrupunun istehsalat müəssisəsi olan “Bəhrəmtəpə-Çınqıl” ATSC, “qırmadaş, qum və çınqıl istehsal edən, dünya standartlarına uyğun texnoloji avadanlıqlarla və texnika ilə təchiz olunmuş və ölkəmizdə ən böyük yeraltı qum-çınqıl ehtiyatlarına malik bir müəssisə” kimi təqdim edilir. Bakıdakı nəhəng göydələnlərin bir çoxu Imişlidən dəmir yolu ilə gecə-gündüz daşınan qum-çınqılla tikilib. Bu məhsullar tam həcmdə nə istehsal, nə daşınma barədə statistikalara düşüb, nə də vergiyə cəlb edilib. Sorğumu cavablandıran Bəhrəmtəpə bələdiyyəsi bildirir ki, son illər heç bir müəssisə (o cümlədən, “Bəhrəmtəpə-Çınqıl” ATSC) ona mədən vergisi ödəməyib. Ayrıca Su Elektrik Stansiyası olan və dəmir-beton məmulatları buraxan holdinq, çayın suyu və daşı ilə əməlli-başlı imperiyaya çevrilib və vaxtaşırı qanunsuz gəlirlərindən bir hissəsini YAPlaşdırmaqla, ona bu şəraiti yaradan siyasi hakimiyyətə borcunu ödəyir.
Hazırda Imişlidə geniş miqyasda təmir-tikinti işləri aparılır: yol kənarlarına hasar çəkilir, səkilər yenilənir, sosial obyektlərin, inzibati binaların fasadları üzlənir. Təbii ki, bu işlərdə qum və çınqıl məhsullarından geniş həcmdə istifadə edilir. Mən Imişli Rayon Icra Hakimiyyətinə informasiya sorğusu ünvanlayaraq, həmin işlərin maliyyə mənbəyi ilə maraqlandım. Məlum oldu ki, milyonlarla manat vəsait tələb edən bu işlər sahibkarların hesabına görülür. Razılaşarsınız ki, heç bir iş adamı xoşluqla malını küçəyə tökməz, onlar buna məcbur edilir. Vergidən yayınan, fəaliyyət göstərdikləri yaşayış məntəqələrində bir iş görməyən bu “xeyriyyəçilərin” rayon mərkəzində aparılan abadlıq kampaniyasına könüllü qoşulması ağlabatan deyil.

Astarı üzündən baha

Karxanalar yerləşən yaşayış məntəqələri daim səs-küy, toz və qaz tullantılarının təsirinə məruz qalır. Rayondakı asfalt zavodlarının atmosferə buraxdığı qaz zərərli maddələrdən təmizlənmir. Məhsullar normadan artıq yüklənən avtomobillərlə daşındığından, yerli və respublika əhəmiyyətli avtomobil yolları, körpülər bərbad hala düşür, onların bərpası xeyli vəsait və vaxt tələb edir. Tikinti materialları maşınlarda əsasən üstüaçıq halda daşınır. Imişli şəhərinin Xiyabani küçəsinin sakinləri şikayətlənir ki, külək dəmir yolu kənarındakı yükləmə məntəqəsindən havaya qalxan qumu həyətlərinə, evlərinə səpir.
Daimi istismara məruz qaldığından, çayların mühafizə bəndlərinə bitişik ərazilərdə dərin çökəkliklər yaranıb, bu isə bolsululuq dövründə bəndin yuyulmasına, ətraf ərazilərin (meşələrin, əkin, örüş, otlaq sahələrinin) su altında qalmasına səbəb olur. Halbuki bu bəndlərin möhkəmləndirilməsi üçün hər il büdcədən külli miqdarda vəsait ayrılır. “AZE” MMC-nin torpaqsovuran qurğuları Araz çayının Imişi şəhərindən keçən hissəsində qayaların dibini oyur və get-gedə çay şəhərə sarı yan almaqdadır. Rayonun Qaragüvəndikli kəndində isə əsil ekoloji fəlakət yaranıb – qum-çınqıl məhsulları çıxarılarkən 20 hektardan artıq ərazini əhatə edən otlaq sahəsi qazıq-qazıq edilib və orada süni göl yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi idarəsinin ətraf mühitin monitorinqi sektorunun müdiri Əli Qarayev bildirir ki, təbiətə zərər vuranlar 298 min manat cərimələnib. Amma torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmağına milyonlarla manat vəsait, üstəlik otlaq sahələrindəki bitki örtüyünün bərpasına on illər tələb olunur. Rayonun Qaradonlu, Şahverdili, Xubyarlı və Çaxırlı kəndlərində dövlət və bələdiyyə fonduna, eləcə də ayrı-ayrı fermerlərin mülkiyyətinə aid olan kənd təsərrüfatı torpaqlarında “dəfinə” aşkarlandığından, işbazlar ondan təyinatından kənar istifadə edir.
Tədqiqatçı-mühəndis Əlövsət Amadi hesab edir ki, karyer göllərinin çoxalmağı və sahələrinin genişlənməyi ətraf ərazilərdəki məhsuldar torpaqları da sıradan çıxarır. Son illər rayon ərazisində qrunt sularının səviyyəsi xeyli yüksəlib ki, mütəxəssis bu məsələdə də karxanaların “əməyi” olduğunu qeyd edir: “Yatağın istismarından sonra göllərdəki suyun suvarma, texniki məqsədlərlə istifadəsi və ya müvafiq axın vasitələrinə ixracı, gölün qurudulması və rekultivasiyası nəzərdə tutulmalıdır. Ballast suları mövcud ”Su bolluğu” ekoloji problemini daha da dərinləşdirir, daşqın, sel, epidemiya risqini artırır”. Qeyd edək ki, 2010-cu ilin yazında intensiv yağan yağışlar, Kür və Araz çaylarındakı bolsululuq nəticəsində bölgədə təbii fəlakət yaşanıb, onun nəticələri hələ də tam aradan qaldırılmayıb.

