Qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları İmişlinin bəlasına çevrilib
Vergidən yayınmaq üçün real istehsal göstəriciləri gizlədilir, gizli iqtisadiyyat ətrafında geniş korrupsiya şəbəkəsi formalaşıb
Məşhur xalq mahnısında deyilir: “Evləri var xana-xana…”. Bu məmləkət başdan-başa xana-xana olub. Dənizi, çayı, gölü, meşəsi, dağı, düzü, şəhəri, kəndi, torpağının altı, üstü… bir sözlə, harada gözə görünən, ələ gələn qiymətli nə varsa, talan obyektinə çevrilib.
Əvvəllər zülm-zillətlə, min bir çətinliklə dolanan insanlar şikayətlənərdi: “Çörəyim daşdan çıxır”. Artıq zaman dəyişib, “bu dünyanın göyərməyən qara daşı” da qiymətə minib. Ölkənin digər təbii sərvətləri kimi, qeyri-filiz yataqlarının da istismarı yoxsul icmaların həyatını yaxşılığa doğru dəyişməyib, əksinə, onlara sosial-iqtisadi, ekoloci problemlər yaradıb. Imişli rayonu ərazisində yerli əhəmiyyətli tikinti materialları olan qum və çınqıl məhsullarının istehsalı, emalı və satışı, bu fəaliyyətin bölgənin iqtisadiyyatına, əhalinin sağlamlığına və rifah halına, ətraf mühitə təsirləri ilə bağlı araşdırma apararkən bunun bir daha şahidi oldum.
Sərvəti İmişliyə Araz daşıyır
Imişli rayonu Kür-Araz ovalığı, Mil düzünün şimalı və Muğan düzündə yerləşməklə qərbdən Iranla həmsərhəddir. Rayonun şimal sərhədi boyunca Kür, mərkəzi hissəsindən isə Araz çayı axır. Relyefi düzənlik, okean səviyyəsindən aşağı olduğundan, bolsululuq dövründə Araz çayı yatağını tez-tez dəyişib. 1958-ci ildə Bəhrəmtəpə hidroqovşağının istismara verilməsi ilə Araz indiki məcrasına salınıb, mənbəyini buradan götürən Baş Muğan, Əzizbəyov və Rəsularx kanalları çəkilib. Kiçik Qafqazı aşındıran güclü sel axınları Araz çayının keçib getdiyi yerlərdə, eləcə də onun qolları boyu düzənliklərdə qədim və erkən çınqıl yataqlarının yaranmasına səbəb olub. Bu ərazidə vulkanik mənşəli çınqıl yığınları, aşağı çöküntü süxurlarından ibarət vulkanik və metamorfik materiallar üstünlük təşkil edir.
“Bəhrəmtəpə-1″ yatağının istismarına 60-cı illərin əvvəllərindən başanılıb. Imişlidə çıxan ”Qızıl ulduz” qəzetinin 27 aprel 1976-cı il tarixli sayında dərc edilən məqlədə göstərilir ki, karxana 5 il ərzində 1,6 mln kub. m. (təkcə 1975-ci ildə 2,254 mln. manatlıq) material istehsal edib, 100-ə yaxın tikinti təşkilatına 6 növ məhsul göndərib. Geologiya Institutunun uzunmüddətli axtarışlarından sonra 1975-ci ildə keçmiş Kalinin adına kolxozun ərazisinə daxil olan 117 ha sahədə 20 milyon kub metr həcmdə yeni yataq aşkarlanıb və “Azərmeliorasiyasutiknti” baş idarəsinə Bəhrəmtəpə qum-çınqıl karxanası, beton məmulatı zavodu və digər mədəni-məişət binalarının tikintisi üçün 11,5 ha sahə ayrılıb. Bununla da “Bəhrəmtəpə-2″ qum-çınqıl karxanası, dəmir-beton zavodu işə düşüb.
Imişlidə istehsal olunan məhsullar yüksək keyfiyyətli olduğundan, sovetlər dönəmində Rusiya şəhərlərinə belə daşınıb, Baykal-Amur Magistralının tikintisində, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında və s.məqsədlərlə istifadə ounub.
Gizli iqtisadiyyat və saxta statistika
Statistik məlumata görə, 2011-ci ildə Imişli rayonu üzrə 186,4 min ton tikinti qumu, 470,3 min ton çınqıl xammalı istehsal edilib. Bu ilin birinci yarısında isə hasilatın müvafiq olaraq 111,9 və 156,9 min ton olduğu açıqlanıb. Lakin müstəqil ekspertlər bu göstəricilərin reallıqdan dəfələrlə az olduğunu bildirirlər. Məhsulların böyük hissəsi qanunsuz yolla, yəni bu fəaliyyətlə məşğul olmağa müvafiq icazəsi olmayan hüquqi və fiziki şəxslər tərəfindən istehsal və emal olunaraq satılıb. Hətta yerin təkindən istifadəyə razılıq verilən və uzun illərdən bəri bu sahədə ixtisaslaşan müəssisələr belə vergidən yayınmaq üçün istehsalın böyük həcmini gizlədirlər.
