Müstəqilliyimizə səs verən millət vəkilləri yeni qurum yaratdı
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında “İstiqlalçı Deputatların Məclisi”nin yaradılması ilə bağlı toplantı keçirilib. İclası açıq elan edən keçmiş deputat Hacıbaba Əzimov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, qanunvericilik bazasının formalaşmasında Müstəqillik Aktını hazırlayan və imza atan insanların əməyi danılmazdır. Əzimovun sözlərinə görə, təsis konfransında iştirak etməyənlər üzrlü səbəbdən gələ bilməyiblər. Buna baxmayaraq, qurumun təsis olunması ilə bağlı sənədi imzalayanlar arasında Arif Hacılı, Vahid Əhmədov, Etibar Məmmədov, Mirmahmud Mirəlioğlu, İxtiyar Şirin və başqaları da var.
Hacıbaba Əzimov son illər istiqlalçı deputatlara qarşı ayrı-seçkilikdən şikayətlənib. Onun sözlərinə görə, son illər istiqlalçı deputatların əməyinin unudulması istiqamətində addımlar atılır. 18 oktyabr müstəqillik gününün təqvimdən qeyri-iş günü kimi çıxarılması da bu istiqamətdə atılan addımlardandır. İclasda çıxış edən istiqlalçı deputatlardan Tahir Kərimli, Firudin Cəlilov, Sülhəddin Əkbər, Sabir Rüstəmxanlı, Məryəm Həsənova, İbrahim İbrahimli çıxış edərək, “İstiqlalçı Deputatların Məclisi”nin yaradılmasının əhəmiyyətini vurğulayıblar.
Təsis toplantısında çıxış edən Müsavat başqanı İsa Qəmbər “İstiqlalçı Deputatların Məclisi”nun yaradılmasını alqışladığını və yeni təşkilatın ictimai-siyasi proseslərdə aktivlik göstərəcəyinə inandığını söyləyib. İsa Qəmbər təklif etdi ki, bu qurumun ilk toplantısında Gülər Əhmədova olayı konteksində parlament məsələsi müzakirə olunsun və hakimiyyətə etiraz bildirilsin. İbrahim İbrahimli və Firudin Cəlilov da parlamentin qeyri-legitim olması barədə bəyanat verilməsini vacib saydılar. Qərar səsə qoyularaq qəbul edildi və yeni yaranan qurum G.Əhmədova olayı ilə bağlı parlamentə etiraz bildirildi. Toplantıda qərara alındı ki, “İstiqlalçı Deputatlar Məclisi”nin növbəti yığıncağında məlum hadisəylə bağlı rəsmi sənəd müzakirəyə çıxarılsın və qəbulu üçün səsə qoyulsun.
“İstiqlalçı Deputatlar Məclisi”nin təsis bəyanatında qeyd olunur ki, yeni qurumun yaradılmasında məqsəd xalqımızın ali mənafeyi, ölkədə yaranmış sosial-iqtisadi və siyasi durumdan çıxış yollarını axtarmaq və cəmiyyətə təqdim etməkdir. “İstiqlalçı Deputatlar Məclisi”nin təsis bəyanatında bildirilir ki, yeni yaranan qurum dövlət müstəqilliyinin və dövlət quruluşunun təməl prinsiplərinin qorunub möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, Konstitutsiya Aktına və Konstitutsiyada təsbit olunmuş müddəa və prinsiplərə müvafiq hüquqi-siyasi islahatların keçirilməsi, vətəndaşların sosial-iqtisadi və siyasi hüquq və azadlıqlarının qorunması, ölkədə sosial-iqtisadi tərəqqiyə nail olunması, xalqın taleyüklü problemlərinin həll edilməsi istiqamətində fəaliyyət göstərəcək.
İstiqalçı deputatlar bununla yanaşı parlamentin 2006-cı il 8 dekabr tarixli iclasında 18 Oktyabr müstəqilliyimizin bərpası gününü qeyri-iş günü kimi qəbul edilməsinə etiraz bəyanatı qəbul ediblər. “İstiqlalçı Deputatlar Məclisi” 2006-cı ildə qəbul olunmuş qərarın ləğvini və 18 Oktyabr tarixinin milli bayram kimi təntənəli şəkildə qeyd olunmasına dair çağırış edib.