calal aliyev

Əmisindən İlham Əliyevə ilginc şikayət

calal aliyevCəlal Əliyevin keçmiş biznes ortağı ölkədən niyə gedib?

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin keçmiş dekanı, dövlət başçısının əmisi və deputat Cəlal Əliyevlə biznes ortağı olmuş Sədiyar Zeynalov İlham Əliyevə açıq məktub ünvanlayıb.
Sabiq dekan ölkə başçısına göndərdiyi məktubda Cəlal Əliyevdən şikayətlənib. Sədiyar Zeynalov yazır ki, Cəlal Əliyevlə münasibətlərinin korlanmasının səbəblərindən biri də keçmiş şərikinin Ilham Əliyevin nüfuzuna xələl gətirəcək addımlarına qoşulmaması olub.

“Mən və ailəm 2007-ci ilin oktyabrından etibarən Cəlal Əliyevin təzyiqlərilə üzləşirik. Bizim münasibətlərin pozulmasına səbəb Cəlal Əliyevin Sizə və ailənizə xələl gətirəcək addımlarına etirazım, bu işlərdə iştirak etməməyim olub. Mənim Cəlal Əliyevin bütün işlərində iştirakla bağlı öhdəçiliyim olmayıb, özümü ona borclu saymıram. Mən şəxsi işlərlə bağlı heç vaxt Cəlal Əliyevə minnətçi düşməmişəm. Dekan işlədiyim vaxt – 1997-ci ildə Cəlal Əliyev mənə biznes ortaqlığı təklif edib”, – deyə Sədiyar Zeynalov yazıb.
Keçmiş dekan məktubunda daha sonra yazır ki, onun və ailə üzvlərinin külli miqdarda pulunu və varidatını Cəlal Əliyev ələ keçirib. Zeynalov Cəlal Əliyevi özünə və ailəsinə qarşı mənəvi terror aparmaqda günahlandırır: “Cəlal Əliyevlə 1997-ci ildə tanış olana qədər əldə etdiyimiz varidat da bizdən alınıb. Düz 5 ildir ki, mən və ailəm Cəlal Əliyev tərəfindən terrora məruz qalırıq. Ona bu işdə Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokurorun birinci müavini Rüstəm Usubov, prokurorluq işçiləri Rizvan Vahabov, Rəşad Miriyev və Natiq Alllahverdiyev aktiv kömək edirlər”.
Cəlal Əliyevin keçmiş biznes ortağı Ilham Əliyevə ünvanladığı açıq məktubda deputatla məhkəmə çəkişmələrinə və çıxarılan qərarlara da toxunub: “Bu illər ərzində mən və həyat yoldaşım sizə onlarla məktub və teleqram göndərmişik. Ancaq hələ ki, sizinə əlaqə yarada bilməmişik. Keçirilən bütün məhkəmə prosesləri qapalı olub. Məhkəmə bizim Cəlal Əliyevə və dövlətə 26 milyon dollar ödəməli olduğumuz barədə qərar çıxarıb. Hətta Cəlal Əliyevi həyatında bir dəfə görmüş həyat yoldaşımın ona 6 milyon dollar ödəməli olduğuna dair qərar verilib”.
Məktubda daha sonra deyilir: “Bu hücumlar qarşısında, ittiham olunduğum maddələr üzrə məni 12 ilədək həbs cəzası gözlədiyini bildiyim üçün mühacirət etməli oldum. Mən öz günahsızlığımı sübut etmək üçün 4 ildən çox səbr etməli oldum. Ancaq bir nəticə əldə edə bilmədim. Mən Cəlal Əliyevdən ”oğurladığım milyonlarla” 3 qaçqın düşərgəsində yaşamalı oldum. Hazırda 12 kvadrat metrlik otaqda yaşayıram və məhkəmə qərarını gözləyirəm. Lüksemburqda da məni rahat buraxmırlar. 2012-ci il sentyabrın 8-də Rəşad Miriyevin başçlığı altında prokuror heyəti buraya gəlib. Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi Respublika Prokurorluğu ilə birgə mənim ekstradisiya olunmağıma çalışır. Qrupun digər üzvləri isə mənim fiziki cəhətdən sıradan çıxarılmağıma çalışırlar. Mənə təhdid məktubları göndərilib və ehtiyatlı olmağım, yaşayış yerimi dəyişməyim tələb olunub. Açığı, Cəlal Əliyevin elədiklərinin həddi-hüdudu yoxdur”.
Sədiyar Zeynalov ittihamlarıyla əlaqədar Cəlal Əliyevin fikirlərini öyrənə bilmədik. Lakin deputatın özünün və ya vəkilinin mövqeyini dərc etməyə hazırıq.

Turan Əli