Mlli Məclisin payız sessiyasının oktyabrın 1-də keçiriləcək iclasında millət vəkili Gülər Əhmədova ilə bağlı videoqalmaqal müzakirə ediləcək. Bu barədə “Modern.az”a parlamentdəki mənbələrdən məlumat daxil olub. Bildirilir ki, plenar iclasda deputatlar son günlər ölkə siyasi həyatında ciddi rezonans doğuran, keçmiş ABU-nin eks-rektoru Elşad Abdullayev tərəfindən yayılan gizli videoçəkilişlə bağlı öz münasibətlərini açıqlayacaqlar.
Məlumatda bildirilir ki, Gülər Əhmədovanın deputat toxunulmazlığı da elə həmin iclasda ləğv ediləcək.
Məlumata görə, ABU-nun keçmiş rektoru tərəfindən yayılmış rüşvətlə bağlı gizli çəkiliş Milli Məclis rəhbərliyi və digər hakimiyyət dairələrində müzakirə edilib. Milli Məclisə keçirilmiş seçkilərin şübhə altına salınmasına yönəlmiş bu kadrlar parlamentin işgüzar imicinə zərbə kimi qiymətləndirilib.
Oktyabrın 1-də keçiriləcək iclasda bir sıra deputatların məsələni pisləyən kəskin çıxışları gözlənilir.
Konstitusiyada deputatın hansı halda mandatdan məhrum edilə bilcəyini və deputat toxunulmazlığının ləğvini göstərən müvafiq maddələr var. Konstitusiyanın 89-cu madddəsinə görə, deputat cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda o, mandatdan məhrum edilir.
Konstitusiyanın 90-cı maddəsində isə göstərilib ki, Milli Məclisin deputatının toxunulmazlığına Baş prokurorun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Lent.az-a açıqlamasında bunu nə təsdiq, nə də təkzib edib. Baş Prokurorluq da bu məsələ ilə bağlı hər hansı şərh verməyib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, YAP hələ ki, bununla bağlı parlamentə müraciət etməyib