Məhsulların bir hissəsi Bakı şəhərinə və respublikanın digər yaşayış məntəqələrinə dəmir yolu ilə daşınır. Bəhrəmtəpə qəsəbəsi, Çaxırlı və Şahverdili kəndlərindəki karxanaların istehsal etdiyi tikinti qumu vaqonlara yüklənərək, Vətəgə stansiyasına gətirilir (bu məqsədlə adıçəkilən məntəqələri birləşdirən dəmir yolu xətti mövcuddur) və buradan alıcı təşkilatın ünvanına yola salınır, Imişli stansiyasının yaxınlığında isə yükləmə məntəqəsi yaradılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2011-ci ildə bu 2 stansiyadan daşınmış tikinti qumu ilə bağlı onlara ünvanladığım sorğunu cavablandırmadı. Bununla belə, Imişli stansiyasının rəisi cənab Nizami Məmmədov bildirdi ki, Imişlidən orta hesabla bir gündə 2 min ton qum daşınır. Əgər belədirsə, yalnız Imişli stansiyasından ildə təxminən 730 min ton qum yola salınır ki, bu, istehsal edilən ümumi məhsulla bağlı statistik göstəricidən 4 dəfə çoxdur. Lakin tikinti materiallarının çox hissəsi avtomobillərlə daşınır. Rayona tikinti daşları daşıyan “Kamaz”lar gedən başdan səmərəli istifadə üçün Imişli-Bakı arasındakı yaşayış məntəqələrinə qum və çınqıl aparırlar. Məhsulların bir hissəsini isə yerli müəssisələr və əhali alır.
Yerli əhəmiyyətli avtomobil yollarının mütəmadi olaraq bərpası çınqılla ödənilir. Yol-istismar idarələri və əksər bələdiyyələr bu çay daşlarından hesablarındakı pulu silmək üçün vasitə kimi istifadə etsələr də, hər halda, həmin vəsaitin müəyyən hissəsi həqiqətən daşa çevrilib yola tökülür. Ötən il dövlət büdcəsindən ayrılmış 4 milyon manata yaxın büdcə vəsaiti ilə Imişli-Mirili, Saatlı-Musalı-Məzrəli və Imişli-Kürdəmir avtomobil yolları yenidən qurulub ki, bu işlərə ən azı 1 milyon ton qum-çınqıl istifadə edildiyi bildirilir. Hacıqabul-Horadiz avtomobil yolunun çəkilişinə təxminən 1,5 milyon ton qum-çınqıl tələb olunur ki, onun əsas hissəsi 2011-ci ildə Imişli rayonunun Qaragüvəndikli kəndindən daşınıb. Qalan məhsulu isə “Qara qum” holdinqin karxanası hazırda Qaradonlu kəndindəki örüş sahəsindən “üyüdür”.
Bölgədə yaşanmış təbii fəlakətlə bağlı ötən il Imişlidə minədək yaşayış evi, təhsil, səhiyyə, mədəniyyət obyekti, poçt binası tikilib və ya əsaslı təmir edilib. “Fövqəltikintilər” Kürdəmir, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında da aparılıb və onların tikinti qumu və çınqıl xammalı ilə təchizatını əsasən Imişlidəki karxanalar ödəyib. Bu sıraya “Azərsunholdinq”in Imişli və Biləsuvar rayonlarında tikilən nəhəng müəssisələrini, Imişlidə inşa edilən “Olimpiya” idman komleksini, “Heydər parkı”nın yenidən qurulmasını, ötən il Imişli və ona yaxın olan rayonlarda tikilən, yaxud təmir edilən çoxsaylı sosial və kommersiya obyektlərini də əlavə etsək, istifadə edilmiş tikinti materiallarının həcminin nə qədər böyük olduğunu təsəvvür etmək çətin olmaz.