Ağ yel qara qum gətirir

Imişlini yayı quraq keçən, mülayim isti, yarımsəhra və quru çöl iqlimi müşayət edir. Yayın cırcıramasında burada “ağ yel” (isti və quru külək) əsir və onun gətirdiyi toz bitkilərə zərər vurur, nəticədə səhralaşma prosesi güclənir. Pozulmuş səhra təbiəti get-gedə sərhədini genişləndirir və qonşu sahələri də öz cənginə alır. Hələ 50 il əvvəl alimlər bu barədə həyəcan təbili çalıb və yelin fəsadlarından qorunmaq üçün tarlaqoruyucu meşələr salmağı, yaşıllıq sahələrini artırmağı tövsiyə ediblər. Amma Araz çayının bu rayondan keçən hissəsində vaxtilə mövcud olmuş meşələr yalınlaşıb, düzəngaha çevrilib. Bəzi işbazlar meşə sahələrində qum yatağı aşkarlayaraq, oradakı ağacları və yaşıllıq örtüyünü məhv edir, məhsulu maşınlarla öz düşərgələrinə daşıyır, burada ələkdən keçirib satışa çıxarırlar.
Imişli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zakir Abbasov bildirdi ki, adıçəkilən qurum tərəfindən karyer gölləri üzərində laborator nəzarət yoxdur, burada delarvasiya işi aparılmır. Son iki ildə Imişlidə maliyariyaya yoluxma faktı qeydə alınmayıb. Lakin bölgədə durğun su mənbələrinin çoxalması əhalidə ciddi narahatlıq doğurur. Malyariya parazitinin keçiricisi olan Anopheles cinsindən olan ağcaqanadların çoxalması üçün belə mənbələr münbit şərait yaradır. Nəzərə alınmalıdır ki, 2005-ci ildə Avropa regionu ölkələrində “Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli” deklorasiyasına qoşulan Azərbaycan hökuməti, Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə malyariyanın eliminasiyası üzrə milli strategiya və tədbirlər planı (2008-2013-cü illər üzrə) qəbul edib.
Qanunvericikdə faydalı qazıntılar şıxarılan ərazidə yaşayan əhali üçün sosial tədbirlərin keçirilməsinə dair tələblər var. Lakin təbii resurslardan istifadə zamanı insan mənafeyi və toplumun haqları arxa planda qalır. Ayağının altından tikinti materialları müftə daşınan insanların bir çoxu hələ də qarğıdan, qamışdan, torpaq doldurmadan tikilmiş, elementar sanitar normalara cavab verməyən evlərdə yaşayır, yağıntılı günlərdə kənd yollarında palçıq dizə çıxır. Ağır texnikaların uğultusu, qamışlıq və bataqlıqlarda qurbağaların  səs-səsə verməyi, ağcaqanadların həyətlərə, evlərə daraşıb sancması insanlarınəsəblərini tarıma çəkir. Örüş-otlaq sahələrisıradan çıxandan sonra əhali mal-qara saxlamağa çətinlik çəkir.
Bu yazdıqlarımız yeraltı talanın gətirdiyi yerüstü fəlakətlərin bir qismidir. Əslində onun miqyası daha genişdir. Məsələn, oğurluq mal ekspertizadan keçmədiyindən, istifadə edildiyi tikinti obyektlərini də risq altında qoyur. Onun gətirə biləcəyi fəsadlar barədə düşünən yoxdur. Hələlik işlər “Malın mal olunca, bazarın bazar olsun” prinsipi ilə gedir…

Azər Əli