guler ahmedova

Gülər Əhmədova mandatdan imtina etdi

guler ahmedovaRüşvət “razborkası” YAP-çı deputatı bitirdi; onu həbs edəcəklərmi?

ABU-nun keçmiş rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə aralarında 1 milyona mandat sövdələşməsinə dair yaydığı videonun siyasi-hüquqi fırtınası güclənib.

Rüşvət videosuna görə cinayət işi açıldı

Dünən qalmaqallı video görüntü ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Iş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilib, müvafiq orqanlara tapşırıqlar göndərilib, zəruri sorğular və əməliyyat tapşırıqları verilib.
Hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

YAP Gülər Əhmədovanı “sildi”

“Yeni Azərbaycan Partiyası, partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsi ilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir”. APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini –  icra katibi Əli Əhmədov səsləndirib.
Ə. Əhmədov qeyd edib ki, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır: “Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir”.
Gülər Əhmədovanın dələduzluq hərəkətlərini qətiyyətlə pisləyən YAP-ın sədr müavini xüsusi vurğulayıb ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri ölkəmizdə həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyil: “Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunur və bundan sonra da ifşa olunacaq. Dələduzların ”yardımı” ilə layiq olmadığı səlahiyyətlərə yiyələnmək istəyənlərin cəhdlərinin boşa çıxması, əslində, məlum videogörüntü qalmaqalının ortaya çıxardığı mühüm reallıqdır”.
Əli Əhmədov qeyd edib ki, videogürüntülərdə əks olunan faktlarla əlaqədar artıq cinayət işi açılıb. Hüquq – mühafizə orqanları öz üzərlərinə düşən zəruri araşdırmaları aparır və inanıram ki, hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcək.

Gülər Əhmədovanın “insult panikası”

“Sevinin, Gülər Əhmədovanı insult vurdu, sevinin”. Bunu dünən G.Əhmədova saat 7 radələrində “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Deputatın köməkçisi Əhməd Şahidov Lent.az-a açıqlamasında bu barədə məlumatlı olmadığını, hələ millət vəkili ilə əlaqə saxlaya bilmədiyini söyləyib.
G.Əhmədovanın qardaşı, teleaparıcı Ilqar Mikayıloğlu isə ANS PRESS-ə açıqlamasında, məlumatı təsdiqləyib. Bildirib ki, gecə saatlarında bacısının vəziyyəti pisləşib: “Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Həkimlərin dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq”.
“Gülər Əhmədovanın yaşadığı ünvandan 28 sentyabra keçən gecə saat 4:45-də, günorta 15: 55-də, axşam 17:17-də çağırış qəbul olunub. Həkim son olaraq 17:57-də mənimlə əlaqə saxlayaraq xəstənin insult keçirmədiyini, sadəcə nevrotik reaksiyası olduğunu bildirib. Bu reaksiya da baş verən hadisə ilə bağlıdır”. Bu sözləri isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bizimyolinfo.com saytına deyib.
M. Həmidov bildirib ki, G.Əhmədovanın vəziyyəti ağır deyil. Həkim xəstənin klinikaya yerləşdirilməsinə ehtiyac görməyib. “Saytların Gülər Əhmədovanın Neftçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumatları yalandır”, – deyə baş həkim bildirib.

Sevinc Babayeva işdən çıxarıldı

G.Əhmədova ilə bağlı qalmaqalda adı keçən M.Ə.Sabir adına şəhər kitabxanasının direktoru Sevinc Babayeva işdən çıxarılıb. Bunu Modern.az-a Bakı Şəhər Mədəniyyət və Turizm Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayev məlumat verib. Onun sözlərinə görə, S. Babayeva artıq bir neçə gündür ki, işə də gəlmirdi: “O məlum videogörüntünün yayılmasından sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilir.
Bizimlə müqaviləsi oktyabrın ortalarına qədər idi. O öz işində nöqsanlar buraxdığı üçün biz müqavilənin vaxtını uzatmadıq. Əslində müqaviləyə görə, o, iş başında olmalı idi, artıq işə gəlmir”.

Deputat mandatdan imtina etdi

Axşam saatlarında isə G.Əhmədovanın deputat mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət etdiyi barədə məlumat yayılıb. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu “Media forum” saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, G.Əhmədova ərizəsində son günlər yayılan videonu əsas gətirərək deputatlığına xitam verilməsini istəyib.
Milli Məclis ərizəyə oktyabrın 1-də keçiriləcək plenar iclasda baxacaq.

Gülər Əhmədova ilə bağlı yayılan rəsmi məlumat

“Sentyabrın 28-də parlamentin deputatı Gülər Əhmədova Milli Məclisin sədri Oqtay Əsədova məktubla müraciət etmişdir. Müraciətdə bildirilir ki, sentyabrın 25-də bir sıra kütləvi informasiya vasitələrində  Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən guya deputat seçilməsi üçün Gülər Əhmədovaya külli miqdarda pul verməsi barədə video-görüntülər yayımlanmışdır. Bu hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Deputat hesab edir ki, istintaq orqanı bu məsələni araşdıraraq obyektiv həqiqəti və günahkar şəxsləri üzə çıxaracaq. Bununla belə, KIV-də yayılmış məlumat ictimaiyyət arasında rezonans yaratmış, bəzi dairələrdə müzakirələrə səbəb olmuşdur. Destruktiv qüvvələr bu məsələdən bəhrələnərək demokratik və şəffaf seçkilər əsasında formalaşmış Milli Məclisin legitimliyini şübhə altına almağa çalışmışlar.
Məktub müəllifi qeyd edir ki, o, istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyətindədir. Bu məqsədlə o, belə hesab edir ki, bundan sonra Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə bilər. Maraqlı qüvvələr isə bundan istifadə edib işin obyektiv araşdırılmasına kölgə salmağa cəhdlər edəcəklər.  Buna görə Gülər Əhmədova məktubda ölkə Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə istinad edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından imtina etdiyini və bu haqda qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini xahiş etmişdir.
Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar  deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilmişdir”.