Korrupsiya şəbəkəsi
Iş adamı Ramiz Hümbətov bildirir ki, vaxtilə “Azərsutikinti” Dövlət Konserninin tabeliyində Bəhrəmtəpə qum-çınqıl zavodu fəaliyyət göstərib: “2001-ci ildə keçmiş Dövlət Əmlak Komitəsinin qərarı ilə sözügedən zavodun bazasında ”Bəhrəmtəpə Tikinti Materialları” ASC yaradılıb. Müəssisə özəlləşdiriləndən sonra onun sədri Nakim Şərifov öz adına “Tural-Ş” kiçik müəssisəsi təsis edib. 10 ildir ki, birinci müəssisənin fəaliyyətsiz olmağı barədə yalançı hesabatlar verir. Əslində isə həmin müəssisənin texnika və avadanlıqlarından, habelə sənaye ehtiyatı olan torpaq sahəsindən öz şəxsi məqsədləri üçün istifadə edir. Bu qanunsuzluqla bağlı müraciət etdiyimiz məhkəmələr də gizli iqtisadiyyatın çirkli pulları qarşılığında onun xeyrinə qərar çıxarıb”.
Yeraltı talan özüylə zəncirvari korrupsiya şəbəkəsi yaradıb. Gizli iqtisadiyyatın qeyri-qanuni gəlirlərindən bələdiyyə sədrlərindən tutmuş mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinədək hər kəsə pay çatır. Nəticədə ortaya qanunsuz sərəncamların verilməsi, faydalı qazıntılardan səmərəsiz, torpaqların təyinatından kənar istifadə olunması, vergidən yayınma, ətraf mühitə zərərli təsir göstərmə və buna göz yumma, sağlam həyat üçün təhlükə yaratma və s. kimi neqativ hallar çıxır. Talançılıq və korrupsiyada “yuxarı”larla əlbirlik bəzi işbazlara öz fəaliyyətlərini genişləndirmək, tikinti tenderlərinin qalibi olmaq, paytaxtda nəhəng “göydələn”lər inşa etmək fürsəti verib.
Məhsullarını dəmir yolu ilə daşıtdıran iş adamları 60 tonluq tutuma malik 1 ədəd yük vaqonuna görə 350 manat ödəyir. Əgər Imişli stansiyasından ildə 730ÿ000 t (12 166 vaqon) qum-çınqıl daşınırsa, qeyri-rəsmi tariflə onun daşınma xərci 4,26 mln. manat edir. Mal oğurluq olduğundan, çox güman ki, tikinti materiallarının daşınması sənədləşdirilmir və pullar şəxsi ciblərə axır. Karxanalarda elektrik enerjisindən sayğacdankənar istifadə hallarına yol verilir ki, sonralar itən enerjininin dəyəri ağlasığmaz məbləğdə cərimələnən sadə adamların “belinə” yazılır.
Vergi Məcəlləsinə görə, yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisi bələdiyyə büdcəsinə ödənilməlidir. Maliyyə Nazirliyinin açıqlamasına görə, 2011-ci ildə respublika üzrə bələdiyyələr ümumilikdə 446 min manat mədən vergisi toplaya bilib. Halbuki Imişlinin ayrıca götürülən 1 kənd bələdiyyəsi ümumrespublika göstəricisini üstələmək iqtidarında olub. Əgər istehsal edilən məhsul tam həcmdə vergiyə cəlb edilsəydi, Imişlidəki bəzi bələdiyyələrin hesabına ildə yüz minlərlə manat vəsait daxil olardı ki, bu da yerli özünüidarə orqanlarının və onların ərazisində yaşayan insanların vəziyyətini xeyli yaxşılaşdırardı. Bəhrəmtəpə bələdiyyəsi bildirir ki, qəsəbə ərazisində qum-çınqıl istehsal edən müəssisələrdən nə ötən il, nə də bu ilin birinci yarısında 1 qəpik də olsun vergi toplamaq mümkün olub. Yazılı formada sorğu göndərdiyim Imişli, Məzrəli və Qaradonlu bələdiyyələri müraciətlərimi cavablandırmadı, bununla bağlı Insan Hüquqları üzrə Müvəkkilin də tövsiyələri qulaqardına vuruldu.
Qeyri-filiz istehsalı ilə leqal məşğul olan bəzi müəssisələr, nə qədər qəribə osa da, sadələşdirilmiş vergi ödəyiciləridir. Əksər karxanalarda işçilər qeyri-rəsmi qaydada işə götürülür. Işəgötürənlə müqaviləsi olmadığından, əmək hüquqları pozulanlar heç bir yerə şikayət edə bilmir. Xüsusilə istehsalat qəzası nəticəsində sağlamlığını itirənlərin sosial müdafiədən kənarda qalması narahatlıq doğurur. Demək olar k, bütün müəssisələrdə ikili mühasibatlıq mövcuddur – faktiki olaraq 300-500 manat əmək haqqı alanlar, adlarına minimum əmək haqqı məbləğində maaş yazılan cədvəlləri imzalayırlar.
davamı növbəti sayımızda
Azər Əli