Təzəxan Mirələmli ailəsini Fransaya göndərmək istəyir

AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli ailə üzvlərinə Fransada siyasi sığınacaq verilməsi üçün bu ölkənin Bakıdakı səfirliyinə müraciət edib. O, sentyabrın 28-də “Media forum” saytına deyib ki, ailə üzvlərinin həyatına təhlükə yaranıb: “Azyaşlı oğlumu, ahıl atamı uzunmüddətli həbsə məhkum ediblər. Ailəmin yerdə qalan üzvlərini qorumaq üçün həyat yoldaşımı və azyaşlı oğlumu Fransaya göndərmək istəyirəm. İki övladım var, hakimiyyət hər ikisini təhsil hüququndan məhrum edib – birini həbs ediblər, digərini isə məktəbdən çıxarıblar. Heç olmasa bir oğlumun orta məktəbdə təhsil almasını istəyirəm. Ona görə də həyat yoldaşımı və oğlumu Fransaya göndərmək istəyirəm”.

Təzəxan Mirələmli bildirib ki, bütün təzyiqlərə baxmayaraq Azərbaycandan getmək niyyətində deyil: “Heç bir halda ölkəni tərk etmək niyyətim yoxdur. Siyasi mövqeyimdən bir addım da geri çəkilmək, siyasi fəaliyyətimə bir an da ara vermək niyyətim yoxdur. Mənə bundan da artıq təzyiq edə bilərlər və bunu gözləyirəm. Amma geri çəkilən deyiləm. Nə qədər qüvvəm var, mübarizə aparacam”.

Cəlilabad rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının təzyiqlərindən qorunmaq üçün ailəsinin Bakıda məskunlaşdığını deyən Təzəxan Mirələmlinin sözlərinə görə, iki ilə yaxındır işsizdir: “2011-ci ilin aprelindən işsizəm. Ali Məhkəmə də işə bərpa olunmaqla bağlı müraciətimə baxdı. Amma işə bərpa etmədilər. İndi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayıram.

Ailəm ağır məhrumiyyətlərlə üzləşib. Evi yaxın dostların, partiya yoldaşlarımın köməyi ilə dolandırıram. Kiçik oğlumun 15 yaşı var. Məcburiyyət qarşısında onun işləməsinə icazə vermişəm. Bir həftədir kafedə ofisiant işləyir, gündə ailəyə 5-6 manat gətirir”.

Təzəxan Mirələmli bildirib ki, hazırda Yeniyetmələrin Tərbiyə Müəssisəsində saxlanan oğlu Vasif Mirələmlinin işindən Ali Məhkəməyə, atası Məhərrəm Mirələmovun işindən isə apellyasiya məhkəməsinə şikayət hazırlayırlar.

Təzəxan Mirələmli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi mitinqdə ağır fiziki xəsarət alaraq xəstəxanada müalicə alıb. Həmin il aprelin 5-də onun məktəbli oğlu Vasif Mirələmov 10-cu sinif şagirdi Cavanşir Həsənlini bıçaqlayıb. Cavanşir Həsənli həlak olub. Təzəxan Mirələmli hesab edir ki, oğlunu məktəbdə təhqir ediblər, atası mitinqdə iştirak etdiyinə görə aşağılayıblar. Təhqirlərdən bezən oğlu isə qətl törədib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Vasif Mirələmovu 8 il müddətinə azadlıqdan məhrum edib.

Təzaxan Mirələmlinin atası Məhərrəm Mirələmov isə bu ay narkotik alveri ittihamı ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.