Sabir Rüstəmxanlı Nizami Cəfərova yazı ilə cavab verəcək

“Bu dərəcədə ədalətsiz olacağını təsəvvür etmirdim”

Bugünlərdə “Azadlıq” radiosuna qonaq olan dilçi alim, parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov maraqlı bir açıqlama verib. N.Cəfərov orta məktəb dərsliklərinə Sabir Rüstəmxanlıdan çox Zəlimxan Yaqubun salınmasına tərəfdar olduğunu deyib.
Fikrini isə belə əsaslandırıb ki, əsərin normal dili olmalıdır ki, orta məktəb uşağı çaşmasın: “Mən Sabir Rüstəmxanlıdan çox Zəlimxan Yaqubun orta məktəb dərsliklərinə salınmasının tərəfdarıyam. Niyə? Çünki millətin, xalqın dilidir”.
Məsələ ilə bağlı S.Rüstəmxanı ilə əlaqə yarada bilmədiyimiz üçün onun rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətinin rəhbəri Anar Niftəliyevə müraciət etdik. A.Niftəliyev bildirdi ki, N.Cəfərov olduqca ədalətsiz mövqe nümayiş etdirib: “Bu, Azərbaycan hakimiyyətinin Nizami Cəfərovun dili ilə göstərdiyi münasibətdir. Nizami Cəfərov mənim müəllimim olub və xətrini də çox istəyirəm. Amma Nizami müəllimin bu dərəcədə ədalətsizlik edəcəyini düşünmürdüm. Mənə elə gəlir ki, Nizami müəllim artıq elm və ədəbiyyatla məşğul olmur. Uzun müddətdir ki, dil normalarını, ədəbi normaları yaddan çıxarıb. O ancaq hakimiyyətin siyasi iradəsini ədəbiyyatda icra etməklə məşğuldur”.
A.Niftəliyev onu da bildirdi ki, məsələyə S.Rüstəmxanlı da münasibət bildirəcək və Nizami Cəfərova müəllif yazısı ilə cavab verəcək.