“Toyuq hininə tülkü buraxmaq…”

Dörd-beş ay bundan əvvəl Almaniyanın “Der Tagespiegel” qəzeti futbol dünyasını bir-birinə qatan bir rüşvət qalmaqalı haqqında “toyuq hininə tülkü buraxmaq” ifadəsini işlətmişdi. Indi Azərbaycanın gündəmi də təxminən o vəziyyətdədir.
Elşad Abdullayevin mətbuata ötürdüyü video hakimiyyət “hinində” toz-duman qoparıb. Bu çaxnaşmada kim boğulacaq, kim aradan sağ-salamat çıxacaq, yaxın zamanda görəcəyik. Amma məsələ bunda da deyil. Məsələ bir ölkənin ən yüksək postlarını tutmuş adamların içində olduğu çirkli işlərin açılıb ortaya tökülməsidir. Adamı istər-istəməz vahimə basır-ölkəni bu adamlar idarə edirsə, vay bizim halımıza!
Bəli, söhbət yuxarıların tərtib etdiyi millət vəkili siyahısına düşmək istəyən şəxsdən bir milyon rüşvət tələb edilməsindən gedir. Şübhəsiz, bir milyon manat böyük puldur. Amma baxır kimlər üçün? Bu, bir nəfəsdə belə nəhəng “şirinlik” alacaq qədər “hünərli” adamlara aid deyil. Yer kürəsi əhalisinin heç yaşadığı ömür boyunca bu qədər pul görmədən dünyasını dəyişən böyük çoxluğuna aiddir. Çünki normal iş şərtlərində ali təhsilli bir şəxsin belə ömründə bu qədər pulu toplamağa gücü çatmaz. Heç böyük şirkətlərdə çalışan yüksək dərəcəli mütəxəssislərin qazandığı maaş da bunca sərvət sahib olmaq üçün yetərli deyil.
Böyük şirkət demişkən… Əvvəllər çalışdığım belə böyük xarici şirkətlərin birində iş müqaviləsi imzaladığım zaman mənə Davranış Kodeksi adlanan kitabça vermişdilər. Şirkətin qaydalarını öyrənmək üçün o sənədi oxumaq mütləqdir. Həmin kitabçada ən çox diqqətimi çəkən bilirsiniz nə oldu? Rüşvətin ən böyük əxlaqsızlıq kimi qələmə verilməsi və ən ağır cəza yükü daşıması. Məntiqi baxımdan nə qədər doğrudur, deyilmi? Amma sonradan öyrəndim ki, bizimkilərdən bəziləri şirkətdəki yüksək maaş, sığorta və başqa əlavə imtiyazlarla kifayətlənməyib dinc oturmurlar. Belə “şirinlik” almağın asan yolunu tapan bir neçə şəxs rəhbərlik tərəfindən cəzalandırılıb, işdən qovulub. Amma məsələ burada bitməyib, Azərbaycan məhkəmələrinə gedib çıxıb. Bizim məhkəmələrlə dil tapan həmin adamlar “haqsızlığa məruz qalmış şəxslər” kimi bəraət alıb, şirkətə geri dönüblər. Rəhbərlik nəinki onları işə bərpa etmək, hətta bu “rüşvətxorlara” təzminat ödəmək zorunda qalıb. Qanunsuzluğun yol açdığı rüşvətin yaratdığı əxlaqsızlıq bax budur!
Normal şərtlərdə bu rəzillikdə adı keçənlər ağır hesab ödəməlidir. Bəlkə kimlərinsə xatirində olar. 2009-cu ildə Cənubi Koreyada böyük bir qalmaqal baş vermişdi. Ölkənin prezidenti Roh Mooh-yun adı böyük məbləğdə rüşvət məsələsinə qarışmışdı. 2002-ci il seçkilərində daha çox gənclərin səsini qazanaraq prezident seçilən Rohun fəaliyyətinin ilk ili başa çatmamış bir iş adamından 6 milyon dolar rüşvət aldığı iddiası ortaya çıxmışdı.
Roh da yerli ayaqqabı istehsalçısı olan bir sahibkarın həyat yoldaşına 1 milyon dollar, qohumlarına da 5 milyon dollar verdiyini etiraf etdi. Amma o bunun rüşvət deyil, sadəcə bir yatırım olduğunu bildirdi. Mətbuat isə məsələni boşuna buraxmadı və hər gün bu rüsvayçılıq haqqında yazdı. Bütün bu gərginliklər və ictima qınaq Rohu sarsdı. Bir gün dostuyla dağda yürüşə çıxmaq adıyla evdən ayrıldı. Bir saat sonra da dağın 30 metr yüksəkliyindən özünü aşağı ataraq intihar etdi…
Hər halda, Roh Mooh-yun müəyyən məqamda 6 milyonluq bu “yatırım”ın insanlara necə mənəvi zərbə vurduğunu anladığı üçün rüsvayçılıdan xilas yolunu intiharda gördü. Bizim məlum videodan sonra da mütləq mənada ciddi şeylər baş verməlidir. Ən azı, cəmiyyəti bu çirkin qalmaqalla üz-üzə qoyan adamların hər biri haqlı cəzasını almalıdır.