PA-dan Gülər Əhmədovaya “könüllü get” tələbi

G.Əhmədova sentyabrın 27-i axşam Prezident Administrasiyasına çağırılıb və yüksək səviyyəli məmurlarla görüşdə ondan ölkə rəhbərliyi adından tələb olunub ki, deputat mandatından könüllü imtina edib istefaya getsin. Lakin G.Əhmədova bundan imtina edib və qarşı tərəfi xüsusən də Əvəz Zeynallı işi ilə bağlı gerçəkləri açıb deyəcəyi ilə hədələyib. Bu xəbəri “haqqin.az” saytı adını açıqlamadığı məlumatlı mənbəyə istinadla yayıb. Xəbərdə deyilir ki, məhz xanım deputatın belə inadkar mövqeyi və könüllü istefaya getməkdən imtina edərək, hədə-qorxuya keçməsi hakimiyyət olimpində sonrakı sərt addımlara gətirib çıxaran qəzəbə səbəb olub.
Saytın yazdığına görə, olayla bağlı cinayət işinin açılması, YAP-ın isə G.Əhmədovadan imtina etməsi, eləcə də onun mandatdan məhrum ediləcəyi haqda məlumatların yayılması xanım deputatı “qarmaq”da saxlamağa hesablanıb.

“Bu dövlət rəhbərliyinin iştirakı ilə siyasi korrupsiyadır”

AXCP sədri Əli Kərimli G.Əhmədovanın olduğu rüşvət videosu ilə cinayət iş başlanmasına münasibət bildirib. “Yeni Müsavat” qəzetinə müsahibəsində Ə.Kərimli deyib ki, olaydan dolayı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işinin başlanması cinayət əməlinin səhv tövsif olunduğunu göstərir: “Başa düşüblər ki, cinayəti gizlətmək mümkün olmayacaq, cəmiyyətin təpkisini də nəzərə alıb cinayət işi başlayıblar. Amma bu maddə ilə cinayət işinin başlanması düzgün tövsif deyil. Burada birbaşa rüşvət almadan söhbət gedir. Buna görə də 178.3.2-ci maddə ilə yanaşı rüşvət alma maddəsi ilə də cinayət işi başlanmalı idi. Videoda 500 min manat rüşvətin alınması təsdiq olunur və orada əlavə 500 min manat rüşvətin alınmasından söhbət gedir. Məqsəd dələduzluq maddəsi ilə cinayət işini lokallaşdırmaqdır”.
Ə.Kərimli G.Əhmədovanın deputat toxunulmazlığının götürüləcəyini də istisna etmədi: “Əlbəttə onun deputat toxunulmazlığı götürülə, cinayət məsuliyyəti də yarana bilər. Amma əvvəldən güman olunurdu ki, hakimiyyət çalışacaq ki, prosesi lokallaşdırsın. Çünki bu cinayəti gizlətmək artıq mümkün deyil. Indi prosesi lokallaşdırıb dövlət rəhbərliyini prosesdən kənarda saxlamağa çalışırlar. Tövsif məsələsində atılan addım da məhz buna xidmət edir. Istəyirlər ki, rüşvətin ötürüldüyü yuxarı instansiyalar məsuliyyətdən uzaqlaşdırılsın. Bu olayın genis siyasi mənası arxa plana keçirilsin. Çünki bu olayda bütövlükdə söhbət dələduzluqdan yox, rüşvət alma, həmin rüşvəti özündə yuxarı instansiyalara ötürməklə ölkə parlamentinin formalaşmasından gedir. Bu dövlət rəhbərliyinin iştirakı ilə siyasi korrupsiyadır. Ona görə də tövsifdə bilərəkdən yanlışlığa yol veriblər ki, prosesi yalnız Gülər Əhmədova ilə yekunlaşdırsınlar. Təbii ki, biz buna imkan verməyəcəyik”.

Gülər Əhmədovanın müraciətinin mətni dəyişdirilib?

“Hadisəylə bağlı Bakı Şəhər Prokurorluğunun açdığı cinayət işi əslində baş verənlərin Gülər Əhmədova ilə kifayətlənməsinə hesablanıb”. Bu sözləri isə “Azadlıq”a tanınmış vəkil Aslan Ismayılov gündəmin mövzusu olan rüşvət videosu ilə cinayət işi başlanmasına münasibət bildirərkən deyib.  Aslan Ismayılov əlavə edib ki, hakimiyyət bu işdə Gülər Əhmədovaya dələduzluq ittihamı irəli sürməklə hadisəni ört-basdır etməyi planlaşdırır. “Cəmiyyət ayıq-sayıq olmalıdır”,- deyə vəkil vurğulayıb.
Aslan Ismayılov G.Əhmədovanın deputat mandatından imtina etməsilə bağlı müraciətinə də münasibətini açıqlayıb. Vəkilin sözlərinə görə, müraciətin mətni dəyişdirilib: “Inanmıram ki, Gülər Əhmədova bu işdə tək qurbanlıq olmasını qəbul etsin. O, müraciətdə başqa adamların da adını açıqlayıb. Tələb edirəm ki, bir müxalifətçinin adi əfv ərizəsini dəfərlərlə yayımlayan hökumət Gülər Əhmədovanın məlum müraciətinin də mətnini yaysın”.