(Parisdən Azərbaycan düşüncələri)
Fransada heç kim inkişafdan danışmır
Bir həftə ərzində çox sayda görüş və söhbətlərdə bircə dəfə də olsun “Fransanın inkişafı”, yaxud “Fransa inkişaf edir” kəlməsini eşitmədim. “Analoqu olmayan inkişaf” kəlməsi mənə oradan daha iyrənc göründü. Ilk baxışdan adama elə gələ bilər ki, bu, normaldır, sanki inkişaf söhbəti inkişaf etməmiş ölkələr üçün aktualdır. Amma baxırsan ki, burada insanlar başqa anlayışlardan istifadə edirlər. Məsələn, “problemlərin həlli” anlayışından. Həmişə də problemlərdən, onların necə həll edilməsindən danışılır. Hökmən də həll edilməmiş məqamlar xüsusi qeyd edilir. Orada ağlıma gəldi ki, bizdə problem yoxdur, amma inkişaf var. Çünki problemdən heç vaxt söz açılmır, amma hər an inkişafımızdan söhbət gedir. Özümə sual verdim: görəsən problemlər yoxdursa, inkişaf bizə niyə lazımdır?
QHT və media nümayəndələri bir yana qalsın, Fransada hətta məmurlar da yaxşı cəhətləri sakitcə və qısaca xatırladır, problemləri isə geniş və təəssüf hissi ilə şərh edirlər. Məsələn…
“Qətl yoxdur!”
Göründüyü kimi, İçərişəhər metrosunun çıxışı Luvr muzeyindəki piramidadan götürülüb. Bu cür “əxz”lər Parisdə çoxdur.
Bizim həmkarlardan biri Fransa Daxili Işlər Nazirliyinin idarə rəisinin sözünü kəsdi: “Xahiş edirəm, dayanın, necə yəni Fransada qətl yoxdur? Bu nə deməkdir? Belə şey olarmı?”.
Fransadakı kriminal durumdan danışan rəis bundan öncə “Bizim ölkədə qətl yoxdur” cümləsini deyib, başqa cinayətlərdən danışmağa başlamışdı. Amma həmkarımın sualından sonra izah etməyə məcbur oldu. Məlum oldu ki, 65 milyonluq bu ölkədə qəsdlə törədilmiş ölüm hadisəsi yox dərəcəsindədir. Olanların da az qala hamısı ailə-məişət zəminində baş verir.
Amma bu məmur yol qəzalarında baş verən ölümlərin çox olmasını böyük təəssüflə qeyd etdi. Söylədi ki, qəzalar Fransanın əsl faciəsidir və bunu həll etmək üçün yollar axtarırlar. Fransada avtomobil qəzalarında ildə 8 min adam ölür. Azərbaycanda isə bu göstərici ildə təxminən 1000 nəfərdir. Əhali nisbətinə götürəndə vəziyyət çox yaxındır. Amma Fransada hər 1000 nəfərə 570 maşın düşür, Azərbaycanda ən çoxu 100 maşın. Bu mənada orada vəziyyət qat-qat yaxşıdır, amma dövlət məmuru bunu ölkənin faciəsi kimi qeyd edirdi.
Azərbaycanı necə tanıyırlar?
Indi Azərbaycanda “500 min olsaydı” ifadəsi çox məşhurdur. Təbii ki, saxta parlamentimizin üzvü Gülər Əhmədovanın məşhur videosundan sonra. Bu video sanki yaxşı bələd olduğumuz Azərbaycanı bizə yenidən tanıtdı. Fransada isə xalq Azərbaycanı tanımır. Amma bir məqam var bu məsələdə. Rəsmi qurumlarda, ictimai təşkilatlarda, qəzetlərdə ölkəmiz haqda məlumatlı adamlar var. Onlar isə gözəl bilirlər ki, bizim hakimiyyət nə yuvanın quşudur, hansı əməllərin sahiblərdir. Məlum videonu görmədən də təsəvvür edirlər ki, burada deputat mandatı da alınıb-satılır. Bizdən yaxşı tanıyırlar bizimkiləri. Sadəcə soruşandakı niyə belə bir hakimiyyətlə hökumətinizin müəmmalı dostluğu, iş birliyi var, çox yayğın cavab verirlər. Təbii ki, bunu Avropa Birliyinin tədricən dəyişməni nəzərdə tutan qonşuluq və əməkdaşlı siyasəti ilə izah edirlər.
Amma bu zaman rahat hisslər keçirmirlər. Hiss edirsən ki, bunun heç də yaxşı olmadığını qəbul edirlər. Orada ardıcıl fəaliyyət göstərənlər olsa, Azərbaycanın pulları ilə Luvrda şöbə açılması kimi “dostluqlar” böyük qalmaqala çevrilə bilər. Elə həmin günlərdə Ilham Əliyevin Parisə gəlməsi və Luvr muzeyində milyonlar xərclədiyi Islam mədəniyyəti şöbəsinin açılmasında iştirak etməsi bir məşhur TV verilişində sərt tənqidlə qarşılandı. Səfər zamanı mən əmin oldum ki, Fransa bu ayıbını aradan qaldırmağa qadirdir. Fransa mətbuatı heç vaxt bundan qaçmaz. Oranın vətəndaş cəmiyyəti bunun üçün çox şey edər. Bizim qayğılarımız onlara çox uzaqdır, amma yaxşı çalışsaq, yad saymazlar.
Gürcüstana böyük maraq
Görüşlərdə Gürcüstandakı siyasi durumla bağlı qayğıları çox eşitdik. Azərbaycan və Ermənistandakı durum isə sanki yoxdur. Deyəsən bir az diplomatları maraqlandırır. Xüsusən də mediada bu fərq aydın görünür. Hətta erməni lobbisi bu işdə Ermənistana yardım edə bilmir. Azərbaycan “kürü diplomatiyası”, muzeylərə pul xərcləməsi heç kimin vecinə deyil. Amma Gürcüstan barədə düşünənlər var. Hazırda narahatdırlar ki, bu ölkə növbəti seçkilərdən sonra hara üz tutacaq, onu nə gözləyir. Mixail Saakaşvilini Ilham Əliyevdən fərqli bir lider sayırlar, demokratiyaya yaxın siyasətçi kimi qəbul edirlər, çox işlər gördüyünü söyləyirlər, amma ondan da narazıdırlar. Söyləyirlər ki, daha çox iş görə bilərdi, daha demokratik bir cəmiyyət qurmalı idi. Gürcüstanda müxalifətə və narazı fəallara olan təzyiqlərdən çox narazıdırlar.
Mən məəttəl qalmışdım, bizdə vəziyyət daha ağırdır, daha çox təzyiq var. Elə Ermənistanda da. Bəs niyə Gürcüstanla xüsusi maraqlanırlar? “Liberation” qəzetinin əməkdaşı bunu belə izah etdi: “Axı sizdə və Ermənistanda heç nə dəyişmir. Hər şey eyni olaraq qalır. Məsələn, sizdəki seçkiyə maraq göstərməyin mənası nədir? Yenilik olmur ki? Təbii ki, ciddi olaylar baş verdikdə bu barədə xəbərlər yazılır. Amma köklü dəyişiklik yoxdur axı…”.
Bir sözlə, Gürcüstana ümid bəsləyirlər, Azərbaycanı Ilham Əliyevin şahlığı, Ermənistanı isə Rusiyanın koloniyası sayırlar. Demokratiyanın qiyməti budur.