Gülər Əhmədovanın “hakimiyyətə son xidməti” ilə bağlı fikirlərimizi elə ötən yazımızda bildirmişdik. Amerika-zad kəşf etmək niyyətində deyildik – reallıqlara əsaslanmışdıq, çünki şərə xidmət edən, diktatorun dəyənəyi funksiyasını yerinə yetirmək ləyaqətini özünə sığışdıran insanların taleyi belədir: ifşa olunduqları andaca şərin özünüqoruma instinktinə qurban getməli və tirana son xidmətini göstərməlidirlər.
Artıq “eks”ə çevrilən bu xanım millət vəkili də qurbangaha hazırlanır: bütpərəstlər ölkəsinə çevirdikləri Azərbaycanda millətin zağ-zağ əsdiyi bütlərdən birinin qəzəbini soyutmaq üçün “qayınana” qurban verilməli və hakimiyyət “seçki korrupsiyasına” bulaşmadığını nümayiş etdirmək üçün deməyə söz tapmalıdır…
Proses düşündüyümüzdən və proqnozlaşdırdığımızdan sürətli gedir: iki gün əvvəl hakimiyyətyönlülər “istintaqı gözləyirdilər”, əlahəzrətin ağzına gözlərini dikmişdilər; dünən Zakir Qaralov cinayət işinin başlanmasına göstəriş verdi, YAP icra katibi Əli Əhmədov “Gülər Əhmədova Milli Məclisdə YAP-ı təmsil edə bilməz” dedi; sabah…
Yox, sabaha qoymadılar qala: iş günü bitdikdən sonra Milli Məclisdən açıqlama yayıldı və Gülər Əhmədovanın mandatdan imtinaya məcbur edildiyi rəsmən təsdiqləndi…
Göz yaşlarına ümid etməyə dəyməz: Türkiyədən, Avropadan üzü belə “qayınana-rektor” videoyazısı müzakirə mövzusudursa, parlament seçkilərinin saxtalaşdırılması və deputat yerlərinin auksiona çıxarılması fakt olaraq beynəlxalq aləmin gözü qarşısındadırsa, hansı bağışlanmadan söhbət gedər ki, hakimiyyətin özünün legitimliyi sual altına düşür!..
Deyəcəklərim isə başqadır: Gürcüstandakı “yeddisi təzəcə çıxan” olaylar yadınızdamı? Həbsxanadakı zorakılığı əks etdirən bir videofakt iki nazirin istefaya getməsinə, prezident Saakaşvilinin xalqın qarşısına çıxıb, dönə-dönə üzr istəməsinə səbəb oldu.
Bizdə də Gülər Əhmədova istefaya məcbur edildi – aradan 3 gün keçəndən sonra; amma Ilham Əliyevdən hələ xəbər yoxdur. YAP-ın sədri Ilham Əliyev YAP Siyasi Şurasının üzvü Gülər Əhmədovanın “dələduzluğuna” görə xalqdan üzr istəməyi ağlının ucundan belə keçirmir.
Bəs, qalmaqallı videoda adı hallanan Ramiz Mehdiyev? O, niyə açıqlama vermir? Axı, Allah qoymasa, R.Mehdiyev həm də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədridir…
Allah, böyüklüyün xatirinə, Gülər Əhmədovaya şəfa ver!
Gülər xanım ala sabah, “Sevinin, insult keçirdim”, – deyə sosial şəbəkədəki profilində status yazıb. Kimdir sevinən?
Bir Allah şahiddir ki, bizlər fırıldaqçıların, minsifətli yaramazların, rüşvətxor haramzadaların, ölkədə allahsızlıq toxumu səpən mürtədlərin, dostunu, qardaşını pula qurban verən şərəfsizlərin, haqqı nahaqqa satıb, “zəmanənin damarını tutan” yalaqların, özündən yuxarıların qarşısında dizi, aşağıların qarşısında yumruğu qabar olan nakişilərin, böhtanı, şəri icra etmək, haqqı qandallamaq üçün əldən-ayaqdan gedən, şərin çiçəklənməsinə şərait yaradan Iblis qullarının… dünyasını dəyişməsini qətiyyən istəmirik. Onlar mütləq yaşamalıdırlar – şərəfsizlik toxumu əkdikləri və talayıb-dağıtdıqları Azərbaycanda Xeyirin qələbə çaldığını, Haqqın böyüdüyünü, allahsızlıqların aradan qalxdığını və… Allahın varlığını görmək üçün; Gözü çıxmış qardaşlarından – Əli Insanovdan, Fərhad Əliyevdən… – ibrət almadan haram yeyən, xalqın haqqını tirana yedirən qul və kölələr hördükləri şər və böhtan torunda çabalaya-çabalaya yaşamalıdırlar ki, bu xalqın Azadlıq arzusunu boğa bilmədiklərinə şahid olsunlar!

“Qayınana” cinayət başında “insulta” yaxalandı
•